“Qarabağda danışıqların real nəticəsi yoxdur” Layihə

“Qarabağda danışıqların real nəticəsi yoxdur”

Ermənistanın baş naziri Paşinyanla Dağlıq Qarabağdakı qondarma rejim arasında münasibətər getdikcə gərginləşir.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərlə söhbətində Nikol Paşinyan və hökuməti ilə Dağlıq Qarabağdakı qondarma rejim arasında gərgin münasibətlərdən, bu gərginlik fonunda “torpaqların verilməsi hazırlıqları” barədə ittihamlardan danışıb.

“Azadlıq” radiosunun erməni xidməti xəbər verir ki, Mnatsakanyan Yerevanla Xankəndindəki rejim arasında ixtilafların olduğunu təsdiqləyib. Amma tərəflərin bir-birlərinin ünvanına irəli sürdüyü son ittihamları şərh etmək istəməyib.

Belə ki, Nikol Paşinyan Dağlıq Qarabağdakı rejimin rəhbərliyini onunla məxfi müzakirələrdən sonra sosial şəbəkələrdə “torpaqları satmaq” barədə iddialar yaymaqda günahlandırıb. Deyib ki, əvvəlki hakimiyyət danışıqların detalları haqda Qarabağdakı rejimi heç vaxt məlumatlandırmayıb. O isə danışıqlara dair bütün sənədləri Dağlıq Qarabağ rəhbərliyinə verib. Münaqişənin həllinə dair öz baxışlarını onlara çatdırıb. Qapalı müzakirələrdə Dağlıq Qarabağ rəhbərliyi bu mövqe ilə razılaşıblar, amma daha sonra sosial şəbəkələrdə Paşinyanın “torpaqları satmağa” hazırlaşdığı haqda iddialar yayıblar.

Paşinyanın bu bəyanatına cavab olaraq Dağlıq Qarabağdakı rejimin rəhbəri Bako Saakyan Ermənistanın əvvəlki hakimiyyətinin danışıqların detalları haqda həmişə onları məlumatlandırdığını deyib. Başqa sözlə, Paşinyanın yalan danışdığına eyham vurub.

Xarici işlər naziri Zöhrab Mnatsakanyan bu mübahisəni şərh etmək istəməyib, amma deyib ki, torpaqların qaytarılması iddialarını heç müzakirə etməyə belə dəyməz.

“Siz necə təsəvvür edirsiniz, hakimiyyət Ermənistanın, erməni xalqının və Dağlıq Qarabağın maraqlarına uyğun gəlməyən hansısa addım ata bilərmi? Və bütün bunları razılaşma sənədində əks etdirməyi təsəvver edərmi? Belə şey ola bilməz. Torpqların satılmasına dair qalan məsələləri heç müzakirə etməyə də dəyməz”-Mnatsakanyan bildirib.

Qeyd edək ki, torpaqların qaytarılmasını istisna edən bu kimi bəyanatlar Ermənistanın indiki hakimiyyətinin nümayəndələri tərəfindən əvvəllər də səsləndirilib. O cümlədən Paşinyan özü bir neçə dəfə belə ritorikadan çıxış edib. Habelə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan işğal altındakı Füzuli rayonunda olarkən Arazboyu ərazilərin qaytarılmayacağını, əksinə, orada yeni məskunlaşma aparılacağını bildirmişdi.

Ümumiyyətlə, Paşinyanın hökuməti “bir qarış da torpaq verməmək” ritorikasına tez-tez əl atır. Və belə olan halda sual yaranır: əgər torpaqların işğaldan azad edilməsi barədə danışılmırsa o zaman Mnatsakanyanla onun azərbaycanlı həmkarı Məmmədyarov vaxtaşırı olaraq baş tutan görüşlərində saatlarla nədən danışırlar?

Axı münaqişənin nizamlanmasına dair beynəlxalq vasitəçilərin bütün variantlarında ən azından Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması öz əksini tapıb. O cümlədən Azərbaycan üçün pis variant olan "Madrid prinsipləri" 5 rayonunun geri qaytarılmasını, daha 2 rayonunun isə Dağlıq Qarabağın yekun statusuna dair razılaşmadan sonra ən azından qismən boşaldılmasını nəzərdə tutur.

Rusiyalı politoloq Qriqori Trofimçuk bildirib ki, Qarabağ Paşinyanın son 25 ildə kollektiv danışıqlarla bağlı bütün səyləri ləğv etməyə başladığı əsas fəaliyyət istiqamətlərindən biridir: “O, elan edir ki, sülh qarşılığında ərazi mübadiləsinə getmir, amma əvvəldən bu, konfliktin həlli prosesində əsas mahiyyəti təşkil edir. Digər tərəfdən, o deyir ki, Qarabağa heç bir aidiyyəti yoxdur, amma burada aktiv şəkildə hakimiyyəti dəyişməyə cəhd göstərir. Bütün bunlar Qarabağın İrəvandan ayrılmasına, ABŞ-ın birbaşa təsiri altına düşməsinə gətirib çıxaracaq. Bu, xüsusilə, Ağ Evin İrana qarşı gələcək təzyiqləri fonunda daha realdır. Paşinyan hər kəsi hər şeydə ittiham edir, ona görə də hansısa erməni siyasətçinin ünvanına onların guya Azərbaycana torpaq satmaları ilə bağlı ittihamlar artıq yeni xəbər deyil. Bu, ölkədə tezliklə daha sərt formaya keçəcək daxili siyasi mübarizənin bir hissəsidir. Bakı ilə danışıqlara gəlincə isə, məncə, Paşinyan Azərbaycanın sakit şəkildə diskussiyaları davam etdirməsindən təəccüblənir. Belə ki, Bakı artıq Paşinyanın qəribə addımları sayəsində İrəvana qarşı qeyri-hərbi təzyiqlər göstərmək üçün çoxlu sayda “kozırlara” sahiblənib. Görünür, Nikol Vovayeviç Azərbaycanı yeni Qarabağ müharibəsinə təhrik etmək üçün hər şeyi edib, amma Azərbaycan nədənsə hələlik buna getmir”.

Politoloq onu da qeyd edib ki, əgər Ermənistan baş naziri Qarabağdakı hakimiyyət dəyişikliyinə birbaşa təsir göstərsə, o zaman onun Qarabağın müstəqil, ayrı və suveren tərəf kimi danışıqlar masasında əyləşməsi ilə bağlı iddialar avtomatik olaraq qapanacaq. Məncə, Azərbaycanın özü də bunu yaxşı anlayır. Bu, ən sadə və məntiqli əks-arqumentdir. Paşinyanın özü də “suveren Qarabağın” işlərinə müdaxiləsini xarici dünyadan gizlətmir, halbuki, əsl siyasətçi bunu birmənalı şəkildə gizlədərdi. Əgər danışıqlar prosesindən danışsaq, o zaman hər kəsə artıq Paşinyanın Azərbaycana heç nəyi qaytarmağa hazırlaşmaması aydındır.

Politoloq Paşinyanın reytinqinin azalmasına da münasibət bildirib. Qeyd edib ki, Paşinyana onun reytinqinin azalmasını dayandıra biləcək yeni layihələr düşünməsi daha da çətinləşir. İndi bu məqsədə çatmaq üçün məhkəmələr hədəf götürülüb. Paşinyanın özü hakimiyyətə qeyri-konstitusion yolla gəlib, ona görə də özünün əsas baza problemini növbədənkənar parlament seçkisi keçirərək, maksimal şəkildə həll etməyə çalışdı. Bu o deməkdir ki, gələcəkdə kütlə onu da devirə bilər. Üstəlik, onun vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı hesabatı etibarsız görünür. Demokratiya haqqında müntəzəm sözlər üçün artıq vətəndaşlarda kalori və pul yoxdur. Buna artıq daha çox insan əmin olmağa başlayır. Paşinyanın siyasi müxalifəti isə mövcuddur və əvvəl dediyim kimi, özünü daha sərt şəkildə göstərməyə başlayıb. Paşinyan siyasətçi kimi zəifdir, bunu isə hər kəs görür və hiss edir.

Q.Trofimçuk əlavə edib ki, Qarabağ ətrafında hər gərginlik əvvəlkindən daha kəskin və dəhşətli olacaq:”2016-cı ilin aprel müharibəsi dondurulub, amma bu, lazımi zəmanətlə dayandırılmayıb. Bayaq dediyim kimi, Paşinyan Azərbaycanı bilərəkdən yeni müharibəyə təhrik üçün əlindən gələn hər şeyi edib və ona mesaj verib ki, torpaqları heç bir şərtlə qaytarmağa hazırlaşmır. Bakının əlində Paşinyana təsir üçün qeyri-hərbi xarakterli ciddi rıçaqları var və mən anlaya bilmirəm ki, niyə indiyə qədər ondan istifadə edilmir. Bu “qaşıq” nahara yaxın qiymətə minir. Əgər Paşinyanın arxasında Azərbaycanla Ermənistan arasında bilərəkdən yeni qarşıdurmanı qızışdıran regiona yad gizli qüvvələr dayanırsa, o zaman yeni müharibə qaçılmazdır. Ermənistan və Azərbaycan arasındakı konfliktin həlli xarici nəzarətçilərdən yalnız Rusiya üçün sərfəlidir. Belə ki, Cənubi Qafqazdakı böyük müharibəyə o tab gətirə bilməz. Digər güc mərkəzləri (AB və ABŞ) üçün isə burada nəyin partlayıb-partlamaması önəmsizdir. Onlara hətta yerli xammalın hasilatı, daşınmasına nəzarəti ələ keçirib, indiki kimi buna böyük pullar ödəməməsi üçün partlayışın olması daha sərfəlidir. Bununla belə, hər kəs anlayır ki, Qarabağda danışıqların realı nəticəsi yoxdur.

Əgər Qarabağda böyük müharibə baş versə, belə proqnoz vermək olar ki, həm Ermənistan, həm də Azərbaycan zəifləyəcək. Təcrid olunmuş müharibə burada alınmayacaq, çünki Yaxın Şərq və İrana yaxınlığı nəzərə alınarsa, partlayış bütün regionu bürüyəcək”.

Onu da qeyd edək ki, Naxçıvanda Azərbaycanla Türkiyənin birgə hərbi təlimlər keçirməsi işğalçı Ermənistanı təşvişə salıb. Hərbi ekspert Emin Həsənli deyib ki, Azərbaycanla Türkiyənin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq əlaqələri də mövcuddur: “Bu əlaqələr daha da dərinləşməkdədir. Xüsusilə enerji sahəsində iki ölkənin birgə əməkdaşlığı sürətlə inkişaf edir, Avropanın enerji ilə təmin olunması istiqamətində mühüm addımlar atılır, qərarlar qəbul olunur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti böyük əhəmiyyətə malikdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə həmişə Azərbaycana dəstək verib. Azərbaycan torpaqlarının 20 fazinin Ermənistan tərəfindən işğal olunmasına görə, Türkiyə sərhədlərini Ermənistanın üzünə bağlayıb və işğalçı ölkə ilə heç bir diplomatik əlaqə qurmayıb”.

E.Həsənli əlavə edib ki, Azərbaycanla Türkiyə arasında olan hərbi təlimlər iki qardaş ölkənin silahlı qüvvələri arasında inteqrasiyaya təkan verir, hərbi təlimlər Azərbaycan və Türkiyə ordusunun döyüş gücünün artırılması baxımından önəmli rola malikdir: “Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Ermənistanda təşvişlə qarşılanmaqdadır. Azərbaycan və Türkiyə arasında olan birgə hərbi təlimlər hər iki ölkənin hərbi qüvvələri arasında önəmli rol oynayır”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən bu gündən başlayaraq iyunun 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimin son mərhələsi keçiriləcək.

Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və onların birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

Cavid