Hər dərdimdən bu yaman... Layihə

Hər dərdimdən bu yaman...

Qarabağ folkloru üçün səciyyəvi olan ənənəvi ovqatlar

II yazı

Ötən yazımızda Qarabağ ağrısı ilə bağlı soydaşlarımızın ağlında-ürəyində yaranan bədiyyatlı əhvallardan söz açmışdıq. Mövzunu davam etdiririk. Filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı Şakir Albalıyev bildirir ki, Qarabağ folkloru üçün səciyyəvi olan ənənəvi ovqatlar öz mənşəyini bölgənin atributik əlamətlərindən götürür: "Dağların obrazlaşdırılması, tez-tez hallandırılması məsələsi də beləcə. Bəs keygidərə, qartala folklorda müsbət imic qazandıran keyfiyyət nə ilə bağlıdır sualına gəldikdə isə bu, quşların dağlardan hərlənən, gün-güzəran keçirən olduqlarından irəli gələn haldır. Belə ki, dağlar və quşlar mifoloji cəhətdən eyni paralel müstəviyə girirlər. Çünki dağlar da yerüstü məkanı - tanrı dərgahına doğru qalxan məkanı səciyyələndirir, quşlar da yerüstü və kosmosarası fəza sakinləri olmaqla ülviyyəti təmsil edirlər. "Dağ adamı saf olar" kəlamı da dağlarda ömür-gün sürüb dövran keçirən adamların simasına - təbiətcə saf ola bilməsinə işarədir. Ona görə ki, dağlar adi yer səthinə nisbətən Tanrı məkanına yaxınlıqda yerləşir və bu məkanda yaşayan insanlar tanrıya yaxın olmaqla saflığı - göy üzünə məxsus saflığı-müqəddəsliyi də öz əməllərində yaşadırlar.

Oba köçdü bu yaman,
Köşdü düşdü bu yaman.
Qarabağa həsrətəm,
Hər dərdimdən bu yaman.

Beləcə, obanın el köçündən qayıdıb düşməsi - dağdan arana yenməsi "yaman"lıq kimi - pis əlamət kimi səciyyələndirilir. Təsadüfi deyil ki, bu məntiqin davamı kimi bu dağ köçünün əbədiliyi, "Qarabağa həsrət" kimi eyni mənada növbəti misralarda vurğulanmaqla "hər dərddən bu yaman" kimi düşünüb-dəyərləndirirlər. Deməli, bu bayatımızda da dağlardan güc amili ilə Qarabağdan ayrılıq nisgili eyni semantik nisbətdə götürülüb ki, bu da yenə birbaşa yuxarıda deyilənlərin xalq məntiqi ilə təsdiqidir. Dağlar deyiləndə Qarabağ, Qarabağ deyiləndə isə dağlar düşünüldüyü özünü ürəklərə, beyinlərə diqtə edir.

Aşıq, viranə bağlar,
Xalın viranə bağlar.
Öldü bülbül, soldu gül,
Qaldı viranə bağlar.

Burada da bağlar ifadəsi yaşayış yeri mənasında işlənilməklə insan faktoruna metaforik deyimlə eyham edilir. Üçüncü misradan "oldu bülbül, soldu gül" fikri səbəb, "qaldı viranə bağlar" sonluğu ilə nəticə əlaqəsini göstərir. Bağların viranə qalmasına səbəb məhz bülbülün eşqi-həvəsi ilə oxuyan bülbülün ölməsi - can verməsidir. Burada fikrin üst qatında təbiət lövhəsi xəyalımıza gəlir. Bağlar öz gülü və cəh-cəh vuran quşları, bülbülləri ilə birgə kompleks halda təsvir olunub. Canlı və cansız təbii aləmin bütün ünsürləri bütöv halda bir-birindən təcrid edilmədən təqdim olunur. Eyni zamanda burada yenə təbiətin öz füsunkarlığını qoruyub-saxlamasına səbəb də bu təbii amillərin bir-biri ilə sıx bağlı olması ilə əlaqələndirilir, yəni bir təbii komponenti - misal üçün gül-çiçəyi dağsız-təpəsiz eləmək təbiətdə bir cansıxıcılıq yaradar. Ona görə də gülün solmasına səbəb bülbülün ölməsi göstərilir. Bu, o deməkdir ki, təbiət gözəllikləri arasında canlı təbii harmoniya var və bu harmonik vəhdət pozulanda təbiətin füsunkar mənzərəsi pozulub məhv olur. Başqa sözlə, təbiətin bir parçası başqa parçasını yaşatmaq üçün stimul rolunu oynayır. Necə ki, elə yuxarıda deyilir: öldü bülbül, soldu gül. Bu fikir birbaşa ona işarə edir ki, gül təbiətin nazlı gözəlidir, o gülə qol-qanad verən, stimul verib yaşadan təbii nəfəs - qüvvə isə onun müştaqında olub gecə-gündüz onun şəninə-vəsfinə nəğmələr düzüb-oxuyan bülbüldür - gülün (gözəlin) aşiqidir. Başqa sözlə, gül nazlanmaq - oxşanmaq istəyir və gülü əzizləyən, onun eşqilə yaşayan aşiq (bülbül) öz cəh-cəhi ilə, sevgi nəğmələri oxuması ilə gülə - təbiətə zövq-səfa və xoş etmiş olur. Bülbül öldükdə, gülün boyu əzizlənmədikdə, oxşanılmadıqda, həsrətinə yanan, vüsalına qovuşmaq istəyən olmadıqda gül də gül həvəsindən, gül kimi təravətli yaşamaq həvəsindən düşür, rəngi qaçıb-avazıyır, yanaqları saralıb-solur. Bir sözlə, gülü də gül kimi gözəlləşdirən, nəvaziş göstərib əzizləyən məhz ona müştaq olan, onu hədsiz saf, ülvi məhəbbətlə sevən bülbülün xoş avazı - mehriban danışığı, incə rəftarıdır. Təbiəti gözəlləşdirən təbii amillərin hər birinin bu cür bir-birilə sıx təmasda, rabitədə olması ilə bağlıdır: gülsüz bülbül yaşaya bilmədiyi kimi, bülbülsüz də gülün rəngi-rufu açılmır, saralıb-solur, məhv olur - gülsüz-bülbülsüz isə bağ viranəyə dönüb, xarabalığı xatırladır. Bu metaforik təbiət hadisəsindən çıxış edib bir bayatıdan fikrin alt qatında gizlənən fikrin isə cəmiyyət hadisəsinə bədii fikir vasitəsi kimi transfer olunduğunu asanlıqla görürük. Gül gözəli, bülbül isə sevən gənc oğlanı simvolizə edir. İnsan sevib-sevilməlidir, bir-birinə könül verib evlənməlidir ki, cəmiyyətdə artım olsun, inkişaf getsin. Əks təqdirdə cəmiyyət özü də məhvə doğru sürüklənir. Başqa bir mənəvi tərəfdən isə sosial toplumda da fəlakətlər, faciələr baş verər".
Araşdırmaçı vurğulayır ki, folklor örnəklərimzdən bizə gül, bülbül, bağ, dağ və s. metaforik təbiət obrazları kimi təqdim olunan nümunələrin hamısında bu cür mühüm həyati məsələlər fikrin alt qatından boy göstərib çatdırılır.

Bu dağlar daşlı dağlar,
Torpaqlı-daşlı dağlar.
Dağlara avar salın,
Tərlanım qaldı dağlar.

"Burada da dağlar öz təbii görkəmində - torpaqlı daşlı, tərlanlı, ovçulu (insan məskəni kimi) təsvir olunub. Cansız və canlı təbiət, həmçinin və bunlarla təmasda olan, bunlara təsir göstərən sosial amillər vəhdətdə götürülüb. Yenə fikrin üst qatında canlı təbiət mənzərəsi, alt layında isə ictimai zümrə xəyalımıza gəlir. Təbiət hadisəsindən çıxış edilib sosial sferaya təsir göstərə biləcək bədii fikirlər öz hökmünü yeridir.
Bəzən isə Qarabağ mövzusunda söylənilən bayatıların sənətinə söyləyici repertuarı vasitəsilə sosial bəlalar lirik haşiyə kimi açıqdan-açığa müdaxilə edir, bu zaman təbiət təsvirindən çıxış edilən nümunəsinin birbaşa ictimai topluma ünvanlandığı bəlli olur:

Qarabağın bağı var,
Üstündə yarpağı var.
Qurban olum, sizə, ay igidlər,
Özünüzü niyə qırğına verirsiniz,
Nə gözəl torpağı var.

Cəbrayıl rayonunun Süleymanlı kənd sakini olmuş, vəfat etmiş Simuzər Balağa qızı Əliyevanın dilindən yazıya alınmış bu nümunədə ictimai məzmun daşıyan əsas fikir yükü olan 3-cü misra burada qəsdən təhrif edilərək, iki misrada poetik ölçülər, heca prinsipləri də pozularaq əlavə haşiyə kimi ifadə edilmişdir. Bu da hardasa söyləyicinin mətnə müdaxiləsi kimi təbii qəbul edilməlidir.
Belə ki, "Qarabağı digər regionlardan fərqləndirən cəhətlərdən biri də bu bölgənin folklorunun toplanılmasının xüsusi diqqət və hazırlıq tələb etməsidir. Çünki qaçqınlıq həyatı bu insanları xeyli kövrəldib, onları daha da həssas edib. Toplama zamanı bu insanların içindəki yaranı qopartmamağa, o acılı günləri onlara xatırlatmamağa nə qədər diqqət göstərsək də, çox vaxt buna nail olmaq mümkün olmurdu. Hər dəfə görürdük ki, doğulduqları, böyüyüb boya-başa çatdıqları yerləri yada saldıqca bu insanların sözləri dolur, qəhərdən boğula-boğula danışırlar".
"Qarabağ: folklor da bir tarixdir", I kitab (Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri) olan toplunun tərtibçiləri İlkin Rüstəmzadə və Zəfər Fərhadovun yuxarıda yazdıqları kimi, bu bayatı nümunəsinin də söyləyicisi özünün çəkdiyi ağrı-acını, şəhidlərimizin Qarabağın gözəl torpağı uğrunda canlarını fəda etmələrini zamanın reallığı kimi mətnə əlavə edib. Lakin bayatının əsas qəlibi olan "Qarabağın bağı var, üstündə yarpağı var... Nə gözəl torpağı var" ifadələri fikrin məcazi donlu üst qatı kimi heç bir təhrifə uğramadan verilib, Qarabağın təbiəti-təbii mənzərəsi bütöv şəkildə bayatıya gətirilib, Qarabağın bağı, bağı üstündəki yarpağı belə təsvirdən kənarda qalmayıb, hətta son misrada bütün bu bağı-bayatını öz üstündə yetirən-bitirən Qarabağın "Nə gözəl torpağı var" deyilməklə fikir bütövlüyü yaradılıb, Vətən-Qarabağ torpağı öz üstündəki nemətləri ilə birlikdə kompleks şəkildə tərənnümünü tapıb. Beləliklə də bir daha bu nümunədən də bu fikir təsdiq olunur ki, "hər bir folklor mətni öz mühitinin məhsuludur. Harada qeydə alınır-alınsın, nümunələrin hər biri özündə Qarabağın toponimikasını, etnoqrafik cizgilərini əks etdirir".
Araşdırmaçı sonda bildirir: "Bu fikri biz yuxarıda nümunələrdə özünün əldə edib topladığını folklor nümunələrinin hər birinin timsalında gördüyümüz kimi, eləcə də Folklor İnstitutunun xətti ilə buraxılmış 6 kitabdan ibarət olan "Qarabağ: folklor da bir tarixdir" adlı toplulardakı materialların mətnindən də çıxış etməklə təsdiqləyə bilərik. Bu mətnlərdə fikirlər əksərən üstüörtülü - obrazlı deyimlə, məcazi formada deyilsə də, bəzən informator öz daxili hiss-həyəcanlarını cilovlaya bilməyib açıqdan-açığa fikirlərini ifadə edir. Lakin xalq hansı mövzuya üz tutursa, həmin mövzudakı fikir və istəklərini bütövlükdə verir, bütöv vermək istəmədiyi yerləri isə yazılı dilimizdəki çoxlu nöqtə işarələri şəklindəki kimi, ilməni atıb, naxışı vurmağı isə oxucunun - dinləyicinin fəhminin - fərasətinin ixtiyarına buraxır. "Arifə bir işarə bəsdir" kəlamı bu zaman öz işarəsini bədii fikrin tərcümanı ola bilməklə büruzə verir. Bir bunlardan yalnız birinə - bayatılarımızda rast gəldiyimiz "Qarabağ" məfhumu və bu məfhum ətrafında dolaşan paralel fikir çalarlarına toxunmaqla fikrimizi ifadə etdik. Bəli, xalq heç nəyi yarıda qoymur, hər sözün, hər fikrin axırına çıxır, heç nəyi yarımçıq demir, fikrini - məramını toxunduğu mövzu üzərində hərtərəfli açıqlayır. Qalır bu mövzunu açıqlamağa, yozmağa, o da biz folklorşünasların üzərinə düşən müqəddəs borc - mənəvi missiyadır".

Uğur