“Xalq bütövlükdə Qarabağ probleminin həllini istəməsə, bunun üçün mübarizə aparmasa, fədakarlıq etməsə...” Layihə

“Xalq bütövlükdə Qarabağ probleminin həllini istəməsə, bunun üçün mübarizə aparmasa, fədakarlıq etməsə...”

Fazil Mustafa: "Qarabağ bizdən daha çox fədakarlıq etməyi sübut etmiş ermənilərin əlində qalacaq"

Ermənistanın vəziyyəti gərgin olaraq qalır. İrəvanın KTMT-dəki uğursuzluğundan sonra bu ölkədə narahatlıqlar daha da artıb. Ölkədəki ağır iqtisadi vəziyyət, qeyri-sabit ictimai siyasi durum və diplomatik uğursuzluqlar ölkəni uçurumun astanasına gətirib. Hazırda İrəvan seçkilərə hazırlaşır. Amma görünən odur ki, seçkilərdən sonra vəziyyət heç də işğalçı ölkənin istədiyi kimi olmayacaq. Ermənistan bütün cəbhələrdə Azərbaycana uduzur ki, bu da Qarabağ probleminin həlli baxımından önəmli tendensiyadır.
Erməni hərbi ekspert Karen Vrtanesyan deyib ki, seçkilərdə qalib gələcəyi təqdirdə Ermənistan baş naziri səlahiyətlərini yerinə yetirən Nikol Paşinyan Azərbaycana əraziləri vermək üçün mandat alacaq.
"Əgər bəzilərinin dediyi kimi, bu sözləri həqiqətən Sasun "ağzından qaçırmış" olsaydı, o, ikinci dəfə də eyni sözləri təkrarlamazdı və Paşinyan onu dəstəkləməzdi. Bu, hərbçi deyil, mülki vətəndaşın dilindən çıxsaydı, mən bunun "ağzından qaçırılmış söz" olduğuna inanardım", - Vrtanesyan bildirib.
Ekspert qeyd edib ki, Nikol Paşinyan Azərbaycan Prezidenti ilə "lift diplomatiyası"nı oynamağı bacardı və buna görə də o, indi rahatlıqla hakimiyyət uğrunda mübarizə aparır. Və bu zaman Ermənistan Silahlı Qüvvələri Naxçıvandakı mövqeləri vurmaqdan tam məhrum oldu və azərbaycanlılar öz mövqelərini möhkəmləndirməyə davam edir.
Vrtanesyan bildirib ki, dünən Nikol Paşinyan seçicilərin reaksiyalarını yoxlamaq üçün "yem atdı":
"Əgər Qarabağ məsələsi tamamilə Paşinyan hakimiyyətinin səlahiyyətlərinə verilsə, onların reaksiyası necə olacaq? Belə görünür ki, onun təklifi alqışlarla qarşılandı. Bir neçə saatdan sonra bu təcrübəni Gümrüdə yoxladılar. Reaksiya eyni oldu".
Qeyd edək ki, Paşinyanın rəhbəri olduğu Mənim Addımım Blokunun üzvü Sasun Mikaelyan aprel inqilabının Qarabağ müharibəsindəki qələbədən yüksək olduğunu bildirib.
İrəvanın Moskva ilə münasibətləri də gərgin olaraq qalır. Xüsusilə KTMT ilə bağlı Moskvadan dəstək görməyən İrəvan təşviş içindədir.
Politoloq Qabil Hüseynli bildirib ki, Rusiyanın Azov dənizində əzələ nümayişi birbaşa İrəvana mesaj idi. O bildirib ki, Moskva Ukraynanın timsalında İrəvana barmaq silkələməklə təkcə Ermənistana xəbərdarlıq etmədi, həm də bundan sonra forpostunu nələrin gözlədiyinin anonsunu verdi: "Ermənistanda baş verən hadisələr məzmun etibarilə antirusiya xarakteri daşıyır. Paşinyan hakimiyyətə gəlməzdən öncə də Rusiya əleyhinə silsilə məqalələrin müəllifi kimi tanınıb. İndi isə onun həbsdən çıxardığı Sasna Çrer terror qruplaşması qısa müddətdə siyasiləşərək parlament seçkilərində iştirak etməyi hədəfləyir. Ən maraqlısı isə odur ki, onlar hazırda da seçkiqabağı təbliğatda antirusiya şüarları səsləndirir və rus bazalarının təcili olaraq ölkədən çıxarılmasını tələb edirlər. Qərb yönümlü Paşinyan hətta məqsədli surətdə bu qruplaşmanı gələcəkdə parlamentə də buraxa bilər. Bütün bunlar Ermənistanda seçkilərin açıq şəkildə antirusiya mahiyyəti üzərində qurulmasından xəbər verir. Burada öncüllüyü Sasna Çrer qruplaşması təşkil etsə də, Paşinyanın partiyasından olan müəyyən namizədlərin Rusiya əleyhinə çıxışları da nəzərdən qaçmır. Təbii ki, Rusiyanın buna səssiz qalacağını düşünmək sadəlövhlük olardı. Rusiyanın Ermənistanda kifayət qədər güclü "5-ci kolon"unun olduğunu nəzərə alsaq, İrəvanın satılması an məsələsidir. Xüsusilə də Rusiyanın Ermənistanda 102-ci briqadası, eləcə də Erebunidəki aviasiya bazasında kifayət qədər QRU-nun əməkdaşlarının işləməsi bu amili daha da gücləndirir. Bu nöqteyi-nəzərdən Moskva Ermənistanda baş alıb gedən antirusiya meyillərini ram etmək üçün artıq çalışmalarını yekunlaşdırmaq üzrədir. Bu özünü daha çox seçkilərdə Paşinyanın tərəfdarları və Sasna Çrerin qruplaşmasının səs almasına maneəçilik cəhdlərində göstərməlidir. Ümumiyyətlə, ABŞ-da seçkilərə müdaxilə edə bilən Rusiya üçün Ermənistanda antipaşinyan kampaniyasını təşkil etmək və bu istiqamətdə "5-ci kolon"u hərəkətə gətirmək olduqca asan məsələdir. Ermənistanın sərhədlərinin rus qoşunları tərəfindən qorunduğunu və ölkədəki bir çox müəssisələrin borc müqabilində Rusiyaya verildiyini nəzərə alsaq, ölkədə antirusiya şüarlarının yox edilməsi tamamilə mümkün görünür".
Politoloq bu kontekstdə Serj Sərkisyanın seçkilərdə böyük sürprizlərin gözlənilməsi ilə bağlı fikirlərini heç də təsadüfi saymayıb: "Sərkisyan Rusiyanın adamı və Qarabağ klanının başçısı olduğundan, onun Moskvadan dəstək alacağına şübhə yoxdur. Rusiya Paşinyanın qarşısına müxtəlif metodlarla çıxacaq. Buraya "5-ci kolon", Respublikaçılar Partiyası, Qarabağ klanı, keçmiş SSRİ xisləti ilə yaşayan müəyyən qruplaşmalar daxildir. Rusiya bütün bu qruplaşmaları istiqamətləndirərək Paşinyanın seçki kampaniyasına sürpriz gətirəcək. Çünki Ermənistanda antirusiya meyilli qüvvələrin böyük səslə qələbə çalaraq parlamentə gəlməsi və hakimiyyətdə möhkəmlənməsi gələcəkdə Rusiya üçün böyük bir başağrısına, postsovet ölkələri üçün o qədər də xoş olmayan presedentə çevrilə bilər. Ona görə də Rusiyadakı araşdırmaçılar bu siyasi bəlanın qarşısını elə zamanında alacaqlar və Paşinyanın rahat, gurultulu alqışlarla hakimiyyətə gəlməsinə ciddi əngəllər törədəcəklər. Bu mənada Rusiyanın Ukraynanın timsalında İrəvana xəbərdarlığı həm də konkret hərəkətlərlə müşayiət olunacaq. Bir sözlə, Rusiya Ermənistandakı seçkiqabağı siyasətini çoxdan cilalayıb, başa çatdırıb və onu işə salmasına çox az qalıb".
Millət vəkili Fazil Mustafa isə Azərbaycanın KTMT-yə müşahidəçi və tərəfdaş ölkə kimi qoşulmasına dair müzakirələrə münasibət bildirib. Fazil Mustafa baş verən proseslər fonunda Qarabağ probleminin həlli məsləsini şərh edib: "Xalq bütövlükdə Qarabağ probleminin həllini istəməsə, bunun üçün mübarizə aparmasa, fədakarlıq etməsə, Qarabağ bizdən daha çox fədakarlıq etməyi sübut etmiş ermənilərin əlində qalacaq. Bu reallığı qəbul etməliyik". O bildirib ki, torpaqları xilasetmə prosesinə hamılıqla hazırlaşılmalıdır: "KTMT-yə daxil olan ölkələr, ümumiyyətlə, bu format formal xarakter daşıyır. Burada təmsil olunub-olunmamaq kimisə bir dövlət olaraq zəmanət altında saxlamır. Çünki Rusiyanın siyasəti bu qurumun məsləhəti ilə formalaşmır. Rusiya Qafqazda da bu formatdan - ölkənin müəyyən hərbi imkanlarından istifadə edərək, digər ölkələri nüfuzu altında saxlamaq siyasətindən istifadə edir. Ona görə də Qarabağ probleminin həllində də bu yanaşmanı diqqətə almalıyıq. Amma bütövlükdə xalq bu problemin həllində iştirak etməlidir. Yəni hər kəs öz imkanları daxilində bunu edə bilər: istər hərbçı kimi, istər sadə vətəndaş. Bu problemin həllində hər kəsin üzərinə yük düşür. Gələcəkdə orda yaşayacaq insanlar icma olaraq bu prosesə hazırlaşmalıdır. Təəssüf ki, bütövlükdə buna cəmiyyətimizin hazırlaşdığı görünmür. Doğrudur, cəsur hərbçilərimiz, aktiv vətəndaşlarımız var. Amma bu, çoxluğu təşkil etmir".
Millət vəkili həmçinin diqqətə çatdırıb ki, bizim üçün önəmli məsələ dünyada siyasət anlayışının dəyişməsidir: "Beynəlxalq hüququn prinsiplərinin müəyyən dərəcədə təmin olunmasıdır. Beynəlxalq ağsaqqallar sistemi hüquqa dayalı fəaliyyət göstərməlidir. İndi isə dünyada daha çox "kabadayı"lar sistemidir. Hansı dövlətin əlində nüvə silahı, güc varsa, o, istədiyini etməyə çalışır. Amma ağsaqqallıq missiyasını götürən güc yoxdur. Bu baxımdan da biz hələ ki, bu mühitdə dövləti qorumaq haqqında daha çox düşünməliyik. Çünki bizim mövcud olan dövlətimiz ayaqda qalmalıdır ki, gələcəkdə özümüzdə Qarabağı qaytarmaq ümidini saxlayaq. Bu baxımdan da hansısa təşkilata, quruma daxil olub-olmamaq praktiki məsələdir. Bizim KTMT-dən çıxmağımızdan artıq 20 ilə yaxın vaxt keçib. 20 ildə çox dəyişikliklər baş verib. Məsələn, Ukrayna işğal olundu. Təsəvvür edin, bunu 10-15 il öncə kimsə desəydi, inandırıcı görünməzdi. Yəni reallıqlar dəyişib. Praktiki addımlar atmağı nəzərdə tuta bilərik, amma problemin həlli bu addımlardan asılı deyil, bütövlükdə xalqın istəyindən asılıdır".

Əli