Cəmiyyətdə plüralizm Layihə

Cəmiyyətdə plüralizm

Plüralizm insanların azad düşünməsini, hadisələr barədə öz fikrinin olmasını dəstəkləyir

I yazı

Plüralizm latınca "plüralis" sözündən olub "çoxluq" deməkdir. Plüralizm ictimai-siyasi həyatda daim yarışda və rəqabət mübarizəsində olan, bir-birindən asılı və bununla yanaşı, muxtar olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu mənasını verir. Plüralizmin siyasi, mədəni-mənəvi iqtisadi, sosial və s. növləri mövcuddur. Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. Plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hər biri öz müxtariyyatına doğru inkişaf etməyə başlayır.
Politoloqlar demokratik, hüquqi dövlət quruculuğunda plüralizmin inhisarçılığın istənilən formasının əleyhinə çıxış etdiyini göstərməklə, plüralist tipli ümumi mühüm əlamətləri də qeyd edirlər:
- Sosial davranışın hərəkət dinamikasını buxovlayan stereotiplərin "silinib getməsini" stimullaşdırır.
- Qeyri-dözümlüyün, qarşıdurmanın, dünyanı ikiqütblü varlıq kimi anlamağın əsaslarını aradan qaldırır.
- Sosial, ideya, konseptual fərqləndirməni dəyər və norma kimi qəbul edərək şəxsiyyətin azadlığı dərəcəsini artırır. Plüralizm sosial qrup və təbəqələrin müxtəlifliyi şəraitində formalaşır. Siyasi plüralizmin formaları müxtəlifdir. Bu, həm çoxpartiyalılıq, həm hakimiyyətin müvafiq səlahiyyətlərə malik olan müxtəlif mərkəzlərə bölünməsi, həm də formal yox, həqiqətən, yerlərdə özünüidarənin inkişafı və "dördüncü hakimiyyətin" - müstəqil mətbuatın olması deməkdir.
Plüralizm mədəniyyətdir. Plüralizm cəmiyyətdə müxtəlif ideologiya və fikirlərin olmasıdır. Plüralizm monotonluğu, vahid ideologiya və fikrin hegemonluğunu, bütün cəmiyyətə təlqin və məcbur edilməsini rədd edir. Plüralizm insanların azad düşünməsini, hadisələr barədə öz fikrinin olmasını dəstəkləyir. Plüralizm müxtəliflik, rəngarənglik və zənginlikdir. Bu cəmiyyətin normal və təbii halıdır. Çünki insan müstəqil fərddir, onun öz fikri, düşüncə tərzi və zövqü var. İnsana necə rahatdırsa elə də yaşamalıdır. O özünü cəmiyyətə və ya cəmiyyətdəki çoxluğa uyğunlaşdırmaq məcburiyyətində deyil. Vahid ideologiyaya məcbur edilmiş cəmiyyətlər gec-tez
plüralizm mədəniyyətinə qovuşacaqlar. Sovet İttifaqının, Nasist Almaniyasının, Yapon İmperiyasının, Pol Pot Kambocasının çökdüyü kimi İran molla rejimi, Çin və Şimali Koreyanı kommunizmi də bir gün mütləq çökəcəkdir. Çünki zorla gözəllik olmur! Zorla hamını dindar, kommunist, nasist, ateist etmək olmur. Zorla, təzyiqlə, represiyya ilə qurulmuş sistem davamlı olmur, çünki təbii deyil, sünidir və əvvəl axır çökəcəkdir.
İnsan onun kimi düşünməyənlərə hörmətlə yanaşmalıdır və başqasının seçimlərinə və fikirlərinə hörmət etməlidir. Biri İslam dininə inanar, biri başqa dinə, biri təkamül nəzəriyyəsinə, biri siyasətlə maraqlanar, biri elmlə, biri açıq geyinər, biri qapalı və s. və ilaxır. Məsələ bundadır ki, burada mütləq həqiqət deyilən şey yoxdur. "Bir yol düzgündür, qalanları səhvdir" kimi sadə deyil məsələ. Hər kəsin öz həqiqəti var. Ona görə də, kimə necə xoşdursa, necə rahatdırsa elə də yaşamalıdır.
Azərbaycanda plüral cəmiyyət dedikdə insanların mənşəyindən, milliyyətindən, dinindən, dilindən və digər xaraketrik xüsusiyyətlərindən asılı olmayaraq bərabər və hürr yaşadığı cəmiyyət başa düşülür. Sözsüz ki, hazırda Azərbaycanda Qərbi Avropa və Şimali Amerikada olduğu kimi tam plüral cəmiyyət formalaşmayıb. Fərqli fikir, fərqli dünya görüşü və həyat tərzi bəzi hallarda çoxluq tərəfindən qəbul olunmur, xor görülür, qınanılır və təzyiqə məruz qalır. Adicə evlənmə prosesini misal gətirmək olar. Avropada sadəcə evlilik qız və oğlan arasında olduğu halda Azərbaycanda bu proses sanki iki nəsil arasında baş verir.
Amma reallıq budur ki, optimizmə kifayət qədər əsas var. Azərbaycan Avropaya inteqrasiya etdikcə insanların dünyaya baxışı da dəyişəcək. İnsanlar daha tolerant olacaqlar. Azərbaycan cəmiyyəti zamanla individual həyat tərzinə keçəcək. Plüralizm siyasi nəzəriyyə prinsipi kimi fəlsəfi-metodoloji əsas olmaqla nəzəri fikrin açıqlığı konsepsiyalarından çıxış edir. Bu konsepsiyaya görə, hər bir intellektual prosesdə fikir ayrılığı labüd haldır. Elmi biliyin artması təlimlərin çoxluğu ideyasını rədd etmir, əksinə, onların dərki üçün konseptual plüralizmə söykənir. Belə halda plüralizm bu və ya digər konsepsiyalar çərçivəsində müəyyən prinsiplərə riayət etməyi inkar etmir.
Liberalizm və plüralizm bir yerdə inkişaf edir. Bunun üç əsası var:
1. İqtisadi plüralizm. Dövlət iqtisadiyatdan sorumlu olmur və bazar iqtisadiyyatınakeçilir. Vergisini verən hər kəs qanun çərçivəsində sərbəst iqtisadi fəaliyyətlə məşğul olur.
2. Siyası plüralizm.
Hər kəsin iqtidara gəlmə haqqı var. Siyasətin leqallığını bəlli edən ilahi qanunlar deyil, xəlqi iradədir, seçimdir. Siyasi plüralizmin adına demokratiya deyilir. Demokratiya bir dəyər deyildir, dəyərlərin tətbiq edilmə mexanizmidir. Onun içindəki dəyələrlər olmazsa, dini və düşüncə plüralizmi olmazsa, demokratiya İrandakı günə düşər. İranda da seçim var, prezident, millət vəkilləri və bələdiyyələr seçilirlər. Ancaq necə seçilirlər. Tək bir dəyər əsasında. Dəyərlərin plüralizmi, düşüncə və din plüralizmi yoxdur. Məsələn, İran qanununda yazılır ki, ölkənin məzhəbi şiədir. Qanunda belə şey yazılmamalıdır. Məzhəbi təyin edən qanun deyil, insanların fərdi vicdanıdır. Ona görə də bu ölkədə digər məzhəbdən, yaxud dindən olan bir şəxsin şəxsin prezident olmaq şansı yoxdur.
3. Düşüncə və dini plüralizm.
Bu üçüncü olmazsa, demokratiya da olmaz. İnsanların idrakına, düşüncəsinə və vicdanına seçim haqqı tanımaq lazımdır. Dəyərlər burada icad edilir və demokratiya burada icad edilən dəyələrin tətbiq vasitəsidir. Bu üzdən də demokratiya metod və formadır, məzmun deyildir. Məzmun rəqabətdə olan dəyərlərin özünü həyata keçirmə istəkləridir.
Demokratiya cəmiyyətdə elə bir siyasi təşkilatdır ki, o xalqın hakimiyyət mənbəyi kimi tanınmasına əsaslanır. Demokratiya xalqa dövlət işlərində iştirak etmək hüququ verir. Demokratiya əhval-ruhiyyəli cəmiyyətdə, sosial mühitdə plüralizm yaranır.
Demokratik cəmiyyət əsas partiyalar və təşkilatların qarşılıqlı əlaqələrinə əsaslanan hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə dövlətin daxili və xarici siyasətinə müəyyən mənada təsir edən təşkilatlar fəaliyyət göstərir. Bunlar siyasi partiyalar, siyasi qruplar və digər ictimai təşkilatlardır. Bu təşkilatların içərisində siyasi partiyalar xüsusi yer tutur, çünki siyasi partiya dövlətin siyasi həyatına təsir göstərən ən mühüm vasitədir.
Siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər və baxış çoxluğu olub, sosial qrupların öz maraqlarını ifadə etmək üçün təşkilat yaratmaq imkanıdır. Siyasi plüralizm şəraitində vətəndaş istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə malik ola bilər. Lakin bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləməlidir.
Totalitar cəmiyyət bütün vətəndaşlarından eyni cür, hakim ideologiyanın müəyyən etdiyi kimi düşünməyi tələb edir. Bu ideologiya hakimiyyətdə olan qüvvələrin maraq və mənafelerinin ifadəsinə yönəldiyi üçün onu tənqid etmək, siyasi proseslərə müdaxilə mümkün deyildir. Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir.
Onların tərtib etdiyi proqramlar, irəli sürdüyü ideyalar daim toqquşma və rəqabət halında olur. Beləliklə, cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşlər daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Bu təbiidir, əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların qarşıdurmalara, düşmənçiliyə çevrilməsinə yol vermir. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi ikişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir.
Vətəndaş cəmiyyəti bir ideya kimi siyasi mədəniyyət çərçivəsində formalaşır. Siyasi mədəniyyət mücərrəd bir proses kimi, məkan və zamandan asılı olmayaraq formalaşmır.
Sosial reallıq, cəmiyyətdəki və şəxsiyyətlər arasındakı münasibətlər, mənəvi və əxlaqi dəyərlər sistemi, ictimai rəy və ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən amillərdir. Siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də, onların sosial sistemin başqa ünsürləri ilə əlaqələrini normalar, dəyərlər, ənənələr vasitəsilə tənzimləyir. Siyasi mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri siyasi plüralizmin həyat normasına çevrilməsinə geniş imkan yaradılması və digəri aşkarlığın genişlənməsidir. Siyasi mədəniyyətin quruluşuna, adətən, siyasi maraqlar, bilik və inam, siyasi hadisələrin oriyentasiyasının qiymətləndirilməsi, cəmiyyətdəki normaların qəbul edilməsi, siyasi fəaliyyət üsulları, vərdişləri, təcrübə və bacarıq, siyasi institutlar daxildir. Siyasi mədəniyyətin digər təzahür forması siyasi fəaliyyətin stilidir. Məsələn, ABŞ və Fransa siyasi həyatı daha açıqdır, orada geniş siyasi fəaliyyət göstərməyə daha çox imkanlar vardır.

Cavid