Qarabağ obrazı çağdaş düşüncəmizdə Layihə

Qarabağ obrazı çağdaş düşüncəmizdə

Bizi nikbin ovqata səsləyən dağlar...

I yazı

Yurd müqəddəsliyi, həsrət qaldığımız, yağı düşmən tərəfindən işğal olunan Qarabağ ulusal mövzu olaraq çağımızda da daha çox şifahi ədəbiyyatda - bu dərdi canlı olaraq yaşayan soydaşlarımızın ürəyində, ağlında yaranır, obrazlaşır. Filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev bu yöndə maraqlı araşdırma aparıb. Öncə həmin bayatılardan ikisinə qulaq kəsilək:

Əzizim, qara dağa,
Gün düşüb qara dağa.
Mən Qarabağ əhliyəm,
Yaz məni Qarabağa.

Əzizim, Qarabağda,
Gah Aranda, gah dağda.
Aləm köçüb getsə də,
Yar qaldı Qarabağda.

Araşdırmaçı Ş.Albalıyev bildirir ki, Cəbrayıl elinin Süleymanlı kəndindən olan Səba Quliyevadan əldə etdiyi yuxarıdakı bayatı nümunələrində Qarabağ həsrəti yanğılı bir dillə boy göstərir. Lakin bu bayatıların özəl qatında - daxili nüvəsində Qarabağ kəlməsinə paralel şəkildə, bir az da dərinə vara bilsək, Qarabağ sözünə məntiqi baxımdan sinonimik ifadə olaraq dağlar obrazının xüsusi yer tutduğunu aydınca görmək olar: "Qarabağ camaatının özlərini dağ adamı, dağlar oğlu adlandırmasının bir sirri də bəlkə bununla bağlıdır. Yuxarıdan ilk bayatıda "gün düşüb qara dağa" misrasının davamınca gələn "Mən Qarabağ əhliyəm, yaz məni Qarabağa" beytinin də məğzi məhz bu məntiqə söykənir. İlk baxışda sadə bir sual doğur: "Qara dağ" hara, Qarabağ (qara bağ) hara? Lakin bu ifadələri arasında məntiqi paralellərin apara bilsək, onlar arasında məntiqi baxımdan sinonimik semantikanı qavraya bilsək, onda sualımızın cavabına aydınlıq gələr. Öncə, "Qarabağ" sözünün etimoloji mənasına diqqəti yönəldək: qara-böyük, uca və bağ sözlərinin komponenti Qarabağın "böyük bağ" mənası verdiyini təsdiqləyir. Bəs "böyük (əslində burada uca) bağ" nəyi işarələyir? Gəlişigözəl ifadədirmi? Əlbəttə, yox. Böyük (uca) bağ ifadəsinin daşıdığı sematik-leksik layın coğrafi-mənzərəsini gözümüz qabağına gətirib təsəvvürümüzdə canlandıra bilsək, hər şey aydın olar. Demək, Qarabağ bölgəsi deyiləndə təbii coğrafi relyef baxımından dağlıq-meşəlik cənnətməkan bir guşə istər-istəməz xəyalımızda canlanır. "Bağ" sözünün ilkin düşüncədəki anlayış isə ilahi tərəfindən yaradılmış təbii bağı, başqa sözlə, meşəni bildirir. Yəni sonradan süni şəkildə insan əməyilə salınıb becərilən bağ-bağça (bağat) yox, bineyi-qədimdən mövcud olmuş təbii bağ-meşə anlayışı burada düşünülməlidir. İkincisi isə insan əməyilə yaradılan süni bağ-bağat əslində bağ anlayışından çox bağça ifadəsini öz məzmun dairəsinə alır. Başqa sözlə, təbii yaradılmış bağ böyük bağ (meşə) mənasında, bağça isə süni meşə, yəni təbii meşədən fərqlənən, sahəsinə, həcminə görə nisbətən az sahəni əhatə edən bağ (bağça) anlayışına uyğundur. Bu məntiqdən çıxış etməklə biz Qarabağ ifadəsinin ikinci tərəfi olan bağ kəlməsinin əslində təbii bağ-bağat (meh) olduğunu dürüstləşdirmiş olduq. Belə olanda Qarabağ sözünün birinci tərəfi olan "qara" epitetinin də məna arealına əyani baxış bucağından yanaşıb belə bir aydın fikrə gəlirik: qara - böyük, uca deməkdirsə, demək, onda Qarabağ Tanrı tərəfindən ucada - hündürdə - uca dağlar qoynunda, uca dağ başında yerləşən meşəliyi (bağı - təbii bağı) təbiətin füsunkar meşəsini dağı, çölü-çəməni, ormanı-bağı, meşəsi qarışıq hamısını özlüyündə ifadə edən bir cənnətməkan diyarı işarələyir. Bu baxımdan düşündükdə Qarabağ sözünün məna qatında sadəcə, bağ sözünün daşındığını yox, həm də bağ-meşə qarışıq dağ anlayışının da təbiiliklə özünə yer olduğunun fərqinə vara bilərik. Elə bu prizmadan yanaşıb da, bir daha yuxarıdakı bayatda vurğulanan fikirlərinin daşıdığı mətnaltı semantik laylara baş vura bilərik, gün qara dağa düşüb, mənim taleyimi də Qarabağa yaz, - deyə arzulanan misralarda qara dağ və qara bağ (Qarabağ) ifadələrinin məktəbi məna paralellikləri - bir-biriləri ilə sinonimik ad daşıdıqları məlum olur".
İkinci bayatıya diqqət çəkən araşdırmaçı vurğulayır ki, "Əzizim Qarabağda" deyilən açar misranın ardınca gələn "gah aranda, gah dağda" misrasında da aran və dağ ifadələri qarşılaşdıqları coğrafi baxımdan bir-birlərindən tamam fərqli ünvanları bildirməklə, yenə də "dağ" anlayışının bir məkan olaraq Qarabağı simvolizə etdiyini göstərir: "Bu bayatının əsas fikir yükünü öz üstünə götürən son misraları - ikinci beyti də birbaşa məntiqi olaraq bizim bu fikrimizi təsdiqləyir ki, "aləm köçüb getsə də, yəni dağdan arana köç etsə də, "yar qaldı Qarabağda". Yəni yar "Qarabağda - dağda qaldı" məzmunu burdan boy göstərir ki, bu da yenə Qarabağ və dağ ifadələrinin eyni semantik qəlibə girdiyini təsdiqləyir. Bir sözlə, istər Qarabağ sözünün etmədiyi yozumu, istərsə də, xalq bayatılarında vurğulanan fikirlər Qarabağ və dağ anlayışları arasındakı eyni semantik paralellərini həmçinin də eyni sinonimik mahiyyət daşımalarından xəbər verir.
Elə bu kimi səbəblərdən də Qarabağ bölgəsindən toplamış olduğum folklor örnəklərində, eləcə lə bayatılarımızda dağlar mövzusuna müxtəlif cür parametrlərdən müraciət amili üstünlük təşkil edir".
Onun fikrincə, xalqımız dağları həmişə özünə həmdərd sayır, nə dərdi var dağa söyləyir, nə arzu-murazı var dağlardan istəyir.

Bu dağlar, sənə dağlar,
Sənət ver sənə dağlar.
Tutaydım yar qolunnan,
Çıxaydım sənə, dağlar.

Yaxud:

Bu dağlar, sənə dağlar,
Sənət versənə, dağlar.
Ərzəm yazılı qaldı,
Qoynumda sənə, dağlar!

"Göründüyü kimi, hətta şifahi müraciətlə kifayətlənməyib, sanki qoynunda yazıb saxladığı ərizəsi ilə insan oğlu dağlara şikayət edir. Dağları özünə güvənc yeri, arxa hesab edir. Hələ bunlar nədir ki? İnsan hətta dağlara həmdərd olar, dağlarla sirdaş olan quşları da üzünə dost hesab edir. Elə qartalı da dağlar quşu olduğuna görə vüqar, əzəmət simvolu kimi rəmzləşdirib insan. Qartal adının mənası da eləcə də "qart" sözündəndir: qart - sınmaz, əyilməyən, məğrur quş. Dağlar quşu qartal məğrurluq rəmzidir.
Dağlarla həmdəm olan, elat tayfası ilə "turub-duran" keygidər quşuna el arasında "dağların Keygidəri" də deyirlər. Keygidər də qartal kimi dağlar quşudur. Elmi ədəbiyyatda adı bəlkə də "Qafqaz uları" adı ilə tanınan quşdur. Yaz, yay, payız, qış - ilin bütün fəsillərində dağlarda olur. Qışın sərt şaxtasında belə buzun üstündə oturar-durar (key quş olduğu üçün, yəqin ki, ayağı key olur - donmur). Elin, el köçünün yolunu gözləyir. El köçü dağdan arana köç edəndə adamlar dağlara üz tutub vidalaşar, deyərlər: "Keygidərli dağlar, bir sən qaldın, bir də ki, keygidər".
Yəni ki, salamat qal, ay keygidərli dağlar. Ya qismət, bir də gələk, ya gəlməyək, dünya ölüm-itim dünyadır. Beləcə, Keygidər də ellə hərlənir, el köçünün arandan dağa dönüb qayıtması arzusu-həvəsiylə yaşayar. Dağlar da həmişə ellə olur. Demək, Keygidər dağlar quşudur, elimiz - elat dünyamız da dağlarda ömür-gün keçirər. Bu mənada dağlar - keygidər quşu, elat köçümüz bir-birindən ayrılmaz sadiq üçlükdür. Keygidər quşunun adı da ya key - don, donuq, ayaqları don, key olan, soyuq təsir etməyən, donmayan sözündəndir (ona görə qışın sərt şaxtasına dözüb dağlara sirdaş olub yaşaya bilirlər), ya da küy - ayıq quş olduğundan, küygüdər, yəni tez küyüküb - küyə - səsə düşüb qaçan, həm də ovçuya əl verməyən mənasındadır. Quşun rəsmi "Qafqaz uları" adına gəldikdə isə buradakı "ular" sözü diqqətçəkəndir. "Ular" sözü ulayar, ulayan sözündən olmaqla quşun el köçünün dağdan arana köç edən vədəsində - adamların dağlardan və keygidərin özündən ayrılığı ərəfəsində çıxartdığı qəribə səs - ulartıdır. Keygidər (ular) quşu sanki bu ayrılığı əvvəlcədən hiss edib qəribə səslə - quş dilində ağı çəkib ağlayır (ulayır) - ulartıya bənzər səs - fəryad qoparır. Hətta bu həzinliyi, məhzun kədəri hiss edən dağların kimsəsiz qaldığını görən insan da bu ulartıya kövrəlib doluxsunur. Artıq neçə illərdir keygidər quşu - Qafqaz ular, dağlarda səs-hənir salıb üzü dağlara qayıdaraq köçümüzün yolunu gözləyir. Tanrı dadımıza yetsin, bizi doğma oylaqlarımıza, Keygidərli dağlarımıza qovuşdursun".
O, bildirir ki, dağ obrazı burada sadəcə, dağ-daş anlayışı çərçivəsində məhdudlaşıb qalmır, dağ özlüyündə canlı və cansız təbiətin bütövlüyünü (böyük bağı) özündə yaşadır. Belə ki, dağ həm təbiəti-meşəni, həm də meşənin- bağın doğma sakinləri olan quşları da (keygidəri, qartalı, həmçinin gülün-gülüstanın aşiqi olan bülbülü də və s.) öz əhatə dairəsinə alıb, özlüyündə böyük bağ - qara bağ (Qarabağ) toponiminin semantik mahiyyətinə işıq salır: "Bu aspektdən yanaşanda Qarabağ folkloru örnəklərində tez-tez rast gəlinən dağ ovqatının - anlayışının nədən ibarət olduğunun dərkinə vara bilərik. Belə bir deyim var ki, qurd ulayanda səadət (xoşbəxtlik), it ulayanda fəlakət (bədbəxtlik) gətirir.

Bayquş mənəm, baş quş mən,
(Bəy quş mənəm, bəyquş mən)

Nər quşlardan say (səy) quş mən - deyə bayatılarımızda adının bay quş-bəy quş kimi, say quş-sayılan (hörmətli) quş kimi hallandırılan bayquşun "Fələk bir iş görübdür, sızıldaram yay-qış mən" deməsini - bayquşun ulartısını (bayquş ulamasını) isə xarabalıq əlaməti, ölüm xəbərçisi kimi yozuruq. Keygidər quşunun (uların) ulartısı isə ayrılıq ərəfəsində çalınan həyəcan siqnalıdır, bu ayrılığın əbədi yox, müvəqqəti olduğuna oxunan bir həzin təbiət melodiyasıdır. Deməli, təbiətdə də ikiliklərin vəhdəti prinsipi özünü göstərir: heyvanlardan qurdun (canavarın) ulartısı şadlığa, itin ulamağı pisliyə bədliyə yozulduğu kimi, quşlardan da bayquşun ulaması ölümə - əbədi ayrılıq əlaməti ulartıya bənzər səsi isə ayrılığın müvəqqəti olduğuna - insanları yaşamaq uğrunda mübarizəyə ruhlandıran, ölüm-itimə qalib gəlməyə səsləyən bir zəfər marşının sədası kimi qəbul edib dəyərləndiririk. Keygidərin ulartısı həm də ona görə nikbin ovqata səsləyir ki, Keygidər quşu dağlar quşudur - dağlarla bağlı olan quş insanlara dağların özü kimi məğrurluq, yenilməzlik himni oxumalıdır. Bayquş isə dağlardan fərqli olaraq çörəklik yerlərlə - aranla bağlı olmaqla məskəninin də relyef baxımından dağlarla əks qütbdə olduğuna işarə edir, çıxartdığı səsin də - ulamasının da həyat elementinin əksi olan ölümə işarə verməsi kimi izah olunur".

Uğur