"Qarabağ məsələsində "status-kvo" qəbuledilməzdir" Layihə

"Qarabağ məsələsində "status-kvo" qəbuledilməzdir"

ATƏT-in Minsk qrupunun həmsədrləri ATƏT Daimi Şurasında hesabat təqdim ediblər.
Həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) birgə hazırladığı hesabatda münaqişənin nizamlanması prosesi, bu istiqamətdə görülən işlər, keçirilən görüşlər, danışıqların hazırkı vəziyyəti, tərəflərin mövqeyi barədə məlumat veriblər.
Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin qurumu Daimi Şurasının noyabrın 7-də keçirilmiş iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı səsləndirdiyi bəyanatında deyilir ki, Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir. Bu cəhdlər 2019-cu ilin martın 9-da həmsədrləri bəyanat verməyə vadar etdi. Bu bəyanatda onlar münaqişə tərəflərini digər tərəfin razılığı olmadan danışıqların formatında birtərəfli dəyişikliklərin edilməsi tələbindən çəkinməyə çağırdılar.
Bəyanatda xatırladılıb ki, ATƏT-in Minsk Konfransının formatı konsensus yolu ilə ATƏT-ə üzv ölkələr tərəfindən razılaşdırılıb, BMT-nin müvafiq qətnamələri tərəfindən dəstəklənib və formatın dəyişməsi müzakirə mövzusu ola bilməz.
"Minsk Konfransı çağıracağı və bununla bağlı konsensus əldə olunacağı təqdirdə Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları ilə məsləhətləşmə aparıla bilər. Lakin biz bu mərhələdən hələ uzağıq, çünki Ermənistan Azərbaycanın bu regionunun azərbaycanlı icmasının mövcudluğunu tanımaqdan imtina edir.
Ermənistan Baş Nazirinin qızışdırıcı "Dağlıq Qarabağ Ermənistandır. Nöqtə" bəyanatı beynəlxalq ictimaiyyət, o cümlədən həmsədr ölkələr tərəfindən haqlı olaraq hiddətlə qarşılandı. Bu cür bəyanatlar, həmçinin Ermənistan Müdafiə naziri tərəfindən səslənən sonuncu "Qarabağ məsələsi həll olunub" bəyanatı sülh prosesi üçün zərərlidir.
Üstəlik, Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi, ATƏT-in qəbul etdiyi qərarlara əks gedərək israrla statusla bağlı məsələni irəli sürür. Lakin münaqişənin həlli prosesi addımbaddım prinsipinə əsaslanır. Birinci mərhələdə Azərbaycan torpaqlarının işğalı daxil olmaqla münaqişənin köklərinə xitab edərək, Ermənistan başa düşməli və digər ölkələr xatırlamalıdır ki, bu həll yolu qaçılmazdır, alternativi yoxdur, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT qərarlarına, xüsusilə də 1994-cü ildə qəbul olunan Budapeşt Sammitinin qərarına əsaslanır. Budapeşt Sammitinin qərarı münaqişənin siyasi həlli üçün çərçivə formalaşdırır. ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı bu yanaşmaya əsaslanır.
ATƏT-də münaqişənin həlli prosedurları ilə bağlı fərqli atmosfer müşahidə edirik. Türkiyə, Ukrayna və Gürcüstana minnətdarlığımızı ifadə edirik ki, onlar münaqişənin həlli prinsiplərini müdafiə etdilər. Bu prinsiplər ATƏT regionundakı bütün münaqişələrə istisnasız olaraq bərabər tətbiq edilməlidir.
Lakin baxmayaraq ki, biz beynəlxalq hüquqa zidd olmamağı, ATƏT-in prinsipləri və normalarını tanıyırıq, bəzi ölkələr uzadılmış münaqişələrin həlli ilə bağlı açıq ikili standartlar nümayiş etdirir. Bu prinsiplər bütün iştirakçı ölkələrə və münaqişələrə aid edilməlidir, istisnasız, ikili standartlar olmadan, coğrafi və digər üstünlüklər nəzərə alınmadan. Bu ikili standartlar aradan qaldırılmadıqca ATƏT münaqişələrin qarşısının alınması və həll yolları üçün effektiv mexanizm ola bilməyəcək", - deyə bəyanatda vurğulanır.
Bəyanatda qeyd olunub ki, Azərbaycan ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının məcburi köçkünə çevrilməsindən əziyyət çəkən ölkə kimi, münaqişənin ən tez və davamlı həll yolunun tapılmasını istəyən ən maraqlı tərəfdir: "Bu gün siyasi, iqtisadi, hərbi sahələrdə söz sahibi olan Azərbaycan və onun rəhbərliyidir. Hazırda müharibə yoxdursa, bu, Azərbaycanın münaqişənin siyasi həll yolunu axtarma siyasəti ilə bağlıdır. Lakin bir daha təkrar etmək istərdik ki, münaqişənin Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa zidd olan sülh yolu ilə həlli mümkün deyil. Azərbaycan ərazisinin hərbi işğalı həll yolu deyil və Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək.
Biz gözləyirik ki, sizin münaqişənin həlli istiqamətində vasitəçilik fəaliyyətiniz heç bir kompromis və müzakirə mövzusu olmayan, beynəlxalq səviyyədə qəbul edilən sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə yönələcək. Azərbaycan bu anlayışa əsaslanan münaqişənin həlli prosesinə sadiq qalır".
ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor ATƏT Daimi Şurasının noyabrın 7-də keçirilən iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı çıxışında deyib ki, ABŞ ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinə çox böyük əhəmiyyət verir və digər həmkarlarımız kimi, tərəflərlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərimiz davam etdirməyə sadiqliyimizi ifadə edirik.
Səfir bildirib ki, həmsədrlərin bir il əvvəl Daimi Şurada iştirakından sonra xeyli dəyişiklik baş verib: "Son aylar təmas xəttində baş verən itkilərdən narahatıq. Bu itkilər davam edən münaqişənin insan həyatına başa gəldiyini göstərir, gərginliyi artırır, tərəflər arasında inamsızlığı, düşmənçiliyi dərinləşdirir və davamlı həll yolu üçün perspektivləri azaldır.
Eyni zamanda, Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri arasında konstruktiv və yüksək səviyyəli təmaslar bizi ruhlandırır. Gəlin qeyd edək ki: bu salonda son iştirakınızdan sonra Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanı bir araya gətirdiniz. Daimi Şuraya təqdim etdiyiniz son hesabatınızdan bəri iki ölkənin xarici işlər nazirlərinin Milan, Paris, Moskva, Vaşinqtonda və BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən illik sessiyası çərçivəsində beş görüşünü təşkil etdiniz. Bu əlaqə səviyyəsi birbaşa və müsbət divident yaratmalıdır və yarada bilər. Tərəfləri əhalini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün bu il ərzində müzakirə olunmuş konkret humanitar və təhlükəsizlik tədbirləri barədə razılığa gəlməyə çağırırıq. Bu il iyunun 28-də məhkumların eyni vaxtda sərbəst buraxılmasını da alqışlayırıq. Hələlik bu məsələlərdə razılaşma kifayət deyil. Biz tərəfləri bu razılaşmaları konkret hərəkətlərə çevirməyə çağırırıq. Tərəflərin öz xalqlarını barışa hazırlamaq, qarşılıqlı ittiham və günahlandırmadan çəkinməsinin vaxtı çatıb".
Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar təhlükəsizlik vəziyyətini sabitləşdirə və danışıqlar üçün daha konstruktiv mühit yarada biləcək etimad tədbirlərini və ermənilərlə azərbaycanlılar arasında artan dialoqu dəstəkləyir: "Dialoqda iştirak edənlər öz ölkələrinə qayıtdıqda təqib və cəzalandırma qorxusu olmadan bunu sərbəst şəkildə edə bilməlidirlər. Səfir Kaspşik, vəziyyəti qiymətləndirmənizi və qrupunuzun tərəflər arasında şəffaflıq və etimadın artırılması səylərini yüksək qiymətləndiririk. Bu iş əvəzsizdir və biz bu məsələdə sizi tam dəstəkləyirik.
Həmsədrlərin vasitəçilik səylərini dəstəkləmək istiqamətində Slovakiya sədri ilə əməkdaşlığınızı və regionda vəziyyətin sabitləşdirilməsi üçün tərəflərlə sıx əməkdaşlığınızı yüksək qiymətləndiririk. Bu münaqişənin hərbi yolla həlli ola bilməz və "status-kvo" qəbuledilməzdir. Birləşmiş Ştatlar iştirakçı dövlətlərin bölüşdüyü, Helsinki Yekun Aktında əks olunduğu kimi, güc tətbiq etməmək və ya hədələməmək, ərazi bütövlüyü, xalqların bərabər hüququ və öz müqəddəratını təyin etməsi prinsiplərinə əsaslanan davamlı və dinc həll yolunu tapmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir".
ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza isə deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri heç zaman Ermənistanda referendum məsələsini nəzərdən keçirməyiblər.
“Bəli, biz Qarabağda bütün region əhalisinin iştirakı ilə referendum məsələsini müzakirə etmişik, amma ayrıca Ermənistan üçün bu müzakirə olunmayıb. Belə məsələ gündəmimizdə olmayıb. Əgər Paşinyan Ermənistandakı referendum haqqında bəyanat verirsə, eyni haqq Azərbaycana da verilə bilər. Ümumiyyətlə, onun Ermənistan-Azərbaycan konflikti ilə bağlı bütün bəyanatları Qarabağ klanının basqısı ilə edilir. Ona görə də onlar belə ziddiyyətlidir”, – deyə o bildirib.
Yeri gəlmişkən, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan qələmə aldığı məqalədə Qarabağ münaquişəsinə toxunub. Bildirib ki, Ermənistan tərəfinin kobud səhvləri üzündən Qarabağ danışıqlarında mövqelərimizin zəifləməsi müşahidə olunur. Baş nazirin “Qarabağ Ermənistandır və nöqtə!” ifadəsi danışıqları xalqların öz müqəddəratını təyin etmə prinsipindən uzaqlaşdırmaqla bizim üçün arzuolunmaz müstəviyə apardı.
Onun fikrincə, Ermənistan rəhbərliyinin ziddiyyətli açıqlamaları, nizamlanmaya dair açıq şəkildə ortaya qoyulmuş mövqenin olmaması erməni tərəfinin konstruktivliyinə şübhə yaradır:
“Üstəlik, mövqeyimizi bu cür ifadə etmək münaqişənin həll prosesini vasitəçilik missiyasından (Minsk qrupu) kənara çıxarır.
Atəşkəs potensialı da azalıb, çünki dünya birliyi arasında qlobal ziddiyyətlərin böyüməsi səbəbindən sülhün qorunması üçün imkanlar məhdudlaşır. Həm də başa düşməliyik ki, bu dəfəki müharibənin miqyası və dağıdıcı nəticələri indiyə qədər baş verənlərdən müqayisə edilməz səviyyədə olacaq. Münaqişə tərəfləri həddən artıq silahlanıb. Bəlkə də hazırkı hökumət bunu vaxtında dərk edəcək.
Qarabağ və Ermənistanın siyasi elitaları arasındakı mürəkkəb münasibətlər, müharibə qəhrəmanlarının ruhdan düşməsi, döyüşlərdə iştirak edən generalların aşağılanması, həlak olmuş hərbçilərin xatirəsinə hörmətsizlik ölkəmiz üçün son dərəcə təhlükəlidir”.
Robert Köçəryan son illərdə Azərbaycan Silahlı Qüvvələrinin hiss olunacaq dərəcədə güclənməsinə də diqqət çəkib və bunun da ehtimal olunan savaşda Ermənistanın lehinə olmayacağını bildirib.

Cavid