Mediada Qarabağ mövzusu Layihə

Mediada Qarabağ mövzusu


Osman Gündüz: "Artıq erməni yalanları dünyada qəbul olunmur"

Səadət Məmmədova: "Gərək hər kəsin gözü hər gün "Qarabağ" sözünü görsün, hər kəsin qulağı bu sözü eşitsin"

Güldəstə Həsib: "Təbliğat hər yerdə aparılmalıdır"

Qarabağ mövzusunun dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu əvəzsizdir. Bəs Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin xarici və yerli mediada təbliğatı kifayət qədərdirmi? Qeyd edək ki, informasiya müharibəsinin media qolu son dönəmlər fərqli strategiyası ilə diqqət çəkir. Belə ki, forumlarda, sosial şəbəkələrdəki qarşılıqlı söyüşmə çoxdandır öz yerini düşünülmüş informasiya yayımı taktikasına verib. Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz hesab edir ki, Azərbaycanda son 2-3 ildə bu sahədə gözlə görünən addımlar atılıb. Onun sözlərinə görə, internetin binası qoyulan gündən virtual dünyada Azərbaycana qarşı savaş açan ermənilərin mövqeləri son illərdə əhəmiyyətli dərəcədə susdurulub: "Xarici ölkələrə gedib-gələnlər bildirirlər ki, artıq erməni yalanları dünyada qəbul olunmur. Çünki ölkədə əhəmiyyətli sayıla biləcək sayda yeni informasiya resursları yaradılıb. Dövlət bu işə vəsait ayırır". Osman Gündüz hesab edir ki, bu iş proqram xarakterli olmalıdır. Layihə yox, sistemli şəkildə işlər görülməlidir ki, dünyada Azərbaycan mətbuatının sözü keçsin".
"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev də ənənəvi informasiya kontaktlarının genişləndirilməsi baxımdan Azərbaycanın son illər müəyyən irəliləyişlər əldə etdiyini söylədi. Onun sözlərinə görə, ermənilərin daha öncəki üstünlüyü diaspor kontaktları vasitəsilə yaranırdı: "İndi Azərbaycanda da diaspor fəaliyyəti genişlənib. Hazırda informasiya qarşıdurması deyəndə tətbiq olunan formaların sivilliyi çılpaq faktlardan daha çox effekt göstərir".
Son ilərldə Xocalı qətliamının dünyaya çatdırılması sahəsində görülən işləri xatırlatmadan təbliğat barədə danışmaq yersiz olardı. Son iki il ərzində 50-dən artıq ölkədə "Xocalıya ədalət" kampaniyası çərçivəsində müxtəlif tədbirlər keçirilib.
Təbliğat deyərkən, ermənilərin müxtəlif sahələr üzrə plagiatlığının ifşasından da yan ötmək olmaz. Azərbaycan musiqisini, mətbəxini, folklorunu... özününkü kimi təqdim edən düşmənləri bu sahədə susdurmaq üçün də addımlar atılır. Bu, beynəlxalq seminarlardakı çıxışlardan tutmuş, ayrı-ayrı bəyanatlara, ifşaedici tədbirlərə qədər uzanır. Azərbaycanda sözügedən sahənin araşdırılması üçün "Əqli Mülkiyyətçilərə Kömək" İctimai Birliyi də fəaliyyət göstərir. Sözügedən qurum Azərbaycan xalqının əqli mülkiyyətinin erməni təcavüzünə məruz qalması faktlarını beynəlxalq aləmə bəyan etmək üçün erməni plagiatlığından bəhs edən internet resursu da yaradıb.
Bəs yerli mediada Qarabağ mövzusu yetərincə işıqlandırılırmı? Media mənsubları bu barədə nə düşünürlər?
Tanınmış jurnalist Güldəstə Həsib vurğulayıb ki, doğrudan da, işğal günləri istisna olmaqla digər günlərdə nə mətbuatda, nə ədəbiyyatda, nə efirdə, nə də gündəlik həyatımızın digər sahələrində Qarabağ itkisi, müharibə mövzusu yada düşmür: "Hərdən fikirləşirəm ki, indiki halda Qarabağ mövzusu bu məmləkətdə bəzilərinə divident qazanmaq üçün lazımdı. Adında "Qarabağ" sözü olan nə qədər təşkilat var. Amma Qarabağı qaytarmaq, qaçqın, köçkün dərdini ovundurmaq üçün onların heç biri ciddi bir iş görməyib. Qol çırmayıb iş görənlər olmasa da, Qarabağ adını, qaçqın kəlməsini başının üstündə bayraq eləyənlər nə qədər desən var. Bir-iki əsəri saymasaq, müharibə acısını öz eqosunun əsirinə çevrilmiş əxlaqsız təxəyyüllü "yazarlar"la dolub daşan ədəbiyyatımıza bu mövzunun tezliklə sirayət eləyəcəyinə dair bir işıq ucu görünmür, təəssüf ki".
O, həmçinin əlavə edib ki, biz şüarla danışmağı sevirik, bu gerçəyi dəyişə bilmərik: "Bilirsiz, əslində bu məsələni sırf medianın üzərinə atıb da ondan xarüqələr yaratmasını gözləmək də doğru deyil. Təbliğat hər yerdə aparılmalıdır. Hər səhər məktəbin qarşısında dövlət himnini ala-yarımçıq oxuyub sinifə daxil olmaq azdı, əzizlərim. Dərsliklərdə müharibə mövzusu quru statistikadan o yana keçmir. Uşaqlara müharibənin gerçək üzünü göstərmək, onları arzuladığımız ruhda böyüdə bilməmiz üçün sizcə bu yetərlimidir?
1993-cü ildə Fizuli işğal olunanda orada yaşayan bütün qohumlarımız didərgin düşdü. Biz müharibədən 500 km uzaqda - Bakıda yaşayırdıq. Amma inanın ki, onların ağrısı bizi də göynədirdi, getdik, hamısını bir-bir axtarıb tapdıq. Hərə bir yer tapıb yerləşmişdi. Sonra ucsuz-bucaqsıq bir çadır şəhərciyi salındı, biz orda da olduq, dözülməz şəraitdə yaşayan (çox şükür, indi o şəhərcik tarixə çevrilib) insanları gördük, ilk dəfə müharibənin dəhşətini yaxından hiss elədik. O vaxt mənim 21, digər bacı qardaşlarımın isə 17, 13, 10 yaşları vardı. Bir qədər bundan əvvəl Bakıda doğulmuş 13 yaşlı qaçqın balasına deyirəm ki, "səni aparacam Qayıdışa, Zobcuğa", mənə qayıdır ki, "orda ermənilər var, getmirəm" . Bu dialoq mənə yaşadığımız həyatın acı reallığını bir daha başa saldı. Qarabağ savaşının başladığı 25 ildə apardığımız təbliğatın nəticəsidi budur?
Laçının işğal günüydü. Televiziyalardan birinin səhər proqramı əvvəldən sona qədər bu işğala həsr olunub. Qonaqlar bölgənin işğaldan əvvəlki gözəl günlərindən, orda qalan tarixi abidələrdən danışırdılar. Qərəz, proqram sona yaxınlaşır, aparıcılar tamaşaçı ilə sağollaşırlar: "Biz bu gün sizinlə tariximizin acı günlərinin birinə nəzər saldıq. Bəli, 22 il əvvəl Laçın rayonu erməni hərbi birləşmələri tərəfindən işğal olundu. Amma kədərlənməyə dəyməz, həyat davam edir". İndi bu cümləni yazan redaktora və bu fikri milyonlara təbliğ eləyən aparıcıya nə deyəsən".
Tanınmış jurnalist Səadət Məmmədova bildirib ki, bugünkü reallıqda 10 ballıq şkala üzrə bu maraq 2-3-dən artıq deyil: "Mən son 3 ildə İnternet televiziyada - YURD TV-də işləmişəm. İnternet mediada kliklərin sayına görə maraq döğuran mövzuları müəyyən etmək çox asandır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dair mövzular çox təəssüf ki, klik toplamayan mövzulardandır. İnternet media sahəsində çalışan digər həmkarlarım da təsdiqləyər ki, bir çılpaq müğənniciyin şəkli və ya onun "dəxilsiz yaradıcılığı haqqında dəxilsiz bir xəbər" daha çox oxunur, baxılır, nəinki ciddi siyasi mövzular, o cümlədən Qarabağ mövzusu. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyi ilə bağlı sorğu çıxırdıq, hərə bir bahana ilə başını tutub qaçırdı ki, mənlik deyil. Xüsusilə də gənclər. Amma şou-biznes əhlinin maşınlarının qiymətlərini soruşanda, birnəfəsə cavab verirlər. Mənim fikrimcə, tendensiya bu cür davam edir və Qarabağ mövzusuna maraq azalmaqdadır. Proseslərin gedişində tam yeni və fərqli bir gəlişmə, danışıqlarda sürpriz irəliləyiş olsa, ya da qolumuzu çirmələyib ordu ilə erməniləri torpaqlarımızdan qovmağa doğru addım atsaq, bəlkə cəmiyyətdə Qarabağ mövzusuna maraq arta bilər. Bütün hallarda həm ictimai rəyə təsir edən media mənsubarı olaraq, həm də vətəndaş olaraq, Qarabağ mövzusunu daim gündəmin prioritetləri arasında saxlamaq bizim borcumuzdur. Baxılsa da, baxılmasa da, oxunsa da, oxunmasa da. Əsas odur ki, mövzu unudulmasın, hər kəsin gözü hər gün "Qarabağ" sözünü görsün, hər kəsin qulağı bu sözü eşitsin".
Onun fikrincə, əksəriyyətdə peşəkarlıq səviyyəsi, savad və dünyagörüşü yetərincə aşağıdır: "Heç kəs də özünü inkişaf etdirmək, mütaliə etmək, önəmli proseslərin tarixi ilə, kökləri ilə maraqlanmaq istəmir. Bir dəfə hardasa şəkli çıxmaqla, bir dəfə efirdə görünməklə özlərini dahi ulduzlar sayanların dönəminə gəlib çıxmışıq. Nadir hallarda qarşıma potensiallı gənc çıxır. Gündəlik xəbəri normal hazıryala bilən, bir günün tarixçəsini də olsa düzgün təqdim etməyi bacaran insana rast gələndə həmişə sevinmişəm və imkanlarım çərçivəsində onlara kömək etməyə çalışmışam. Baxmağa proqram, oxumağa yazı tapmağa çətinlik çəkirəm. Tapanda da bu adətən köhnə və orta nəslin nümayəndələrinə aid olur. Gənclər arasında da istedadlılar var. Amma onlar çox azdır. Biliyi və informasiyası məhdud olan media nəsli ilə hansı informasiya müharibəsini uda bilərik? İnformasiya əsrində biz kimlərlə təmsil olunuruq? Çoxları mediaya günbəgün artan saytlar və burda iş yeri kimi baxır. Onlar erməni yaşıdları ilə "qələm və zəka döyüşünə" nə dərəcədə hazırdırlar?!
İndi mediada çalışanların əksəriyyətində təşəbbüskarlıq çatışmır, gözləyirlər ki, onlara mövzu verilsin ya da gündəlik tədbirlə başlarını hərləsinlər, sabaha da Allah bir şey yetirər. Amma bizim cəmiyyətdə o qədər işlənməmiş problemlər, toxunulmamış mövzular var ki. Bu sözləri oxuyanda kimlərlə məni qınamayacaq ki, "çərçivələr var". Amma bir naziri ayda 4 dəfə görən müxbirlər hamısında da eyni sualı verirlər və sanki yeni xəbər kimi hər dəfə də eyni sözləri başlığa çıxarırlar. "Məmurların mediaya münasibəti mənfiyə doğru çox dəyişib" deyirik, fəqət məmurların qarşısına kimlərlə, hansı səviyyənin müxbirləri ilə çıxır? Bu da önəmlidir axı. Lütfən, heç kəs inciməsin, amma mediamızda bir intellektual boşluq var. Bir misal çəkim, bu yaxınlarda "Vesti Nedelya"da Sank-Peterburq iqtisadi forumundan hazırlanmış analitik reportaja baxdım, təkcə bir reportaj səviyyəsi, intellektual tutumu və peşəkar hazırlanması etibarilə bizim bəlkə də bütün kanalların xəbər efirinin 1 həftəlik fəaliyyətindən üstün idi. Nitqlərin bərbarlığından daha danışmıram, bizim TV və radioların efirində "Azarbaycan", "raon", "nümaəndə" və bu kimi saysız hesabsız səhvləri eşidirəm və nəticədə baxmamaq, dinləməmək qərarına gəlirəm".

Əli