“Ah, mütərcim!” Layihə

“Ah, mütərcim!”

Haşım bəy Vəzirov məqalələrində müsəlman aləminin geriliyinin səbəbi kimi avamlığı, cahilliyi, fanatikliyi və xurafatçılığı göstərirdi

"Dün mərhumun tabutu arxasından həzin-həzin gedərək düşünüyordum və Haşım bəydən cavanlarımıza örnək olaraq nəyi göstərmək olar deyə - özümə sordum: "İstiqamət, başladığı bir işi əncamə yetirmək əzmi və səbatı!" - deyə cavab verdim. İştə ruhlu, məsləkli, qəlbləri atəşin bir amalpərvərliklə dolu olan cavanlar, iştə sizə dəgərli bir nümunə!... Məqsəd uğrunda Haşım bəy qədər səbatkar, başladığınız işdə bu mərhum qədər fədəkar olunuz!.. Səni də Allah əfv etsin ay zəhmətlərə qatlanan, ay sıkıntılardan usanmayan qələm arkadaşı! Allah rəhmət eləsin sənə, ey xidmət qurbanı!".
Parça Məmməd əmin Rəsulzadənin "Açıq söz" qəzetində çap edilmiş "Haşım bəy Vəzirov" məqaləsindən götürülüb. Müəllim, jurnalist, naşir, tərcüməçi, dramaturq olan Haşım bəy Vəzirov 1868-ci ildə Şuşa şəhərində anadan olub. Haşım bəyin ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri imiş. Oxumağa, təhsilə önəm verən olub. Azərbaycanın görkəmli yazıçısı, tarixi romanlar müəllifi və dəyərli araşdırmaçı Yusif Vəzir Çəmənzəminli də bu nəsildəndir və Haşım bəyin qardaşı oğludur.
Haşım bəy Vəzirov öncə molla yanında dərs alıb. Şəhər məktəbini bitirdikdən sonra İrəvan Müəllimlər Seminariyasına daxil olub. Haşım bəy ilk qələm təcrübələrinə tələbə ikən başlayıb, "Məktəb tərbiyəsi", "Döymə qapımı, döyərlər qapını", "Evlənmək su içmək deyil" əsərlərini yazıb. Seminariyanı bitirdikdən sonra bir neçə il İrəvan vilayətinin müxtəlif yerlərində müəllimlik və müfəttişlik edib. 1890-cı illərdə Şuşaya gələrək, "Rus-Azərbaycan" məktəbində ana dilindən dərs deyib. Bu zamanlar "Kaspi" və "Novoye obozrenie" qəzetlərində, "Sbornik materialov dlya opisaniya plemyon i mestnostey Kavkaza" məcmuəsində məqalələr çap etdirib, Şekspirin "Otello" faciəsini və bəzi başqa əsərləri azərbaycancaya çevirib. Şuşa bələdiyyə idarəsinin üzvü olduğu vaxt camaatın narazılığı nəticəsində hökumət H.Vəzirov beş illiyə Stavropola sürgün edilib. 1905-ci ildə Bakıya qayıdıb, "İrşad" qəzetində məqalələr çap etdirməyə başlayıb, bir müddət bu qəzetin məsul redaktoru olub. Az sonra Haşım bəy Vəzirov Molla Pənah Vaqifin seçilmiş şeirlər məcmuəsini çap etdirib.
1906-cı ilin ortalarında sürgündən azad olunan Mir Haşım bəy Şuşaya, sonra Bakıya qayıdır və ömrünün axırınadək Bakıda qalır. Burada Əhməd Ağaoğlunun "İrşad" qəzeti ilə əməkdaşlıq edən Mir Haşım bəy sonra bir müddət qəzetin müvəqqəti redaktoru olur. "İrşad"ın on beş nömrəsi onun redaktorluğu ilə çıxıb. Buradakı fəaliyyəti ilə Mir Haşım bəyin professional jurnalistlik dövrü başlamışdır. Bundan sonra o özü müstəqil bir qəzet yaratmaq fıkrinə düşür və 1907-ci ildə "Tazə həyat" qəzetini nəşr etdirir. Milyonçu H.Z.Tağıyev H.Vəzirova "Tazə həyat" qəzetinin maliyyə xərclərinə yardım göstərəcəyini vəd etmişdi. Qəzetin ilk nömrəsi 1907-ci il aprelin 1-də çapdan çıxmış və nəşri 1908-ci ilin sentyabrınadək davam edib. Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əliabbas Müznib, Məmmədsəid Ordubadi, Süleyman Sani Axundov, Tağı Şahbazi, Mir Mehdi Seyidzadə, Mirzə Şərif Əfəndizadə, Bayraməli Abbaszadə, Məşədi Azər, Cəlal Yusifzadə və b. qəzetin əməkdaşları olub.
Tiflis Mətbuat İşləri Komitəsinin Baş Mətbuat İşləri İdarəsinə göndərdiyi 1908-ci il hesabatında qeyd olunurdu ki, Bakıda neft sənayeçisi, milyonçu H.Z.Tağıyev tərəfindən nəşr edilən və Haşım bəy Vəzirovun redaktor olduğu gündəlik ictimai-siyasi "Tazə həyat" qəzeti 1908-ci ilin ikinci yarısınadək sabit sağ istiqamətdə dayanmış, "İrşad", "Tərəqqi" qəzetlərinə zidd olaraq müsəlman ruhaniliyinin müdafiəçisinə çevrilmişdir.
Haşım bəy İslam dininə münasibətdə mühafizəkarların və ifrat qərbpərəstlərin tutduğu yolları əsla qəbul etməyib. Hər iki xətti tənqid edərək bildirirdi ki, İslam dini həm dəyişilməyir, həm də hər bir tərəqqi və irəli getmək ilə düz gəlir. Onun fikrincə, ancaq bu dinə kamil bələd olan şəxslər anlar ki, hazırda müsəlman aləminin geriliyinin günahkarı İslam deyil, başqa səbəblərdir. O, həmin səbəblərə nümunə kimi müsəlmanların əksər qisminin avamlığını, cahilliyini, fanatikliyini və xurafatçılığını göstərirdi. Onun fikrincə, müsəlman aləminin bu günə düşməsində ikiüzlü din xadimləri, o cümlədən mollalar və ruhanilər də mühüm rol oynayıb.
Halbuki İslam dini başlanğıcda və ondan bir müddət sonra sədaqət, ittihad, biqərəzlik dini olmuş və bu kimi amillərə əsaslanmışdır. Xüsusilə, "müsəlmanlar qardaşdırlar" prinsipi əvvəllərdə İslam dünyasında geniş yayılmış və müsəlman millətiləri, əsasən barış və rifah isərçisində yaşamışlar. Ancaq İslamın bərqərar olduğu və yayıldığı müddətdən bir neçə əsr keçdikdən sonra vəziyyət tamamilə dəyişilmişdir. Belə ki, ilkin islam qayda-qanunlarını unudan despotik hökmdarlar islam adından öz saxta qanun-qaydalarını irəli sürmüşlər. Bununla da, Haşım bəy Vəzirovun fikrinə görə, əvvəllər nə qədər sürətlə islamiyyət tərəqqi edib irəli getmişdisə, son əsrlərdə ona bənzər bir surətlə dağılmağa, tar-mar olmağa üz qoymuşdur. Belə bir dönəmdə islam millətlərinin başbilənləri, o cümlədən islam mütəfəkkirləri bundan çıxış yolları aramağa başlamışlar.
Haşım bəy yazırdı ki, İslamda yeniləşmənin olması ideyası 19-cu əsrin sonlarına doğru daha geniş yayılmış və 20-ci əsrin əvvəllərində də bu proses davam etməkdədir. Onun fikrincə, dövründə meydana çıxan ictimaiyyətçi və yenipərəst olmaq isə nəinki İslam dininə ziddir, əksinə bu dinlə üst-üstə düşür. Çünki ictimaiyyətçi və yenipərəst olmaq İslam bərqərar olan gündən onun mahiyyətini təşkil etmişdir. Bütün bunları nəzərə alaraq, H.Vəzirov yazırdı: "Biz hamı millətlərin, hamı insanların kamal həddinə yetişməyinin və onlarla birlikdə öz millətimizin xoşbəxtliyinin tərəfdarıyıq. Biz öz millətpərəstliyimizi əsil yenipərəstlik, insanpərəstlikdə binalandırırıq".
O qeyd edirdi ki, hürriyyət, müsavat və ədalət islamiyyətin əsas təməl daşlarıdır. Haşım bəy Vəzirov da, bütün bunları bu şəkildə qəbul edərək "Səda" qəzetində müsəlmanların rifahı üçün çalışacağına söz verirdi: "Siyasi cəhətdən ruznaməmiz tərəqqipərəstlik yolunda olub müsəlmanların haqqında indiyə kimi hər nə təcavüzat və sıxıntı olubsa, onların rəfinə çalışacaq, Rusiyada olan rus millətinə verilən hüquq və imtiyazın hamısını biz dəxi öz millətimiz üçün tələb edəcəyik və hər bir işdə bu halda Dövlət Dumasında müsəlman firqəsi tutduğu məramnamə ilə mütabiq gedəcəyik, dil məsələsinə gəldikdə mümkün olan qədər camaatın çoxuna tanış olmayan sözlərdən, istilahlardan qaçacayıq".
1907-ci ildən "Tazə həyat" adlı qəzet nəşr etməyə başlayan Haşım bəy Vəzirov sonralar hökumətin təqibləri nəticəsində tez-tez qəzetinin adını dəyişdirməli olub ("İttifaq", "Səda", "Sədayi-həqq", "Sədayi-vətən" və sair). 1911-ci ildə o, "Kavkazist" adlı rus dilində cəmisi yeddi nömrəsi çıxmış bir qəzet nəşr edib. Bu qəzetlərdən çoxu H.Vəzirovun milyonçu Murtuza Muxtarovun vəsaiti ilə aldığı "Tərəqqi" mətbəəsində çap olunub. 1911-ci ildə hökumət əleyhinə təbliğatda təqsirləndirilən bir çox Bakı jurnalisti ilə birlikdə Haşım bəy də həbs edilib və bir ayadək həbsxanada saxlanılıb. 1914-1915-ci illərdə "Məzəli" adlı satirik jurnala rəhbərlik edib.
Otuz ilə qədər davam edən ədəbi-jurnalist fəaliyyətində Haşım bəy Vəzirov daim ideya tərəddüdləri içində olan, çox vaxt mühafizəkar ideologiyanın təsiri altında yazan tipik elita ziyalısı idi. O, Azərbaycanın bir çox şəhərlərini gəzib xalq həyatı ilə yaxından tanış olandan sonra, feodal-patriarxal münasibətləri, kapitalizmin törətdiyi faciələri göstərən bəzi kəsərli məqalələr, felyetonlar yazmışdı. "Məzəli" jurnalının səhifələrində də imperialist müstəmləkəçilər əleyhinə bir sıra qüvvəli satirik yazılar dərc etmişdi. Haşım bəy bədii yaradıcılığında naturalizm yolu ilə getdiyi kimi, publisist əsərlərində də mühüm ictimai məsələlərdən daha çox, cəmiyyətin ayrı-ayrı xırda nöqsanları üzərində dayanırdı. Onun tənqidi çox vaxt liberal mahiyyətdə olurdu. "Keyfim gələndə" sərlövhəsi, "Birisi" imzası ilə yazdığı felyetonların əsas məzmunu məişətdəki eybəcər hallar, şəhər təsərrüfatının vəziyyəti idi.
1910-1911-ci illərdə Əhməd Kamalın redaktorluğu ilə Bakıda nəşr olunan "Yeni füyuzat" jurnalı "Füyuzat"ın yolunu davam etdirirdi. Əhməd Kamal Türkiyəyə getmiş jurnalist Əhməd bəy Ağayevlə müntəzəm əlaqə saxlayıb, onun türkçü fikirlərini Azərbaycanda yaymağa çalışırdı. Sonuncu isə o zaman İstanbulda "Biz nə istəyiriz" mövzusunda etdiyi məruzədə turançıların "birləşdirici" proqramından danışaraq deyirdi: "...Yaxında Qafqazyada müqəddəs bayrağımızı görəcəyiz.
Fərq oraya bayraq yalnız getməməli, eyni zamanda, türk fikri, türk hissi, türk lisanı da bərabər getməlidir".
"Yeni füyuzat" Ə.Kamaldan başqa, Əlipaşa Səbur, Axundu Yusif Talıbzadə, Akif Səfvət və başqalarının yaxından iştirakı ilə çıxırdı. Burada çap olunan bədii əsərlər əsas etibarilə milli məzmunlu, ruhlu şeirlərdən ibarətdir. Jurnalın ədəbi-ictimai mövqeyi haqqında təsəvvür almaq üçün onun Tolstoya münasibəti ilə tanış olmaq kifayətdir. L.İ.Tolstoyun bütün həyat və fəaliyyətindən yalnız "tolstoyçuluq" təlimini alıb, öz səhifələrində təlqin edən "Yeni füyuzat" yazıçının böyüklüyünü, zəkasını onun "fənalığa qarşı müqabilə edilməməsi" haqqında təlimində görürdü.
1912-1914-cü illərdə çıxmış "İqbal" qəzetində ideyaca bir-birinə tam zidd olan yazıçılar iştirak edirdilər. Qəzetin redaktorları M.Ə.Rəsulzadə və Sənətulla İbrahimov kimi millətçi juranlistlər idi. "İqbal"da Seyid Hüseyn, A.Şaiq, A.B.Yusifzadə kimi tərəqqipərvər yazıçıların da əsərləri tez-tez çap olunurdu. Ona görə bu qəzetin səhifələrindən bir tərəfdən, "sənət sənət üçün" şüarı təbliğ edilir, mətbuat və ədəbiyyatda millətçiliyi qüvvətləndirmək cəhdi hiss olunur, o biri tərəfdən realizm və xəliqilik prinsipləri əsasında yazılan əsərlərə yer verilir, mühafizəkar ədəbi, ictimai və fəlsəfi məfkurələr tənqid edilirdi.
Haşım bəy Azərbaycan tarixinə mətbuat şəbəkəsi yaradan bir naşir kimi daxil olub. Belə ki, "Sədayi vətən", "Sədayi Qafqaz", "Sədayi həqq" və b. qəzetlərin redaktorları ayrı-ayrı adamlar olsa da, onlar eyni ideyanı təbliğ ediblər.
Haşım bəy məşhur məzhəkə jurnalı olan "Məzəli"nin də rəhbəri idi. Bu jurnal "Molla Nəsrəddin"dən sonra mətbuat tarixində ən məşhur məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin bir qələm ilə əks olunur.

Ülviyyə Tahirqızı