“Ədəbiyyat cəmiyyətin güzgüsüdür” Layihə

“Ədəbiyyat cəmiyyətin güzgüsüdür”

Sabir Bəşirov: "Dərdsiz, qəmsiz, kədərsiz poeziya yoxdur"

Əsl yaradıcılıq - özünəməxsus düşüncə, həmin düşüncənin insanlığa uyğun gerçəkləşməsi, insanın var olmasıdır.
Zamanlar keçir gedir, ancaq insanlığa layiq düşüncələr yaşayır, insanlar bu əsasda var olurlar. Fəlsəfə doktoru Sabir Bəşirov düşünür ki, cəmiyyətdə baş verən proseslər - fərdin duyğusundan böyük hadisələrə qədər - inqilablar, müharibələr öz əksini bədii ədəbiyyatda tapır. Ədəbiyyat cəmiyyətin güzgüsüdür və cəmiyyətdə baş verən proseslər bu güzgüdə əks olunmursa, o ədəbiyyat həqiqi, böyük ədəbiyyat ola bilməz: "Dərdsiz, qəmsiz, kədərsiz poeziya yoxdur. Dərd, qəm, kədər, nisgil, həsrət, vüsal ümidi böyük poeziyanın əbədi yol yoldaşıdır.
Bütün yaradıcılığında gözəlliyi, gözəlləri vəsf edən Molla Pənah Vaqif kimi nikbin şair də sonda bu qənaətə gəlmişdi: "Mən cahan mülkündə mütləq doğru halət görmədim..." Sabir Bəşirov qənaətlərini şair Avdı Qoşqarın yaradıcılığı üstə bölüşür: "Onun şeirlərində qəm, kədər, dərd fərqli şəkildədir. Dünyanın hər üzünə bələd olan şair deyir: "Heç bir umacağım yoxdur əslində - nə yaşamağından, nə oxunmağından (burada A.Qoşqar öz şeirlərini nəzərdə tutur - S.B). Heç yaşamasın, heç oxunan günü olmasın. Mənə nə gün verib ki, oxuyana, yaşadana nə gün ağlasın?! Ən yaxşı halda ya başına bəla gətirəcək, ya da beynini xarab edəcək. Məni kimi əlini işdən soyudacaq, ürəyini təpərdən. Bir də yaşadığı dünyanı gözündən salacaq..."
Bu qənaətdə dünyanın işlərinə belə qiymət verməkdə qəzəb də var, etiraz-asilik də, qarğış da, yaşanmış ömrün peşmançılığı da. Ancaq nə qəzəb, nə etiraz - asilik, nə qarğış, nə peşmançılıq dünyanın axarını dəyişmir. Ancaq oxucunu ilğımdan, illüziyadan xəbərdar edir. Xəbərdar edir ki, özünü aldatmayasan, "Hər şey irəlidədir", "Hər şey yaxşı olacaq" xülyasına qapılmayasan".
S.Bəşirov düşünür: "Dünyanın ağır dərdləri var: vətənsizlik, doğma torpaqda - öz Vətənində qaçqın olmaq, öz Vətənində qərib olmaq, dədə-babaların, əzizlərin, yaxınların, doğmaların... qəbirlərinin düşmən tapdağı altında olması, anlamaq, anlaşılmamaq, haqsızlıqla, ədalətsizliklə barışmaq məcburiyyəti, çirkaba, rəzalətə göz yummaq, uyğunlaşmaq, laqeydlik xəstəliyi... Barışmaq - çarəsizlikdir. Necə ki, insan ölümlə barışır. Barışmaq - unutmaqdır. Barışdıqdan sonra rəzilliyə, çirkaba alışmaq, uyğunlaşmaq, laqeydləşmək, biganəlik "mərhələləri" gəlir. Əgər unudub barışırsansa, pisliyə uyğunlaşırsansa, hər şeyə biganələşirsənsə, ruhən yox olmağa doğru gedirsən...

Çamırlıqda ömür sürmək -
çamırlıqla -
barışmaq kimi bir şeydi...
Haqqın kəsilən səsinə -
alışmaq kimi bir şeydi..."

Araşdırmaçı bu fikirdədir ki, Avdı Qoşqarın yaradıcılığında qəribə bir nostalji var: "Əslində bu nostaljini sözlə ifadə etmək də çətindir. Nədir bu nostalji?

Qapını qar kəsdi, sifəti ayaz,
Qaldı uzaqlarda Vətən yolları.
Gözümü açanda duyğularımda,
Yumanda yaddaşda bitən yolları.
Qayğıya bürünüb axır ruhumdan,
Doğma Qıpçaq çölü, çətən yolları...
Etməyə ərkim yox, dözməyə səbrim,
İlğıma çevrilib itən yolları...

"Bir ucu İraqda, biri Dərbənddə, biri Borçalıda, bir yanı Ərdəbil, bir yanı Altay". "Dünyanın bu başı, o başı bizim" olan bu nəhəng coğrafiyanı - coğrafi ərazini gəzməyə, görməyə bir insan ömrü yetmir.

Gəzməklə qurtarmır, çəkməklə bitmir,
Nə yol göynərtisi, nə yurd həsrəti
Bağrının başında yaralı Vətən,
Gözüyün içində boz qurd həsrəti...
Bir də:
Bu yaşımda
ürəyim dincə qoyulmuş
torpaqdı.
Şumlanmadı sevgi kotanıyla,
eləcə xam qaldı.
Halısanmı bu sirrimdən?!
...Gedən yaşdı, ömürdü...
fəqət qalan sevgilər,
Yer adlı xarabada,
talan-talan sevgilər...
...Qalan bir ilahi eşq,
bir də yurddu, Vətəndi -
vətəninlə, elinlə, yurdunla qəlbimdəsən.
Bu sevgini, bu odu gizləmək də günahdı.
"Dağları duman alsa,
o da mən çəkən ahdı"
halısanmı bu sirrimdən..."

S.Bəşirovun fikrincə, dünyamızın iki gerçəkliyi var: yalan və zor: "Burada gerçəklik sözünü dırnaqda yazmaq istəsəm də yaza bilmirəm. Ancaq yalan və zor həqiqətdirmi?!
Dünyamızın daha bir gerçəkliyi dünyanın özünü yalana alışdırmaqdır.

Yalan toxuyurlar -
ipəkqurdu tək,
Ərişi, arğacı
qızılı yalan.
Kitaba düşməyən,
dilə gəlməyən,
Sözün kölgəsinə
yazılı yalan!
Yalan toxuyurlar -
dil götürməyən,
Kitaba sığmayan -
yalan ələnir.
Tutub çətir kimi
yalanı göyə,
Onun kölgəsində
xalq "sərinlənir".
...Düzlükdən köynək gey
dünya götürmür,
Haqdı, həqiqətdi -
yenə təklənir.
Dünyanın ən böyük
kürsülərindən -
bizim üstümüzə
yalan şəklənir...

Müasir masonluğun XVIII əsrin əvvəllərində İngiltərədə və Avropada təşəkkül tapıb dünyanın hər yerinə yayıldığı da məlumdur. Ancaq Masonluğun gördüyü işləri çox-çox əvvəl Avropa dövlətləri görüblər... David Rokfellerin (1915-1996) ölümündən xeyli sonra - 2013-cü ildə üzə çıxardılan "Son yüz ilin böyük etirafları"nda ABŞ və Qərbi Avropanın Yer planeti əhalisinin başına gətirdiklərindən danışılır. Çox maraqlıdır ki, əsas hədəf türklər və Türkiyədir. Bunun səbəbini də D.Rokfeller izah edir. O, yazır: "Bu türklər əslində birləşib bir araya gəlsələr, qarşılarında heç bir güc dayanmaz". Türklərin birləşib bir araya gəlməməsi üçün Avropa dövlətləri nə lazımdırsa ediblər və edirlər. Başda Türkiyə və türk dünyası olmaqla dünyanın 5 milyard əhalisi eksperiment meydanıdır..."
S.Bəşirov düşünür ki, A.Qoşqarın "Oyun" şeirində əvvəldə qeyd etdiyim siyasət oyununun nəticələrindən danışılır: "Çaldıran düzü, Şah İsmayıl, Sultan Səlim yada salınır. Türkün faciəsidir ki, parçalanıb indiki vəziyyətə düşüb. Türkün qılıncı dəfələrlə Avropa dövlətlərini yox olmaq təhlükəsi ilə üz-üzə qoyub, ancaq sonda Avropa istəyinə nail olub. Əmir Teymuru Yıldırım Bəyazidlə, Uzun Həsəni Sultan Məhəmməd Fatehlə, Şah İsmayılı Sultan Səlimlə, Şah Təhmasibi Sultan Süleyman Qanuni ilə müharibəyə sövq edib... Bu qanlı savaşlarda isə ölən türk olub...

...Çaldıran düzündə torpaq qan qoxur, -
Qardaş qanı ilə
suvandı bu yurd.
Dayan, Şah İsmayıl,
hiylə qurulub
Dayan, Sultan Səlim,
qəzəbini ud -
Siyasət oyunu gedirdi, baba!
Sizlərə qalmışdı -
bu boyda dünya,
Torpaqmı azıydı,
yermi darıydı?
Nə qədər idi ki -
arada boşluq?!
Yoxsa ki, araya -
girən varıydı?!
...Başımıza enən öz qılıncımız,
Həqiqəti deyib -
kənarda qalan,
Qanına boyanan -
söz qılıncımız!
Siyasət oyunu gedirdi, baba!
Bizim nəsibimiz budurmu, baba?!
"Udan" sabahını hərraca qoyur,
Uduzan - sabahı udurdu, baba -
Siyasət oyunu gedirdi, baba!

Avdı Qoşqarın hələlik sonuncu kitabı "Daş tərəzi" adlanır. Şairin yaradıcılığını anlamaq üçün bu kitabda toplanmış "Daş tərəzi", "Çamırlıqda ömür sürmək...", "Yalan", "Şükranlıq", "Oyun", "Mən bilən..." şeirləri kifayətdir...
Nə üçün tərəzi yox, daş tərəzi? Görünür, şair adamları insanlıqdan uzaqlaşdıran ən müasir texnologiyalara, o cümlədən müasir tərəzilərə də etibar etmir və düzü düz, əyrini əyri çəkmək üçün daş tərəziyə üz tutur, hətta bu daş tərəzinin də düz çəkəcəyinə inanmır. Çünki "göz gördüyündən qorxar" - deyiblər.

Hər şey ortadadı,
nəyi çəkim ki?!
Ha çəksən,
əyrisi düzü əyəcək.
Yüz ağıl qomunu
bu tərəfə yığ -
Yenə o biri yan -
bizi əyəcək!..
...Əyilib ölçüsü daş tərəzinin
Bu qədər ah-vayı gözünə yüklə -
Vecinə də deyil yaş tərəzinin.
Nəyi var olduğu kimi çəkəcək...
...Onun nə vecinə, - çəkməkdi işi,
Çəkilən, ələnən, talanan bizik.
Ağzı açıq qalmış -
qır qazanında,
Çırtaçırtla yanıb qalanan bizik...

Poeziyanın ənənəvi müraciət "obyektləri" var - dağlar, çərxi-fələk... (bu, həm də şifahi xalq ədəbiyyatına, xüsusən bayatılara, ağılara aiddir...)
Müasir ədəbiyyatın müraciət "obyektlərindən" biri də qapıdır. Qapı hərfi mənasından daha çox başqa mənalarda işlənir, sanki getdikcə sirr, müəmma, bilinməzlik... pərdəsinə bürünür. Qapı - bağlı qapılar arxasında nəinki fərdlərin, hətta xalqların və dövlətlərin taleyi həll olunur. Ona görə də qapı ilə bağlı onlarca deyim də yaranıb...
"Daş tərəzi" kitabında 37 şeir toplanıb və şeirlərin əksəriyyəti acı həqiqətlərin etirafı və ifadəsidir. Böyük rus tənqidçisi və mütəfəkkiri V.Q.Belinski yazırdı: "Elə iyrənc və çirkin şeylər var ki, onlara qarşı nifrət hissi oyatmaq üçün onları, əslində necə varsa, olduqları kimi göstərmək və ya onları öz adları ilə adlandırmaq kifayətdir...".
Bu şeirlərin bir qayəsi var: çamırlıqda ömür sürülməsin, çamırlıqla barışılmasın, "ət uğrunda, sümük üstdə" yarışılmasın, pisliyə öyrənilməsin, yalana haqq qazandırılmasın, "oyunların" iştirakçısı, oyunlara alət olunmasın... Çünki şairin dərin inamı var ki:

Mən bilən bu işlər
çox gedə bilməz.
Belə başa varmaz
bu qeylü-qallar.
Bu boyda haramı -
Tanrı götürməz,
Bu boyda sınağa
dözməz halallar.
Bu boyda yalanı
Tanrı götürməz,
Elə sınağa da
dözməz mən bilən,
Bu boyda haram ki,
başdan ələnir,
Buna haram demə,
qandı tökülən...
Bu yollar sonacan
çox gedə bilməz, -
Ya yolçu bezəcək,
ya yol duracaq...

Şükranlıq nəyəsə səbr etmək, boyun əymək, tabe olmaq deyil. Bu dünyada hər şey keçici olsa da insanın fiziki mövcudluğu, yaşamağı düşünməsi... qənimətdir. Şükranlığın bir əsas anlamı da "bundan daha pis ola bilərdi" - kimi düşünüb olanlara (hətta bizi razı salmasa belə) qane olub, daha yaxşı gələcəyə inanmaqdır. Əslində, lap iynənin ucu boyda olsa belə bu inam hissi olmasa insan yaşaya bilməz.

Uğur