Mediamızın problemləri Layihə

Mediamızın problemləri

...Həmkarlarımız arasında kiçik sorğuda

Azərbaycan mətbuatının demokratikliyindən, söz azadlığı və plüralizmindən çox yazmışıq. Bu dəfə mətbuatımızın problemlərindən bəhs edəcəyik. Bu problemləri özümüz yox, elə həmkarlarımızın dilindən eşitmək məqsədilə onlar arasında sorğu keçirdik. Sorğumuzun iştirakçıları medianın müxtəlif problemlərindən söz açdılar, onlarən həlli yollarını göstərdilər.
Günel Cəlilova ("Bakı-xəbər"):
- Ötən illərlə müqayisədə mətbuatın durumu dəyişilib. Əvvəllər qəzetlər satışdan gəlir hesabına çıxırdı. Amma indi KİVDF hər il qəzetlərə müəyyən məbləğdə vəsait ayırır. Mətbuatın problemi çoxdur. Birincisi, redaksiyalarda olan texniki ləvazimatlar müasir tələblərə cavab vermir. Onlar yeniləri ilə əvəz olunsa, yaxşı olar. Bu gün fəaliyyət göstərən internet xəbər saytlarının sayı həddindən artıq çoxdur. Kim istəyirsə bir sayt açır. Beləliklə bir xəbəri bütün saytlar toplayıb öz məlumatları kimi verir. Saytlara ciddi nəzarət olunmalıdır. Bu yaxınlarda ermənilər tərəfindən atəşkəs pozuldu, bizim bəzi jurnalistlər uydurma xəbərlər yaydılar. Məncə yanlış informasiyaları yayan xəbər saytlarına ya cəza verilməlidir, ya da fəaliyyəti dayandırılmalıdır. Jurnalistlərin əsas problemlərindən biri də müsahib dərdidir. Təsəvvür edin: gündəlik işləyən mətbu orqanlar müsahib sarıdan əziyyət çəkir. Xüsusilə də dövlət qurumlarının mətbuat xidmətləri müsahibə verməkdən boyun qaçırırlar. Ya yerlərindən olmurlar, ya da xəstə olurlar. Bir sözlə onlar hec cür onlar ofisdə oturmurlar. Hazırda yay fəslidir. Amma jurnalistlər bu fəsildə məzuniyyətə çıxa bilmir. Yaxşı olardı ki, heç olmasa bir həftəlik məzuniyyət verilsin. Jurnalistlərin problemini saymaqla qurtarmaz".
Məhərrəm Ağalaroğlu ("Oxucu" İnformasiya Agentliyinin direktoru):
- Bu gün Azərbaycanda müstəqil və azad mətbuat mövcuddur. Bu sahədə xeyli inkişaf gedib - senzura aradan qalxıb, qəzet-jurnalın qeydiyyatı xeyli asanlaşıb. Bununla belə problemlər də kifayət qədərdir. Belə ki, başlıca problem maliyyədir. Ölkəmizdə reklam bazarının düzgün qurulmaması KİV-lərə maliyyə problemi yaradır. Məsələn, bir elektron KİV təsis edirsən, bütün gücünü qoyub onun inkişafına nail olmağa çalışırsan. Fəqət görürsən ki, girişi sənin saytından az olan KİV-lər kifayət qədər reklam yayımlayır, ancaq sən bir reklam götürə bilmirsən. Bunun da öz səbəbləri var. Şirkətlər reklamları ya onlardan tənqid yazan KİV-lərə verirlər, yaxud da tanışlara. Bu da ədalətli rəqabətin qarşısını alır, reklam bazarının formalaşmasına əngəllər yaradır. Azərbaycan mətbuatın digər problemi isə "reket jurnalistika"dır ki, yuxarıda da qeyd etdiyim ki, asan yolla mətbu orqan təsis edən şəxslərin fəaliyyəti nəticəsində jurnalist adını daşımağa layiq olan insanlara da, ciddi mətbu orqana da hörmət itib. Hər kəs deyir, "əşi jurnalistdir də, nə istəyir yazsın...? Qeyd etdiyim problemlərdən "reket jurnalistika"nın həlli ilə Mətbuat Şurası ciddi şəkildə məşğul olur, qəzetlər üçün isə KİVDF vəsait ayırır. Lakin elektron KİV-lərə vəsaitin ayrılmaması, reklam bazarının isə formalaşmaması operativ informasiya vasitəsi olan bu sahənin inkişafına böyük zərbə vurur.
Xanlar Xoca (Yenilik.az):
- Mətbuatda obyektivlik və vicdan problemi var. Mətbuata bərabər imkanlar yaradılmalıdır. İnformasiya hamı üçün eyni dərəcədə açıq və əlçatan olmalıdır.
Nahid Canbaxışlı (Vətəninfo.az):
- Milli mətbuatımızın ciddi problemləri əvvəllər daha çox idi. Ancaq dövlətin mətbuatın inkişafı istiqamətində işlədiyi proqramlar və bu proqramların tərkib hissəsi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması çiddi şəkildə problemləri azaltmış oldu.
Müəyyən qəzetlər vardır ki, gündəlik oxucu kütləsinə sahibdirlər və onlar aldıqları vəsaitlər hesabına cəmiyyətin maariflənməsi üçün çalışırlar. Bu gün televiziyalar da ciddi maliyyə imkanlarına malikdirlər. Mətbuatın köklü problemlərinin başında reklam bazarının olmamasıdır. Reklamlar sadəcə olaraq tanışlıq xatirinə və ucuz şəkildə verilir ki, bu da reklam bazarını tamamən zəiflədir. "Bu filənkəsin saytıdır", "bu filənkəsin qəzetidir" və s. Beləlikdə mətbuat özünün maliyyə sıxıntıları ilə, xüsusən də internet media maliyyə böhranında boğulur. Halbuki günümüzdə internet medianın yeri başqadı. Düzdür, sosial paylaşım saytları, facebook, Twetter və s. kimi qruplar internet medianı bir azda qabaqlayır. Dünyanın istənilən nöqtəsində baş verən hadisə bu şəbəkələr sayəsində dünyanın o biri ucuna anında çatdırılır. Xəbər portalları isə bundan geridə qalır.
Hesab edirəm ki, dünyada yeniliklər davamlı olaraq gün üzünə çıxdıqca texnologiyaların inkişafı ilə medianın problemləri bir qədər sabitləşəcək, xüsusilə də internet medianın. Sıxıntı internet medianı bürüyüb. Burda digər amil peşəkarlarla bağlıdı. Peşəkar yoxdu. Yalnız iqtisadi maraqlarını təmin etmək üçün müxtəlif ixtisaslı gənclər mediaya üz tuturlar ki, bu da maddi problemlərini həll etməyə yönəlib. Yəni burda peşəyə vurğunluqdan söhbət belə gedə bilməz.
Kəbutər Haqverdi (müstəqil jurnalist):
- 5 il öncəki vəziyyətinə baxanda mətbuat xeyli güclənib. Mətbuatımız təsadüfü adamlardan xeyli təmizlənib. Bu isə ən əsas problem idi. İkinci nöqsan, rəqabət bazar kimi başa düşülür. Yüngül mövzu ilə oxucu qazanacaqlarını düşünmək yanlışdır ki, bu gün mətbuatımız bu uçurumun kənarındadır. Kriminal və yüngül mövzular sadəcə toplumun psixologiyasına atılan, lakin gec açılan bombadır. Əslində rəqabətə daha ciddi mövzularla girib qalib gəlmək mümkündür. Bir misal göstərim, Lent.az saytında Vüsalə Məmmədovanın "Əsir düşərgəsi" layihəsi var. Oxucu sayına baxın, özünüz şahidi olacaqsınız.
Fuad Hüseynzadə (Diaspor Jurnalistləri Birliyinin sədri, "Palitra" qəzeti):
- Hər şeydən əvvəl media özü-özünü ayaqda saxlamağı bacarmalıdır. Sadə dillə desək, media özünü dolandıra bilməlidir. Mətbuatın satış bazarından gəliri olmaldır ki, özünün büdcəsini formalaşdırsın. Demək olar ki, heç bir qəzetin satış bazarından gəlir yoxdur. Düzdür, dövlət mətbuata yardım edir və bu, çox müsbət addımdır. Amma gərək mətbuat özü gəlirləri olsun. Bu, mətbuatın müstəqilliyi üçün də vacib amildir. Bunun üçün mətbuatın reklam bazarı olmalıdır. Digər tərəfdən mətbuatın peşəkarlıq problemi aradan qaldırılmalıdır. Son günlər cəbhə bölgəsində yaşanan gərginlik media zümrəsinin peşəkarlıq baxımından zəif nöqtələrini bir daha üzə çıxardı. "Birinci olmaq" prinsipi ilə işləyən bəzi media orqanlarının dəqiqləşdirilməmiş xəbərləri çaşqınlıq yaratdı. Bu gün Azərbaycanda ümumi jurnalistikanın inkişafı sahəvi jurnalistikanın da formalaşmasına rəvac verib. Nəzərə çatdırım ki, beynəlxalq jurnalistikada jurnalistlərin sahəviləşməsi vacib amil hesab olunur. Artıq Azərbaycanda bir çox sahələr üzrə yazan jurnalistlər profilləşib. Bu baxımdan hərbidən yazan jurnalistlər də sahəviləşməlidir. Ümumiyyətlə, jurnalistin öz profilini seçib ayrıca bir sahədən yazması peşəkarlığa gedən ən düzgün yoldur. Jurnalistlər sahəviləşdikdən sonra onlara yerli və beynəlxalq hərbi ekspertlər tərəfindən media təlimləri keçirilməlidir. Biz peşəkarlığımızı artırmalıyıq ki, oxucularda mediaya inam olsun.
Süleyman İsmayılbəyli, (Olaylar):
- Bu gün mətbuatımızda mövcud olan ən ciddi problemlərdən biri redaksiyalarda işçilərlə əmək müqaviləsinin bağlanmamasıdır. Etiraf etmək lazımdır ki, hələ də bir çox qəzet redaksiyalarında işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanmır. Bu mənfi tendensiya isə işçinin gələcək pensiya təminatı üçün problemlər yaradır. Hesab edirəm ki, bu sahədə çalışan müvafiq qurumlar ilk növbədə redaksiya rəhbərliyi ilə işçi arasında əmək müqaviləsinin bağlanması mexanizmi üzərində işləməlidir. Düzdür, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından sonra sözügedən məsələ kifayət qədər aktuallaşdı. Hətta o zamana qədər işə qəbulu əmək müqaviləsi olmadan həyata keçirən bir çox redaksiyalar sonradan bu mexanizmi tətbiq etməyə başladılar. Ancaq çox təssüflər olsun ki, hələ də bir sıra redaksiyalarda bu problem qalmaqdadır.
Mətbuat sahəsində digər bir problem hər zaman qeyd edildiyi kimi peşəkarlığın aşağı səviyyədə olmasıdır. Artıq son qəbul imtahanı zamanı jurnalistika fakultəsinə daxil olmaq istəyində olanların xüsusi qabiliyyətdən keçmələri hesab edirəm ki, yaxın gələcəkdə bu problemin nisbətən aradan qaldırılmasına imkan yaradacaq. Təsadüfi, qeyri-peşəkar insanların mətbuat sahəsinə gəlib düşmələridir ki, son dövrlərdə qəzet və digər KİV-lərdə "etibarlı mənbə"lər çoxalıb. "Etibarlı mənbə" ifadəsi isə ictimaiyyətə çatdırılan xəbərin doğruluğunu şübhə altına alır. Nəhayət, mətbuatımızda mövcud olan digər ciddi problemlərdən biri də reket jurnalistikasıdır. Bu gün Azərbaycanın regionlarını reket qəzetlər, onların "jurnalistləri" sanki işğal edib. Təssüfedici məqam ondan ibarətdir ki, bir sıra yerli məmurlar da məhz həmin reket qəzetlərlə işləməyə üstünlük verirlər. Açığını deyim ki, rayonlara gedəndə hətta qohumlarıma belə jurnalist işlədiyimi deməyə çəkinirəm. Çünki regionlara ayaq açan reket qəzetlər və onların nümayəndələri ümumilikdə mətbuatın belə vəziyyətdə olduğu təssüratını yaradıb. Azərbaycan Mətbuat Şurası və onun müvafiq komissiyası reket jurnalistikaya qarşı mübarizə istiqamətində təqdirəlayiq addımlar atsa da, lakin sözügedən problemi tam aradan qaldırmaq mümkün olmur. Hesab edirəm ki, başda Azərbaycan Mətbuat Şurası olmaqla digər media qurumları reket jurnalistikaya qarşı daha sərt mexanizmlərdən istifadə etmək prinsipləri üzərində işləməlidirlər.

Cavid