“Aprel hadisələri zamanı bəlkə də Paşinyan problem yaşamadan parlamentdə üstünlüyü ələ keçirə bilərdi” Layihə

“Aprel hadisələri zamanı bəlkə də Paşinyan problem yaşamadan parlamentdə üstünlüyü ələ keçirə bilərdi”

Fikrət Sadıqov: "Amma indi vəziyyət xeyli dəyişib"

Ermənistanda seçkilər yaxınlaşdıqca vəziyyət daha da gərginləşir. Siyasi səhnədə olan şəxslərin verdiyi sərt açıqlamalar, ittihamlar onu deməyə əsas verir ki, Ermənistanda seçkilərdən sonra da gərginlik davam edəcək. Hətta qarşıdurmaların ola biləcəyi daha çox ehtimal edilir. Belə olan təqdirdə isə Dağlıq Qarabağ danışıqlarının necə davam etdiriləcəyi maraqlıdır.
Qeyd edək ki, Ermənistanda parlament seçkilərinə bir neçə gün qalmış əyalətlərdə və paytaxtda müxtəlif aksiyalar keçirilib. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın doğulduğu İcevan bölgəsində fəhlələr maaş azlığına, Gürcüstanla sərhəddə isə sahibkarlar hazırkı baş nazirin dövründə qəbul edilmiş qanun layihəsinə etiraz olaraq aksiya gerçəkləşdiriblər. Ekspertlər hesab edir ki, dekabrın 9-na qədər aksiyaların sayının çoxalacağı istisna edilmir.
Respublika partiyasının siyahısından deputatlığa namizədliyi irəli sürülmüş Arpine Ovannisyan Facebook səhifəsində yazıb ki, baş nazir vəzifəsini icra edənin maaşların artırılacağı ilə bağlı bəyanatı həqiqətə qalanda mifdir: "Hansı ki, bundan birmənalı şəkildə yalnız yüksək məvacib alanlar udacaq". Ovannisyan Nikol Paşinyanın maaşlardan tutulan vergilərin azaldılacağı halda, məvaciblərin yüksələcəyi barədə fikirlərini şərh edərkən onu da bildirib ki, sonradan o, özü-özünü inkar edib. "Guya ki, o sosial təminatları az olan insanların məsələlərini həll edib, indi də maaş artımından danışır",-deyən Respublika partiyasının təmsilçisi onu da bildirib ki, baş nazir səviyyəsində olan birinin öz sözlərini "vuran" bəyanatlarla çıxış etməsi təəccüblüdür.
Politoloq Arzu Nağıyev bildirib ki, hazırda Ermənistanda çox gərgin bir vəziyyət var. Onun sözlərinə görə, Paşinyan çalışır ki, "Sasna tser" radikal qruplaşması da partiya kimi seçkilərdə iştirak etsin: "Bu belə də olacaq. O çalışır ki, bu radikal millətçilər vasitəsilə Dağlıq Qarabağda da "hakimiyyəti" dəyişdirsin. Bununla əlaqədar artıq Los-Ancelesdə 11 milyon dollara yaxın vəsait də toplanıb. Bundan başqa, Paşinyanın rəhbər olduğu "Mənim addımım" bloku da seçkilər üçün 500 min dollara yaxın vəsait toplamağa nail olub. Anti-Rusiya təbliğatından başlayan mitinqlər də davam etməkdədir və regionda yaranmış kritik vəziyyət də bu təbliğatı daha da aktuallaşdırıb. Həmçinin Ukraynada, Rusiyanın cənub bölgələrində baş verən proseslər də öz təsirini göstərir. Bir sıra müşahidəçilərin verdiyi proqnozlara görə, hazırda seçki keçirilsə, Paşinyan və onun təmsilçiləri təxminən 65 faiz səs toplaya bilərlər. Digər partiyalar isə 10 faizli baryeri belə keçmək iqtidarında deyillər".
A.Nağıyevin fikrincə, belə proqnozların olmasına baxmayaraq, gərginlik hər an öz pik həddinə çata bilər: "Çünki Qarabağ klanı da başa düşür ki, onların sonudur və tam şəkildə müqavimət göstərəcəklər və bu, hətta silahlı qarşıdurmaya da gətirib çıxara bilər. Paşinyan bu gün demək olar ki, əsasən mitinqçilərdən istifadə edir və hakimiyyətin də bütün imkanlarını səfərbər edib. Məlumdur ki, Rusiya ilə razılaşdırılmış ssenari ilə yanaşı, Qərblə, o cümlədən ABŞ-la müəyyən separat danışıqlara gedilib. Ona görə də Paşinyan tam arxayın olmasa da, mitinq siyasətinə və güc strukturlarına daha çox güvənir. Buna görə də o, seçkilərdə qalib gələcəyinə əmindir, lakin seçkisonrası gərginlikləri tənzimləmək onun üçün həddən artıq çətin olacaq. Radikallar Rusiya bazarlarının çıxarılmasından tutmuş, Dağlıq Qarabağ və digər sosial-iqtisadi məsələlərin də həllini tələb edəcəklər. Bu isə Paşinyanın gücündə olan məsələ deyil. O zaman artıq ən böyük gərginliklər yaşanacaq. Bu gün mitinqlərdə çaxır içən Paşinyan hələ ki eyforiyadadır".
Politoloq Qabil Hüseynli deyib ki, sözsüz ki, hazırda İrəvanda qarşıdan gələn seçkilərdə Nikol Paşinyanın qalib gəlməsini çətinə sala biləcək addımlar atılır: "Bu addımların da Rusiya tərəfindən yönləndirildiyini mütləq söyləmək lazımdır. Çünki Paşinyanla bağlı məsələdə Kremlin əminliyi yoxdur. Güvənmir".
Politoloqun fikrincə, Rusiyanın yüksək çinli siyasi elitası hesab edir ki, Nikol Paşinyan gələcəkdə şimal qonşumuz üçün böyük problemə çevrilə bilər. Ona görə də Moskva tərəfindən bu cür addımlar atılır: "Məsələn, şimal qonşumuzdan Ermənistana taxıl göndərilməsi məsələsində ciddi çətinliklər ortaya çıxıb. Ölkədə ərzaq qıtlığı var. Üstəlik ölkəyə maliyyə daxil olmaları da azalıb. Elə bu səbəbdəndir ki, İcevandakı fabrik və zavod istehsalatında çalışan sadə işçi qüvvəsinin əməkhaqqını verə bilmirlər. Onlar da İcevandan İrəvana gedən yolu bağlayaraq Paşinyanla görüşmək tələbini irəli sürür və maaşlarının verilməsini istəyirlər".
Politoloq bildirib ki, hazırda Ermənistanın İranla da ciddi problemləri yaşanır. Bu səbəbdən də ümumi daxili məhsul, gəlir Nikol Paşinyan iş başına keçdikdən sonra artmır: "Əksinə, azalır. Bütün bunlar Paşinyanın yeritdiyi siyasətlə bağlı müəyyən düşüncələr yaradır. Bu düşüncələrdə xalqın müəyyən hissəsində mənfi emosiyalara çevrilib. Bu emosiyalar getdikcə mənfi həqiqətlə əvəzlənir. Zənnimcə, Paşinyan və onun komandasından usanan, yorulan adamların sayı günbəgün artır. Bu işdə hazırda müxalifətdə təmsil olunan "Respublikaçılar" partiyası da müəyyən rol oynayır. Hər halda, Paşinyanın yavaş-yavaş gözdən düşdüyü sirr deyil. Bu məqam qarşıdan gələn seçkilərdə də öz təsirini göstərəcək. Amma Paşinyanın seçkilərdə məğlub olacağı da mümkünsüzdür. İrəvan meriyasına keçirilən seçkilər dövrü ilə nisbətdə az səs toplayacaq, əyalətlərdən az səs yığacaq amma bunlar onun qalib gəlməsinə əngəl yaratmayacaq".
Politoloq Fikrət Sadıqov deyib ki, İrəvanda seçki öncəsi siyasi və ictimai ab-havanın bulanıqlığının iki səbəbi var: "Burada hazırkı hökumət başçısı Nikol Paşinyanın səriştəsizliyi və təcrübəsizliyi, həm də kənardan – xarici qüvvələrin ona problem yaratmaq planları xüsusi rol oynayır". Politoloqun sözlərinə görə, hazırda Ermənistanda siyasi gərginliyin pərdəarxasında dayanan amillər elə birbaşa Paşinyanın özündən qaynaqlanır: "Nikol Paşinyan küçə hərəkatında xalqa bir sıra vədlər verdi. Həmin vədlər yerinə yetirilmədi. Seçkiyə bir neçə gün qalmış Ermənistanda vəziyyətin burulğanlı duruma düşməsində ölkədəki iqtisadi və sosial böhranın da böyük rolu var: "Paşinyanın rəhbərlik etdiyi dönəmdə heç bir iqtisadi artım və insanların rifah halında hər hansı bir dəyişiklik baş vermədi. Verilən vədlər yerinə yetirilmədi. Təbii ki, xarici qüvvələr də bu amildən çox məharətlə istifadə edirlər. Müəyyən ssenarilər qururlar. Diqqətlə baxsaq görərik ki, Nikol Paşinyan öz portnyorları, müttəfiqləri ilə də münasibətlərini pozub. Rusiya və Belarusla da vəziyyət gərgindir. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan Qazaxıstanla da münasibətləri normal səviyyədə deyil. Paşinyanın son həftələrdə atdığı bir neçə addım onun müttəfiqləri ilə münasibətlərinin gərginləşməsinə gətirib çıxarıb. Bu da öz-özlüyündə daxili-siyasi vəziyyətlə üst-üstə düşəndə müəyyən mənfi nəticələri formalaşdırır".
Politoloqun fikrincə, əgər Nikol Paşinyan parlament seçkilərindən sonra dərhal parlament seçkilərini təşkil etsəyidi, vəziyyət də heç bu yerə qədər gəlib çıxmazdı: "Çünki ona həmin dövrdə inananlar çox idi. Ümidlər də böyük idi. Aprel hadisələri zamanı bəlkə də Paşinyan problem yaşamadan parlamentdə üstünlüyü ələ keçirə bilərdi. Amma indi vəziyyət bir xeyli dəyişib. Küçə hərəkatı nümayəndələrinin də Paşinyana olan inamı əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. Görünür, bu altı-yeddi ay ərzində müəyyən məsələlər, problemlər əmələ gəlib. Yəni, qarşıdan gələn parlament seçkilərində Paşinyanın gurultulu qələbəsi o qədər də real görsənmir. Hər halda, Ermənistanın hazırkı hökumət başçısının rəqibləri əllərindən gələni edəcəklər ki, Paşinyan istədiyinə nail olmasın".

Əli