Azərbaycanın ilk mətbuat orqanları Layihə

Azərbaycanın ilk mətbuat orqanları

1870-ci ildən 1889-cu ilədək Qafqazda 56 mətbuat orqanından cəmi 3-ü Azərbaycan dilində idi

Uzun müddət Zaqafqaziyanın inzibati və mədəni mərkəzinin Tiflis şəhəri olması mətbuat və ədəbiyyata da öz təsirini göstərib. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq "Tiflisskiye vedomosti", "Zakavkazski vestnik", "Kavkaz", "Novoye obozreniye" və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu.
"Tiflisskiye vedomosti" Qafqazda rus dilində çıxan ilk qəzet idi. Bu qəzetdə dekabristlərin iştirakı, qəzetin redaktor müavini V.D.Suxorukovun 14 dekabr hadisələri ilə sıx əlaqədar olması və s. haqqında məlumatlar vardı. Rus-Azərbaycan ədəbi əlaqələri haqqında maraqlı tədqiqatlar aparan alimlər "Tiflisskiye vedomosti" qəzeti haqqında da yeri gəldikcə bəhs ediblər. "Tiflisskiye vedomosti" qəzetinin bəzi məqalələri mərkəzi qəzetlərdə yenidən dərc edilirdi. Bu qəzet 1829-cu ildə gürcü dilində, 1830-cu ildə fars dilində, 1832-ci ildə isə Azərbaycan dilində də buraxılıb. Azərbaycanca qəzetin adı "Tiflis əxbarı" idi.
XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatın yaranmasını zəruri edirdi. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək çətinliklə olsa da belə bir qəzetin nəşrinə icazə ala bilmişdi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olmuş və nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail ola bilmişdi. "Əkinçi"nin nəşrilə həm də milli mətbuatımızın əsası qoyulub. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən "Əkinçi" qəzetinin ümumilikdə 56 sayı işıq üzü görüb. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunub. İlk milli mətbuat orqanı olan "Əkinçi" qəzetinin işıq üzü gördüyü gün - iyulun 22-si respublikada "Mətbuat Günü" kimi qeyd edilir.
Bundan sonra "Ziya", "Kəşkül" qəzetləri işıq üzü gördü.
"Kəşkül", "Əkinçi" ilə "Ziya" arasında orta bir mövqe tutmuşdu, lakin "Əkinçi"yə daha artıq dərəcədə meyli hiss edilir. Ziyalıların şüurunda "Azərbaycan milləti" məfhumunun oyanması "Kəşkül" dövrünə təsadüf edirdi. Onlar başa düşmüşdülər ki, "din" və "millət" məfhumları ayrı-ayrı şeylərdir. "Kəşkül" qəzeti öz səhifələrində bu məsələləri aydınlaşdırmağa səy göstərmiş və ictimai-siyasi şüurun inkişafına kömək edib. "Kəşkül" Azərbaycan millətinin inkişafı və başqa millətlərlə dostluq əlaqələrini möhkəmlətməsi haqqında da müsbət səciyyə daşıyan məqalələr verirdi. Bu məqalələrin bir çoxu mövzusu, ideya istiqaməti, dili və üslubu ilə fərqlənirdi.
1870-ci ildən 1889-cu ilədək Qafqazda 56 mətbuat orqanı fəaliyyət göstərib. Bunun 20-si rus dilində, 15-i gürcü dilində, 15-i erməni dilində, 3-ü Azərbaycan dilində idi.
Əgər ayrı-ayrı elmi cəmiyyətlərin, idarə və təşkilatların rəsmi nəşrlərini də nəzərə alsaq, həmin rəqəm 69-a çatar. Həmin mətbuat orqanlarının bir çoxunun ömrü lap az olub. Cəmi 23 mətbuat orqanı 5 ildən yuxarı yaşaya bilib. Bunlardan rus nəşrləri aşağıdakılardır: "Qafqaz", "Tiflisski vestnik", "Tiflisskiye obyavleniya", ("Tiflisski listok"), "Kaspi", "Yuridiçeskoe obozrenie", "Bakinskiye izvestiya", ("Bakinski torqovo-promışlennı listok") və "Severnı Kavkaz".
Bakıda rus dilində çıxan qəzetlər ideya - siyasi nöqteyi-nəzərindən Qafqazın digər şəhərlərində çıxan rus qəzetləri ilə bir cərgədə gedirdi. Azərbaycanda çıxan ilk rus qəzeti "Bakinski listok" hesab edilir. Qəzetin redaktoru Bakı real gimnaziyasının müəllimi Xristian Sink idi. Qəzetin ilk nömrəsi 1871-ci ilin martın 19-da (6-da) çıxıb, iyun ayında bağlanıb. 1872-ci ilin yanvarında qəzetin nəşri yenidən bərpa olunub. Həmin il iyunun 3-dək davam edib.
1876-cı ildə Bakıda rus dilində ikinci bir qəzet "Bakinskiye izvestiya" nəşrə başlayıb. Bu qəzet quberniya idarəsinin rəsmi orqanı idi və general - qubernator D.S.Staroselskinin təşəbbüsü ilə buraxılıb. Staroselski 1875-ci ildə "Əkinçi" qəzetinin nəşrinə də kömək edib. Onun "Bakinskiye izvestiya" qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. O, hələ qəzet çıxmazdan xeyli əvvəl quberniya idarəsinin nəzdində mətbəə açıb, çapçılar dəvət edib. 1888-ci ildən sonra qəzet "Bakinski torqovo - promışlennı listok" adı ilə çıxıb.
1894-cü ilin yanvarından "Bakinskiye qubernskiye vedomosti" adlı rəsmi dövlət qəzeti də fəaliyyətə başlayıb. Qəzet teleqram və elanları olan əlavəsi ilə çıxırdı. Bu teleqram və elanların bir hissəsi Azərbaycan dilində buraxılırdı. Qəzet 1916-cı ilə qədər çıxıb.
Adları çəkilən bu qəzetlərin hamısında rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu. Bakıda rus dilində çıxan burjua qəzetləri içərisində "Kaspi" qəzeti daha uzun ömür sürmüş, müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz baxışları nöqteyi-nəzərindən əks etdirib. Qəzetin 1881-ci ildən 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxıb. "Kəşkül" qəzeti bağlandıqdan sonra Tiflisdə Azərbaycan dilində mətbuat orqanı yaratmaq üçün bir neçə dəfə təşəbbüs olub. Məsələn, Məmmədağa Şahtaxtinski 1896-cı ildə Azərbaycan dilində "Tiflis" adlı, Kamal Ünsizadə isə 1900-cü ildə "Daniş" adlı qəzet çıxarmaq istəyiblər. Lakin onların təşəbbüsü fayda verməyib.
M.Şahtaxtinskinin "Şərqi-rus" adlandırdığı qəzetin birinci nömrəsi 1903-cü il martın 30-da çıxıb. Əvvəllər o, həftədə üç dəfə buraxılırdı. 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzetə çevrilib. "Şərqi - rus" qəzeti XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzetidir. Azərbaycan mətbuatının qürurverici tarixi nəşrlərindən biri də ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlməyən "Molla Nəsrəddin" jurnalıdır. Jurnalın redaktoru Mirzə Cəlilin əsas qayəsi milləti müasir dünyaya uyğun ölçülər səviyyəsində görmək idi. "Molla Nəsrəddin" bu amallar uğrunda mübarizə fonunda yaranıb. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxdı. Jurnalın yazıları bütöv bir millətin başına açılan oyunların, əzab-əziyyətlərin, haqsızlıqların satirik ifadəsi idi.
"Mola Nəsrəddin" çap edilib yayıldıqdan sonra onun təsiri altında Qafqazda, Orta Asiyada, Volqa-boyunda, İranda və İran Azərbaycanında, Dağıstanda və başqa yerlərdə bir sıra satirik və yumoristik jurnallar çıxıb. Bu jurnalların bir çoxu "Molla Nəsrəddin"in layiqli ardıcılları olmuş, inqilabi-demokratik ideyaları yayıb. Bəzi satirik jurnallar isə liberal görüşlərdən irəli getməyib, aşağı səviyyədə çıxıb.
1911-ci il noyabrın 29-dan Bakıda "Məktəb" adlı yeni bir uşaq jurnalı nəşrə başladı. 1920-ci ildə Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə nəşrə başlayan "Maarif" (cəmi 2 nömrəsi çıxıb) və "Qırmızı günəş" (sonra "Qızıl cavanlıq"), 1923-cü ildən çıxan "Gənc pioner", 1927-ci ildən çıxan "Pioner" jurnalları, "Azərbaycan pioneri" qəzeti və s. mətbuat orqanları yeni nəslin tərbiyə olunmasında mühüm rol oynayırdılar.
1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr olunub. Azərbaycan dilində "Bakı Fəhlə Konfransının Əxbarı", "Azərbaycan gəncləri", "Hürriyyət", "Haqq", "Füqəra sədası", "Zəhmət sədası", "Oktyabr inqilabı", "Gənc işçi", "Azərbaycan füqərası", rus dilində "Nabat", "Molot", "Proletari", "Raboçi put", "Qolos truda", "Bednota", "Molodoy raboçi", "Novıy mir" və başqaları Azərbaycan bolşeviklərinin nəşr etdikləri qəzetlər idi. Doğrudur, bu qəzetlərin ömrü çox az olmuş, bəzilərinin cəmi bir və ya bir neçə nömrəsi çıxıb. "Kommunist" qəzeti "Hümmət", "Qoç-Dəvət", "Təkamül", "Yoldaş", "Hümmət" (1917-1918-ci il-lər), "Bakı Şurasının Əxbarı" kimi bolşevik qəzetlərinin davamçısı olaraq meydana atıldı.
"Kommunist" 1919-cu il avqustun 29-da həyata gəldi. Azərbaycan bolşevikləri "Kommunist"i hökumət orqanlarından xəbərsiz, gizli buraxıblar. "Kommunist"in 1919-cu il gizli çıxan nömrəsini Ruhulla Axundov redaktə edib. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci il aprelin 30-da Əliheydər Qarayevin redaktorluğu ilə "Kommunist" leqal şəkildə öz nəşrinə başladı. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində "Kommunist" və "Bakinski raboçi" qəzetlərinin səhifələrində qəzalardan tez-tez materiallar dərc olunurdu. 1923-cü il iyunun 16-da Bakıda "Kəndçi qəzetəsi"nin birinci nömrəsi çapdan çıxdı.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi (KPMK) 1923-cü il iyulun 2-də Bakıda Şərq qadınlarının, xüsusilə Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə aylıq, ədəbi, ictimai və siyasi jurnal olan "Şərq qadını"nın nəşr olunmasını qərara aldı. "Şərq qadını" jurnalının 1-ci nömrəsi 1923-cü ilin noyabrında 40 səhifədən ibarət 1000 nüsxə tirajla çapdan çıxıb. Jurnalın ilk redaktoru Ayna Sultanova olub. 1938-ci ildən "Şərq qadını", "Azərbaycan qadını" adı ilə nəşr olunmağa başlayıb.
1926-cı ildə Bakı şəhər komsomol təşkilatının konfransı çağırılıb. Konfransın keçirildiyi gün bir dəstə fəal məktəbli üzərində "Pioner"sözü yazılmış 28 səhifəlik jurnal hazırlamışdı. Uşaqların xətti ilə yazılmış cəmi 50 nüsxə jurnal konfrans iştirakçılarının çox xoşuna gəldi. Həmin nüsxələr "Pioner" jurnalının ilk qaranquşu oldu. Aradan bir neçə ay keçəndən sonra, yəni, 1927-ci ilin fevralında "Pioner" jurnalı kütləvi tirajla çıxmağa başladı. 1934-cü il sentyabrın 2-də "Kommunist maarifi" qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək "Müəllim qəzeti" adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. 1946-cı ilin aprelindən "Azərbaycan müəllimi" adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də bu adla yaşadı. Sonrakı illərdə "Ədəbiyyat" (1933)", Azərbaycan pioneri" (1938), "Kirpi" jurnalı (1952), "Bakı " (1958) və s. qəzetləri meydana gəlib. Sovet dovründə şəhər və rayonlarda da qəzetlər nəşr olunub.

Cavid