Teatr sənətinin fədaisi Layihə

Teatr sənətinin fədaisi

Ələkbər Seyfi mədəniyyət tariximizdə xüsusi yer tutur

Həyatda xeyir yönündə görmək istədiklərimizin səhnədə rəmzləşdirilməsi, arzularımıza doğru ümidlə yol almağımızda teatrın əhəmiyyəti böyükdür. Teatr ümumiyyətlə, bütün xalqların həyatında müstəsna rol oynayıb. Ancaq təəssüf ki, səhnədəki gözəl istəklər tarixin bütün dövrlərində elə səhnədə qalıb, ömürlərdə reallığını tapmayıb. Hə qədər acı olsa da bu, həqiqətdir ki, dünən müdrik bir insan rolunu yaradan aktyor müəyyən dövrdən sonra axmaq, səfeh, satqın bir şəxsin obrazını yaradıb. Yenə də burada əsas məqsəd insanlara pisi və yaxşını rəmzləşmiş şəkildə göstərmək, insanı daxilən təmizləmək olub. Bu, məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, müxtəlif xarakterli obrazlar yaradan aktyorların halı təəssüf ki, çox hallarda sabit olmur. Hər halda rolların xarakteri onların psixikasına bu və ya digər dərəcədə təsir edir. Bütün bu iradlara baxmayaraq teatr sənəti daim insan soraqlıdır, insana ümidlidir, inamlıdır...
Azərbaycan teatrının inkişafında mühüm xidmətləri olan aktyorlarımızdan biri də Ələkbər Seyfidir. Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi Maarif Teymur Ələkbər Seyfi ilə onillər öncə baş tutan ilk görüşünü belə xatırlayır: "1968-ci ilin baharı idi. Gəncənin qədim məhəllələrinin birində bəstəboy, qıyıq gözlü, üzündən nur yağan bir nəfərlə utana-utana görüşdüm. Sonra Gəncə çayının lal axını istiqamətində Abbas Səhhətin büstünə tərəf gəldik. Onun heç kəsə bənzəməyən sakit danışığı məni məftun etmişdi: "Deməli, oğul, sən Bakıdan gəlmisən. Gəncədə yaşayıb-yaradan ədəbiyyat və incəsənət xadimlərinin yaradıcılığına aid sənədləri toplayıb Bakıya aparacaqsan. Yaxşı işdir, uğurlar olsun".
Elə bil ki, bu görüş dünən olmuşdu. Gündəliyimdəki qeydlər həmişə məni Ələkbər Seyfi ilə görüşdürərkən ruhumda, yaddaşımda yaradıcı, qayğıkeş, doğma bir insan obrazı yaranır. Mən hələ onun sənətkarlığını demirəm. Ələkbər Seyfi ilə ikinci dəfə 1970-ci ilin oktyabrında yenə də Gəncədə görüşdük. Bu dəfə onunla söhbətimiz daha yaxşı tutdu. O, mənə həmişə mehribanlıqla "oğul" deyə müraciət edərdi. Elə bu söhbətdən yadımda qalan bu oldu ki, Ələkbər Seyfi Hovruz bayramı qabağı anadan olub. Onun həmin məqamda dediyi sözlər eyniylə yadımdadır: "Oğul, mən Tiflisdə anadan olmuşam. Özü də Hovruz bayramına düz 1 gün qalmış. 1901-ci ilin 19 martı mənim doğum tariximdir. Fəhlə ailəsindənəm". Sonra Ələkbər müəllim üzünü günəşə tutub dedi: "Elə ilk təhsilimi də Tiflisdə almışam. Orta məktəbdə oxuyarkən dram dərnəyinə getmişəm. Teatra böyük sevgisi olan bir həvəskar kimi o dövrün tanınmış aktyorları ilə yaxından tanış olmuşam. 1911-ci ildə 10 yaşımda Şəmsəddin Saminin "Dəmirçi Gavə" tamaşasında epizodik rol olan Kavənin oğlu Bəhram rolunu oynamışam".
M.Teymur deyir ki, o, Ələkbər Seyfi ilə dəfələrlə söhbətləşib. Onunla olan söhbətlərini həmişə böyük bir qayğı ilə qələmə alıb: "Ə.Seyfi 1917-ci ildən 1920-ci ilə qədər Tiflis şəhərində məşhur olan Zuvalov adına Xalq Evində təşkil olunmuş müsəlman dram cəmiyyətində aktyorluq edib. 1929-cu ilə qədər Tiflis Azərbaycan dövlət dram teatrında çalışıb. 1926-cı ildə isə Ələkbər Seyfi Bakıya köçür, Türk-Azərbaycan İşçi teatrında aktyorluğunu davam etdirir. 1933-cü ildə isə həmin teatrla birlikdə Gəncəyə köçür. İnsani keyfiyyətlərə malik olan Ələkbər Seyfi həm Tiflisdə, həm də Bakı və Gəncədə məhz bu keyfiyətləri ilə özünə əbədi hörmət qazanmışdı".
1938-ci ilə qədər Gəncədə çalışan Ələkbər Seyfi bir çox dəyərli, yadda qalan obrazlar yaratmağa müvəffəq olub. "Hadir şah"da Rzaqulu, "Hacı Qara"da Kərəməli, "Ölülər"də Məşədi Oruc, "Şeyx Sənan"da Şeyx Kəbir, "O olmasın, bu olsun"da Hambal, Həsənqulu bəy, "Arşın mal alan"da Vəli, "Müfəttiş"də Dobçinski, "Yanğın"da aqronom, "İncə"də Kərim və başqa rolları müvəffəqiyyətlə yaradıb.
Maraqlıdır ki, Ələkbər Seyfi təkcə aktyorluqla məşğul olmayıb. O, həm də teatr üçün bir sıra tərcümələr edib. Həmin əsərlər səhnədə müvəffəqiyyətlə oynanılıb. R.Taqorun "Fəlakət", Lope de Veqanın "Kələkbaz sevgilim", Şillerin "Qaçaqlar", Q.Fiqeyredonun "Tülkü və üzüm", A.Salinskinin "Təbilçi qız", H.Muxtarovun "Şeytan nəsli", M.Lavrovun "Sabahın xeyir", B.Brextin "Üç qəpiklik opera", E.Kaplinksayanın "Hövbədə" əsərlərini Azərbaycan türkcəsinə müvəffəqiyyətlə tərcümə edib: "Ələkbər Seyfi unudulmaz və yaradıcı sənəkar olmaqla yanaşı, həm də bacarıqlı rəhbər təşkilatçı kimi də mədəniyyət tariximizdə xüsusi yer tuturdu. Belə ki, o, ötən əsrin 30-cu illərində Gəncədə Cəfər Cabbarlı adına Dövbət Dram Teatrında direktor vəzifəsində çalışıb. Sonradan Ələkbər Seyfi özü demişkən, 1937-ci ilin günahsız qurbanı kimi həbs edilib. Sapı özümüzdən olan baltalar "Bomba" əsərini səhv başa düşərək onun sovet ideologiyasına qarşı çıxdığını bəhanə gətiriblər. Uzun müddət həbsxana həyatı yaşayan Ələkbər Seyfi partiyanın Stalindən sonrakı rəhbərləri Xruşşova, Malenkova və başqalarına ərizələrlə müraciət edib. Həhayət, azadlığa buraxılıb. 1962-ci ildə Ələkbər Seyfi yenidən Gəncə Dram Teatrında direktor vəzifəsinə təyin olunub, bir müddət orada çalışıb. O, daim yaradıcılıq ruhu olan sənətkar idi, dayanmadan öz üzərində çalışırdı. Avropa və Rusiya klassiklərini mütaliə edirdi. Stanislavski kimi böyük səhnə islahatçısının demokratik fikirlərini öyrənir, həmin fikirləri məharətlə öz yaradıcılığında tətbiq edirdi". Ələkbər Seyfinin həmişə həyata, yaşamağa böyük inamla baxdığını deyən Maarif Teymur onun xarakterinin özünəməxsusluğu haqqında danışır: "Ələkbər Seyfi həmişə nikbin idi. Onun haqqında deyilmiş bəzi böhtanları da özünəməxsus təmkinlə qarşılamış, canından artıq sevdiyi səhnəni, aktyorluq sənətini, teatrı həmişə uca tutmuşdu. Ələkbər Seyfinin həmin dövrün keşməkeşli durumu ilə bağlı yazdığı qeydləri daxili aləmini, xarakterini çox gözəl açır. O, yazırdı: "Mən Tiflis teatrının yetirmiş olduğu bir artist kimi yaradıcılıq yolunda böyük mayak olan bacarıqlı və istedadlı gürcü rejissorlarına, aktyorlarına minnətdaram. Professor Ş.Ağsabadze və görkəmli gürcü rəssamı İ.Qamrekelinin yaxından yardımı ilə Kirovobad (Gəncə) Dövlət Teatrında tamaşaya qoyulmuş olan "Otello" və "Divan" əsərlərinin tamaşaçılar tərəfindən necə rəğbətlə qarşılandığını sevinclə qeyd etməliyəm".
Maarif Teymur daha sonra qeyd edir ki, Azərbaycan teatrının ən qədim qollarından biri olan Gəncə səhnəsinin, Gürcüstandakı Azərbaycan Dövlət Dram Teatrının sənətkarlarının hamısının tərcümeyi-halı və yaradıcılığını Ələkəbər Seyfi çox gözəl bilirdi. Elə buna görə də Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində Ələkbər Seyfinin ilk şəxsi fondu yaradıldı. İndi sənətkarın həmin şəxsi fondunda yüzlərlə sənət mühafizə olunur".
Maarif Teymur fondda olan bəzi sənədlərdən yuxarıda dediklərinə nümunə olaraq gətirir: "Seyfi dayı, mən teatrın bir neçə aktyorlarının yaradıcılığı haqqında məlumat sarıdan çətinlik çəkirəm. Çünki onlar haqqında tarixi sənədlər hələlik yoxdur. Xahiş edirəm ki, aşağıda adlarını çəkdiyim aktyorlar haqqında mənə köməklik edəsiniz: Mirzəxan Quliyev, Məmmədtağı Ələsgərov, Əşrəf Yüzbaşov, M.Kirmanşahlı, Göyərçin xanım, Tərlan xanım, Diləfruz xanım, Bikə xanım, Sürəyya xanım, Əli Qurbanov, Əhməd Salahlı, Əsəd Xəlilov. Özünüz haqqında da informasiya göndərməyinizi xahiş edirəm". Bu cür məktubların, xahişlərin sayı-hesabı yoxdur. Ələkbər Seyfi bütün xahişləri özünəməxsus səliqə-səhmanla yerinə yetirirdi."
Uzun müddət həbsxana həyatı yaşayan Ələkbər Seyfi yenidən böyük bir inadla səhnəyə, sənətə qayıdır. Qalan ömrünü də tərəddüdsüz olaraq yeni yanğı ilə yaradıcılığa bağlayır. 1958-ci ildə əməkdar artist, 1961-ci ildə isə xalq artisti fəxri adı alır. Onun yazışmaları arasında professor Əziz Şərif, xalq artisti A.Tuqanov, əməkdar artist Ə.Salahlı və onlarla görkəmli şəxsiyyətlərin səmimi məktubları diqqəti bu gün daha çox cəlb edir. Həmin məktublarda həyata, sənətə ciddi münasibəti olan şəxslərin arzu və istəkləri yazılıb. Ələkbər Seyfinin Əziz Şəriflə yazışması daha çox səmimidir. Ə.Şərif yazır: "Əzizim Seyfi, heç biləsən, kağızın məni nə qədər çox sevindirdi. Bəlkə daha çox ona görə ki, bu son iki ayın ərzində səni tez-tez xatırlayırdım. Bu vaxt mən Ə.Haqverdiyev haqqında müfəssəl xatirat yazır, onun mənə yazdığı məktublarını çapa hazırlayırdım. Bu ərəfədə gah Həqverdiyevin məktublarında, gah müxtəlif sənədlərdə, gah da öz gündəliyimdə hey sənin adına rast gəlirdim. Səni könlüm çox istəyirdi. Axı o vaxtdan sağ qalan ikicə bizik, bir də Rza Təhmasib. Qalanları Allahın rəhmətinə gedib, bizim yolumuzu gözləyirlər. Biz də üzü yamanlıq edib getmək istəmirik. İnşaallah, hələ çox gözləməli olacaqlar. Seyfi can, özünü qıvraq saxla, məni də unutma".
Maarif Teymur şəxsi fondda saxlanan bu cür sənədlərin həmişə canlı olduğu qənaətindədir: "Bu yazıları oxuduqca Ələkbər Seyfinin obrazı daim yaddaşımda canlanır, onu daha böyük sayğıyla xatırlayıram. O, bu müddət ərzində yüzlərlə rollar oynayıb, həmçinin də Azərbaycan kino sənəti tarixində heç kəsə bənzəməyən rollar yaradıb. İlk dəfə 1968-ci ildə Ələkbər müəllimlə Gəncədə görüşdən yadigar qalan qeydlərim bu gün onu məhəbbətlə xatırlamağa kömək edir. Sonralar onun oğlu Tofiq Şeyxi də atasının sənədlərinin tariximiz üçün qorunması işini davam etdirmişdi. Onun şəxsi fondundakı sənədlər Gəncə teatr xadimlərinin keçdiyi yolun şahidləridir. Hazim Hikmət, Süleyman Rüstəm, Məmmədcəfər Cəfərov, Lütfəli Abdullayev və onlarla başqa tanınmış, unudulmaz sənəkarlarımızla çəkilmiş fotoşəkillər yaşanan ömrün tarixi anlarıdır".
Ələkbər Seyfini 25 sentyabr 1970-ci ildə Dövlət Ədəbiyyat və İncəsənət arxivinə yazdığı bir avtoqrafla xatırlayaq: "Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə hədiyyə olaraq verirəm. Tərcüməçi Ə.Seyfi. Gəncə". Həmin tərcümələrdən "Üç qəpiklik opera" əsərindən bir parçanı sonda qeyd etməyi lazım bilirik: "İnsanlara mərhəmətsizlik hissləri artdığına görə, tacir Pişem bir müəssisə açmışdı ki, burada bədbəxtlərin ən bədbəxtləri getdikcə daşa dönən ürəklərə təsir edə biləcək zahiri görkəmə malik ola bilsinlər."

Uğur