Medianın “mötəbər mənbə” problemi Layihə

Medianın “mötəbər mənbə” problemi

Media təmsilçiləri bu yanaşmanın düzgün seçim olmadığı qənaətindədilər

Bu gün mətbuatda yalan, şayiə xarakterli informasiyaların yayılması adi hala çevrilib. Yalan yazılar, "adının çəkilməsini istəməyən şəxs", "mötəbər mənbə" ifadələri ən çox müşahidə etdiyimiz məqamlardır. Biz bu mənbələrin - "şəxslərin" dediklərinə inansaq, indiyədək gərək bir məmur öz postunda qalmamalıydı... Çünki mətbuatın "adının çəkilməsini istəməyən mənbə"ləri indiyədək müxtəlif məmurların vəzifələrindən uzaqlaşdırılacağı ilə bağlı proqnozları özünü doğrultmadığından belə medanın digər xəbərlərinin düzgünlüyünə də şübhələr artır.
Beynəlxalq mediada da bu kimi ifadələrdən istifadə olunur. Amma az hallarda müşahidə edilən belə hallarda onların yaydıqları informasiyanın doğru olduğuna inam var. Bizim bəzi media qurumlarının yalan xəbəri isə cəmiyyətin ona inamının azalmasına səbəb olur. Nəticədə qurunun oduna yaş da yanır, nə qədər digər mətbu orqanlar doğru informasiyalar yazsa belə, onu da yalan kimi yozurlar.
"Gündəlik Bakı"nın əməkdaşı Anar Rasimoğlunun fikrincə, bəzi orqanlarla xəbərin dəqiqliyini müəyyənləşdirmək çətin olduğundan media təmsilçisi "mötəbər mənbə"ni istinad gətirmək məcburiyyətində qalır: "Bu seçim bütün dövlətlərin mediasında mövcuddur. Amma çox vaxt "mötəbər mənbə"nin verdiyi məlumat düz də çıxmır. Mən jurnalistləri qınamıram. İnformasiyanı almaqda çətinlik çəkdiklərindən bu yola əl atmaq məcburiyyətində qalırlar. Və yaxud da hansısa mənbədən əldə etdikləri məlumatı digərlərindən qabaq ictimaiyyətə çatdırmaq istəklərindən bu varianta əl atılır. Bu proses daha çox saytlarda özünü biruzə verir. Düzdür, "mötəbər mənbə"yə istinad edilən xəbərlərin əksəriyyəti jurnalistin təxəyyülünün məhsulu da olur. Amma bütün hallarda informasiyanı verməzdən öncə onun dəqiqliyi yoxlanılmalıdır".
"Mənbələrlə iş Azərbaycan jurnalistikasının ən zəif yerlərindən biridir və xüsusilə anonim mənbələrə müraciət sahəsində ciddi problemlər var. Bizdə birinci əsas problem informasiyanın bir neçə mənbədən yoxlanılmaması, ikincisi anonim mənbələrə müraciətlə bağlı problemlərdir. Hər iki hal bütövlükdə informasiyaya olan inamın aşağı salınmasına gətirib çıxardır, əhalidə mediaya olan inam azalır". "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə deyib. O, bunun iki səbəbini görür: "Birinci səbəb qeyri-peşəkarlıqdır. İnformasiya mənbələri ilə iş jurnalistikasının ən çətin sahələrindən biridir. Bir sıra tələblər var və bu tələblər həmişə yerinə yetirilməlidir. İkinci səbəb ondan ibarətdir ki, dövlət orqanları mediaya qapalıdır. Onlardan informasiya almaq və ya hansısa məlumatları dəqiqləşdirmək jurnalistlər üçün çətin olur. Və onlar belə hallarda şayiələrlə dolanmağa və onun böyrünə "mötəbər mənbələrdən aldığımız informasiyaya görə" ifadəsini əlavə etməyə məcbur olurlar".
Arif Əliyev qeyd edib ki, bu situasiyanı düzəltmək üçün birincisi dövlət orqanlarının, informasiya mənbələrinin açıqlığına nail olmaq lazımdır: "Təəssüf ki, uzun illərin səyləri bu sahədə heç bir nəticə vermir. Təcrübə göstərir ki, bu mənbələr qapalı qalmaqda davam edirlər. Bundan təkcə müxalifət mətbuatı deyil, eyni zamanda hökumətyönlü KİV də əziyyət çəkir. Bu barədə rəsmi qəzetlərdə də neçə dəfə yazılar olub. Bu, əlbəttə, jurnalist professionallığı ilə bağlıdır. Çünki professional standartlara görə hətta mənbə qapalı olmasını tələb etdikdə belə, mütləq müəyyən detallar yazıya əlavə edilməlidir ki, mənbəni tanıtmadan onun reallığını göstərə bilsin. Məsələn, "filan nazirlikdən mötəbər mənbələrdən aldığımı məlumatlara görə" ifadəsi boş ifadədir. Bunun arxasında 90 faiz heç bir mənbə dayanmır".
Birlik sədri bildirib ki, peşəkar jurnalistikada "mötəbər mənbələrdən aldığımız informasiya" ifadəsinə az rast gəlinir. "Hətta belə olduqda da, o informasiyaların əlavə mənbələrdən yoxlanılması nəticəsində nələrsə üzə çıxır. Mənbə qapalı olduqda belə, onun hansısa bir cəhətini göstərmək lazımdır ki, oxucuda müəyyən inam yaransın. Beynəlxalq mediada da bu ara-sıra istifadə olunur. Amma bu Azərbaycan mediasında istifadə olunan qədər deyil. Rəqəm kimi götürsək, bunları müqayisə etmək mümkün deyil".
Oxucu.info portalının rəhbəri Məhərrəm Ağalaroğlunun fikrincə isə, "mötəbər mənbə" məsələsi bütün saytlarda mövcuddur: "Bəzən elə informasiyalar olur ki, o həqiqətdir. Lakin onu verən mənbə adının gizli saxlanmasını xahiş edir, istəmir ki, xəbərin ondan gəldiyi bilinsin. Müxbir də məcbur olub həmin inaformasiyanı "mötəbər mənbə" və yaxud da "mənbə"sinə istinadən verir. Belə "mənbə"lər düz də ola bilər, yalan da. Çox çaxt isə jurnalist xəbəri ehtimallar üzərində də qurur. Bu isə yerli mediamızda qəbul olunmayan prinsiplərdəndir. Bu həm də həmin sayta olan inam azlığının nümunəsidir. Xəbəri dəqiqləşdirmək vacibdir".
Media eksperti Zeynal Məmmədli qeyd edib ki, bu medianın ciddi problemlərindən biridir: "Bu gün biz heç cür öyünə bilmərik ki, Azərbaycanda media ilə bağlı inam var. Çap mətbuatının satışına, televiziyalarda çoxbaxımlı verilişlərin reytinqinə baxsaq, (ən populyar verilişə 100-150 minlik tamaşaçı sayı yüksək reytinq gətirirsə) görərik ki, Azərbaycanda mediaya inam nə qədər aşağıdır. Qaynağın adını bildirmədən xəbər yazmaq Azərbaycan mediasının öncədən xəstəliyidir ki, hansısa qaynaqdan aldığı məlumatı təsdiqlədə bilmir. İndiki halda birbaşa jurnalistikanı, media əməkdaşlarını günahlandıra bilmərəm, başlanğıcda bəlkə ola bilərdi, amma indi yox".
Z.Məmmədli Azərbaycanda məlumat almaqla bağlı az qala çözülməz bir çətinliyin olduğunu və son nəticədə bu cür vəziyyətin yarandığını vurğulayıb: "Jurnalistlərin məlumat alma prosesi son qanun dəyişikləri ilə lap çətinləşdirilir. Belədirsə, onda Azərbaycan jurnalistləri bilərəkdən dedi-qodunun, söyləntilərin, təsdiqlənməyən məlumatların yayılmasına sürükləndirilir. Bu da sanki hökumətin medianın cəmiyyətdə inam qazanmasında, nüfuzunun artırılmasında marağı olmadığını göstərir. Məntiqi olaraq bu nəticəni çıxartmaq olar ki, televiziyaların, radioların, rəsmi saytların aktual məsələlərdən yayınması, auditoriyanı ehtiyacı olan məlumatlarla təmin etməməsi, ikinci tərəfdən, jurnalistin məlumat almaqla bağlı məsələlərin çətinləşdirilməsi, bununla bağlı məhkəmə işlərini gözardı etməsi və informasiya əldə etmək, məlumat azadlığı ilə bağlı qanunun işləməməsi, məlumatı gizlədənlərin cəzalandırılmaması, əksinə vəzifəcə yüksək pilləyə qaldırılması Azərbaycanda mediaya inamın azalmasına səbəb olur.
Kök bundadır ki, biz jurnalistlərin məlumatları təsdiqlətdirmək imkanlarımız çox məhduddur. Üstəlik bazar da inhisarda olduğundan və bəlli mətbu qurumu yaşatmaq məcburiyyətində qaldığımızdan, qeyri-peşəkar jurnalistikanı özü üçün normal sayanlar və media menecerləri mətbuatı sürətlə sarılaşdırmağa başlayırlar".
Z.Məmmədli bildirib ki, "mötəbər mənbələr", "redaksiyamızın mənbəsi", "etibarlı mənbələr" adı ilə Azərbaycan jurnalistikasında yağışdan sonra göbələk kimi çoxalan o istinadlar ciddi problemdir. "Jurnalistlər bilməlidir ki, o cür qaynaqdan istifadə edirlərsə, onun mütləq xarakterini bildirməlidirlər. Mütləq oxucu, dinləyici bilməlidir ki, məlumat qaynağının gizlədilməsində məqsəd nədir. İkincisi bu qaynağın xarakteri çatdırılmalıdır. Ancaq görürük ki, istər müxalif, istər dövlətdən maliyyələşən, istər bitərəf mətbuatda yanlış informasiyalar baş alıb gedir".
Müstəqil jurnalist Alçina Amilqızının fikrincə isə hər bir media işçisinin, müxbirin müxtəlif yerlərdə öz mənbəyi olmalıdır: "Amma yaxşı olardı ki, həmin mənbə informasiyanı verdikdə öz adının açıqlanmasından ehtiyat etməsin. Əgər adını gizli saxlayıb informasiya verirsə, onda həmin xəbəri yayan jurnalist onun həqiqiliyini dəqiqləşdirməlidir. Dəqiqləşdirilmədən informasiyanı verməyin özü naşılıq və KİV haqqında qanunumuza ziddir. Müxbir digər tərəfin də mövqeyini mütləq işıqlandırmalıdır. "Mötəbər mənbə"lər jurnalistə çox vaxt qərəzli, bitərəf informasiyalar da ötürə bilər. Saytların elektron ünvanlarına belə xəbərlər çox gəlir və onlar da bunu dəqiqləşdirmədən verirlər. Mənim fikrimcə, bu düzgün seçim deyil".
Media Hüquqi İnstitutunun direktoru Rəşid Hacılı da hesab edir ki, "mötəbər mənbə" adı altında və yaxud "adını bildirmək istəməyən mənbə" kimi və s. ifadələrdən sui-istifadə edilməsi həmin informasiyanın etibarlığını şübhə altına alır. "Nəticə etibarı ilə bu jurnalist etikası, media etikası standartlarından kənara çıxır. Bunu yazan həmin media qurumuna və yaxud jurnalistə etibar azaldır. Ümumilikdə götürəndə bu sözə, mətbuata cəmiyyətin inamının azalmasına gətirib çıxarda bilər. Bu jurnalistikanın ümumi problemidir".
R.Hacılı qeyd edib ki, ümumi əxlaq məcəlləsi çərçivəsində jurnalistlər bir araya gəlib bunu həll etməli və ya hansısa formada bunu aradan qaldırmağa çalışmalıdır. "Burada hüquqi problem yoxdur. Bu sırf jurnalistin öz peşəsinə, öz oxucusuna hörmət etməsi məsələsidir. Rəsmi şəxslərin, xüsusilə hökumət nümayəndələrinin, tanınmış ictimai xadimlərin fəaliyyətləri ilə bağlı məlumatların bu şəkildə yayılması təkcə jurnalistlərin günahı və problemi deyil. Bu həm də həmin qurumların, şəxslərin mətbuat üçün nə qədər açıq olmasının göstəricisidir. Hansısa rəsmi şəxs barəsində şayiə yayılırsa, biz görmürük ki, o çıxıb bununla bağlı təkzib versin. Biz jurnalistləri tənqid etdiyimiz kimik, eyni zamanda həmin o şəxslərin, dövlət məmurlarının və s. öz imicləri haqqında heç cür qayğı çəkmədiklərini, mətbuata saymazyana münasibət göstərdikləri üçün diqqətsiz münasibət göstərdiklərini mütləq qeyd etmək lazımdır", - deyə Rəşid Hacılı vurğulayıb.

Cavid