Həyatın gerçək təsvirini verən məktublar, xatirələr deyir ki... Layihə

Həyatın gerçək təsvirini verən məktublar, xatirələr deyir ki...

"Molla Nəsrəddin" jurnalının nəşr edilməsində Məmmədəli Sidqinin göstərdiyi xidmətlər danılmazdır

Azərbaycanda ictimai fikrin formalaşmasında məşhur "Molla Həsrəddin" jurnalının özünəməxsus yeri var. Araşdırmaçı Hailə Səmədova Məmmədəli Sidqinin "Molla Həsrəddin" jurnalı ilə əməkdaşlığını araşdırıb. O, bildirir ki, maarifpərvər müəllim və mühərrir Məmmədəli Sidqi XX yüzilin tanınmış ziyalılarındandır: "O, görkəmli maarifçi və pedaqoq Məmmədtağı Sidqinin ailəsində 1888-ci ildə Ordubadda dünyaya göz açıb. Dövrün görkəmli və ziyalı adamları Kərbəlayi Nəsrulla Şeyxov, Mirzə Nəsrulla Əmirov, Məşədi Qurbanəli Şərifov, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Şahbaz ağa Kəngərlinski və başqaları Məmmədtağı Sidqinin ən yaxın dostları idi".
Məmmədəli Sidqi o illəri belə xatırlayır: "Atamın yaxın dostları, Naxçıvanın ziyalıları çox gecələr atamın ikinci mərtəbədə olan otağına yığışıb çox vaxt səhərə yaxın dağılışardı. Atam çox şirinsöhbət olduğuna görə bizə yığışmaqdan əlavə hər gecə atamı dəxi onlar öz evlərinə dəvət edərlərdi".
Araşdırmaçı vurğulayır ki, belə bir mühitdə böyüyən Məmmədəli Sidqidə hələ uşaq vaxtlarından ədəbiyyata həvəs və məhəbbət olub: "O, ilk təhsilini Naxçıvanda atası Məmmədtağı Sidqinin təşəbbüsü ilə açılmış "Məktəbi-tərbiyə"də alıb. Sonra təhsilini Naxçıvan şəhər rus-tatar məktəbində davam etdirib. Hüseyn Cavid, Əliqulu Qəmküsar, İbrahim Əbilov, Əli Səbri Sidqinin məktəb yoldaşları olublar. 1906-cı ildə məktəbi bitirdikdən sonra Məmmədəli Sidqi əvvəlcə "Məktəbi-tərbiyə"də, daha sonra Naxçıvan kəndlərində müəllimlik edib. Onun "Açıq söz", "Bəsirət", "İttifaqi-tərəqqi", "Sədayi-həqq", "Sədayi-vətən", "Həqiqət", "Bakı", "Kaspi", "Azərbaycan", "Vətən yolunda", "Sumqayıt işçisi", "Molla Nəsrəddin", "Babayi-əmir", "Zənbur" və sair qəzet və məcmuələrdə "Qəmiş", "Şeypur", "Mozalan" kimi imzalarla yazıları dərc olunub".
"Molla Nəsrəddin" nəşr olunduğu ildən (1906) Məmmədəli Sidqinin Əliqulu Qəmküsar ilə birlikdə Naxçıvandan göndərdikləri yazılar jurnalda dərc olunurdu: "Buna görə də hər ikisi nəzarət altına alınmışdı". Məmmədəli Sidqi xatirələrində yazır: "1906 və 1907-ci illərdə Tiflisdən aldığımız və Boqoslavskinin yazdığı intibahnamələri çap edib çoxaltmaq istədik. Boqoslavski bizim evdə jelatindən teleqraf düzəltmişdi. Gecələr çap etdiyimiz intibahnamələri Boqoslavski şəhərin divarlarına yapışdırırdı. 1907-ci ilin əvvəllərində mənim evim polislər tərəfindən mühasirəyə alınaraq axtarış edildi və heç bir şey tapılmadığına görə mənə toxunan olmadı. Lakin Boqoslovski, onun bir nəfər gürcü yoldaşı və iki nəfər naxçıvanlı (Heydər Məmmədov və Nəcəfqulu Nəcəfov) həbsə alınıb sürgün edildilər. Məni isə Naxçıvan məktəbindən çıxarıb kənd məktəblərinə müəllimliyə göndərdilər... İrəvan quberniyasının direktoru məşhur missioner F.A.Smirnov ... evin axtarılmasını əldə bəhanə edərək məni sədaqətsiz müəllim adlandırmaqla 1910-cu il iyun ayının birindən vəzifədən kənar etdi".
Araşdırmaçı bildirir ki, məhz belə bir vaxtda, 1910-cu il iyun ayının 9-da Cəlil Məmmədquluzadə Tiflisdən Məmmədəli Sidqiyə məktub göndərir: "Əzizim Məmmədəli! Mən bu ovqat kəndə getməliyəm və burada bir adam lazımdır ki, "Molla Nəsrəddin"i idarə eləsin. Əgər yay fəsli, yəni iki ay gəlib Tiflisdə qala bilsəniz... Tez gəliniz Tiflisə və bunu da biliniz ki, burada, bizim evdə yeyib-içəcəksiniz və bir qədər də xərclik hər ay evə göndərə biləcəksiniz. Qədərini indi müəyyən edə bilmədim, amma güman edirəm ki, narazı olmazsınız. Əgər iki aydan sonra Tiflisdə qalmaq istəsəniz, bəlkə yenə idarədə qalasınız. Bunu da biliniz ki, burada bizim uşaqlara dərs verə bilərsiniz. Bura gələndən sonra hər bir şey müəyyən olar. Amma güman edirəm ki, "Molla Nəsrəddin" işlərində mənə yaxşı köməkçi ola biləsiniz. Əgər mərhum Sidqi bəradərimin oğlu ilə gələcəkdə dostluğum baş tutsa, özümü xoşbəxt hesab edərəm".
Hələ 1910-cu il may ayının 15-də Mirzə Cəlil Məmmədəli Sidqiyə yazmışdi: "Qələm yoldaşım Məmmədəli Sidqiyə! Azarlı olmağım səbəbindən rica edirəm, bir neçə ayın müddətinə mənim əvəzimdən "Molla Nəsrəddin" məcmuəsinin müdiri-məsulluğunu öhdənə götürəsən. "Molla Nəsrəddin" məcmuəsinin müdiri Cəlil Məmmədquluzadə".
Araşdırmaçı bu fikirdədir ki, şübhəsiz, Cəlil Məmmədquluzadə bir tərəfdən Məmmədəli Sidqinin onu layiqincə əvəz edəcəyinə inanır, digər tərəfdən sədaqətli dostu Məmmədtağı Sidqinin ölümündən sonra ailənin ehtiyac içində yaşamasından bixəbər deyildi: "Vaxtilə Cəlil Məmmədquluzadə Nehrəm kəndində müəllimlik etdiyi zaman hər həftə kənddən Naxçıvana gəldikdə "Məktəbi-tərbiyə"də Məmmədtağı Sidqinin görüşünə gələrdi. Məmmədəli Sidqi "Molla Nəsrəddin" jurnalının əlli illiyi münasibətilə qələmə aldığı xatiratda atası ilə Mirzə Cəlilin dostluğundan bəhs edib: "Cümə günlərini atamı evlərinə qonaq aparıb bütün gün onunla söhbət edərdi və yazmağa başladığı əsərlərini ona oxuyardı. Məmmədtağı Sidqi rus dilini bilmədiyinə görə rus ədəbiyyatından istifadə edə bilmirdi. Lakin onun yaxın dostları Cəlil Məmmədquluzadə, Əsəd ağa Kəngərli, Paşa ağa Sultanov bu barədə ona çox kömək etmişlər. Cəlil Məmmədquluzadə İrəvanda yazdığı "Poçt qutusu" əsərini atama göndərmişdi".
Beləliklə, 1910-cu il iyunun ortalarında Məmmədəli Sidqi Tiflisə gəlir: "Bu, onun Tiflisə üçüncü gəlişi idi. Bundan əvvəl o, Naxçıvandan Tiflisə məhz Mirzə Cəlillə görüşmək üçün gəlmişdi. Böyük ədiblə görüşündən aldığı təəssüratlarını Məmmədəli Sidqi belə xatırlayır: "Cəlil Məmmədquluzadə tək qalıb çox yorğun olduğundan şikayət etdi və istirahət üçün kəndə getməyə tələsdiyini bildirdi. Ümumiyyətlə, redaksiya, mətbəə və litoqrafiya işlərindən xəbərdar olmadığıma görə Cəlil Məmmədquluzadə üç gün müddətində məni bütün bu işlərə bələd etdi və ilk zamanlarda mənə kömək üçün o zaman Tiflisdə "Molla Nəsrəddin" jurnalında yaxından iştirak edən Həbib Zeynalov ilə məni tanış etdi". Məmmədəli Sidqi jurnalın şəkillərini Həbib Zeynalovla birlikdə tərtib edir, yazıları oxuyub təshih edirdilər. Xərcin çox çıxmaması üçün iki nömrənin şəkli bir yerdə daşla çap olunurdu. Bir nömrə abunəçilərə göndərilirdi və satışa buraxılırdı, o biri nömrə isə hazır şəkillərlə gələn həftəyə qalırdı. Sonralar məcmuənin dərc olunmasında bütün ağırlıq Sidqinin üzərinə düşmüşdü. O, xatirələrində bununla əlaqədar bildirirdi: "Redaksiyada məndən başqa işçi yox idi. Şəkilləri rəssamlara sifariş vermək, jurnala material hazırlamaq, litoqrafiyada və mətbəədə jurnalın yazılarını təshih etmək, jurnal çap olunduqdan sonra hamısını büküb üstünə adres və marka yapışdırmaq və poçta salmaq kimi vəzifələr mənim öhdəmdə idi".
Məmmədhəsən Səfərov atası Məmmədəli Sidqinin tərcümeyi-halını qələmə alaraq ömür yolunun hər bir məqamını canlandırmağa çalışmış və "Molla Nəsrəddin" məcmuəsində fəaliyyətindən bəhs etmişdi: "Ələlxüsüs yay aylarında Ömər Faiq də Azxura getdiyi üçün Məmmədəli jurnalı yalnız təkbaşına buraxardı. Belə ki, jurnalın hər bir işini özü görərdi. İsmayıl Həqqi ilə birlikdə 1911-ci ildə Sabir Tiflisə müalicəyə gələrkən yenə Məmmədəli idarədə tək işləyirdi və Sabir ilə ikisi bir otaqda idarədə yaşayırdılar"".
"Molla Nəsrəddin" jurnalının nəşr edilməsində Məmmədəli Sidqinin göstərdiyi xidmətlər danılmazdır: "Mirzə Cəlil ona etibar edir və güvənirdi, jurnalın yaxşı çıxmasından razılıq edirdi. Onun Sidqiyə yazdığı məktubları bunu bir daha təsdiqləyir. Bununla belə, Məmmədəli Sidqi nəinki "Molla Nəsrəddin" məcmuəsinə redaktorluq edir, həmçinin Mirzə Cəlilin məişət məsələləri ilə əlaqədar işlərində yaxından iştirak edir, ailənin bir çox problemlərini həll edirdi. 1911-ci ildə Sidqiyə ünvanladığı məktublarının birində Mirzə Cəlil yazır: "Bu gün Səmədovlara tel vurdum, sənə 50 manat versin. Jurnal gəlmir, bilmirəm niyə? Evdən və uşaqlardan muğayat ol. Müzəffər çox gəzməsin və səy eləsin. Münəvvərin paltarını al və nə lazım olsa, birbəbir elə. Hər nə sözün olsa, yaz. Qəzetləri göndər". Başqa bir məktubunda Cəlil Məmmədquluzadə Məmmədəli Sidqiyə yenə də ən yaxın adamı kimi müraciət edir: "...Sən bunu bil ki, orada sən mənim vəkilimsən və yaxşı işlərdə də, pis işlərdə də insafının yanında sən cavabdeh olacaqsan. Həmidə xanım da sənə çox dua göndərir və səndən çox razıdır, mən də həmçinin. Amma hər ikimiz də sənin yanında xəcalət çəkirik ki, puldan yana sənə korluq verdik...". Böyük ədib Sidqini sahibi-ixtiyar adlandırır, ona məişət məsələləri ilə bağlı sifarişlərini verməklə yanaşı "nə cür ağlın kəsir, o tövr elə" deyir.
Məmmədəli Sidqi 1910-cu ilin ortalarından 1911-ci ilin sonlarınadək "Molla Nəsrəddin" jurnalının müvəqqəti redaktoru olsa da, sonrakı illərdə də məcmuənin nəşrində və yayılmasında yaxından iştirak etmişdi. Məlumdur ki, "Molla Nəsrəddin" Cənubi Qafqaz şəhərlərindən başqa Orta Asiya, Türkiyə, İran, Mərkəzi Rusiyanın bir çox şəhərlərinə göndərilirdi. Bu işdə də Məmmədəli Sidqinin xidmətlərini qeyd etməmək olmaz. Cəlil Məmmədquluzadənin Sidqiyə ünvanladığı 7 mart 1912-ci il, 11 yanvar 1915-ci il, 10 fevral, 17 sentyabr 1917-ci il tarixli məktublarını nəzərdən keçirmək kifayətdir ki, deyilənlər bir daha təsdiq olunsun. Hətta 1929-cu il iyun ayının 9-da İrəvandan göndərdiyi məktubunda yazmışdı: "...Ümidvaram, məcmuəni adi bir qayda ilə çıxarasan ki, kəm-kəsiri olmaya. Əli Nəzmiyə materialdan yana kömək elə ki, məcmuəni əhəmiyyətsiz material ilə doldurmağa məcbur olmasın. Habelə, şəkillər biməna olmasınlar. Bu barədə Polina Afanasyevnaya da yazmışam ki, sənə desin. Əlbəttə, unutmayasan. Ümumiyyətlə, diqqət ver ki, yaramaz material çap olunmasın..."".
Araşdırmaçı sonda bu qənaətə gəlir: "Beləliklə, böyük maarifçi-pedaqoq Məmmədtağı Sidqinin oğlu mühərrir Məmmədəli Sidqinin "Molla Nəsrəddin" məcmuəsinin nəşr olunmasında böyük xidmətləri olub. Həyatın gerçək təsvirini verən məktublar, tərcümeyi-hal və xatirələr bunu bir daha təsdiqləyir, indiyədək işıqlandırılmamış bir çox məqamlara aydınlıq gətirir".

Uğur