Məhəmməd Hadi və “Füyuzat” jurnalı Layihə

Məhəmməd Hadi və “Füyuzat” jurnalı



Şairin fikrincə, işlərin bu qədər qarmaqarışıq olmasının səbəbi dünyada həqiqət və hürriyyətin olmamasındadır

Həyatdan nakam getmiş (40 yaşında) Azərbaycan şairi, ürəyi Vətən, millət eşqi ilə döyünən Məhəmməd Hadinin yaradıcılığında "Füyuzat" jurnalı ilə əməkdaşlığı ayrıca yer tutur. Tanınmış araşdırmaçı İslam Qəribli sözügedən mövzunu araşdırıb. O, bildirir ki, tam bir il - 1906-cı ilin 1 noyabrından 1907-ci ilin 1 noyabrına qədər Əli bəy Hüseynzadənin redaktorluğu, Hacı Zeynalabdin Tağıyevin maddi yardımı və imtiyaz sahibliyi ilə Bakıda, Nikolayevski küçəsindəki "Kaspi" mətbəəsində çap olunan "Füyuzat" jurnalının ən fəal yazarlarından biri də Məhəmməd Hadi olub. Hər nömrəsi 16 səhifədən ibarət olan, cəmi 32 sayı işıq üzü görmüş (jurnalın 6 nömrəsi 1906-cı ildə, 26 nömrəsi isə 1907-ci ildə çıxıb) bu məcmuənin 23, 24 və 31-ci nömrələri istisna olmaqla, qalan 29 nömrəsində M.Hadinin şeir, məqalə və tərcümələrdən ibarət 50 yazısı çap olunub. Jurnalda çap etdirdiyi əsərlərində M.Hadi əvvəlki idealına sadiq qalaraq, əsasən maarif və mədəniyyəti, hürriyyəti, yer üzünün əşrəfi olan insana məhəbbəti təbliğ edib, həqiqi arzusunun millətinin səadəti olduğunu bildirib: "Əli bəy Hüseynzadə tərəfindən Həştərxandan jurnalın redaksiya heyətinə dəvət edilən M.Hadi "Həyat" qəzetində olduğu kimi, "Füyuzat"da da üç istiqamətdə fəaliyyət göstərib: şair kimi; publisist kimi; tərcüməçi kimi.
"Füyuzat"ın ilk nömrəsindən son nömrəsinə qədər məcmuə ilə əməkdaşlıq etmiş M.Hadinin jurnalın ilk sayında forma və məzmunca fərqli dörd şeiri çap edilib ki, "Fünun və maarif" şeiri bunlardan birincisidir. 17 beytlik qəsidə formalı bu əsər şairin, 1908-ci ildə Bakıda çap etdirdiyi "Firdovsi - ilhamat" kitabı istisna olmaqla, sonralar çap olunmuş heç bir kitabına düşməyib.
"Maarif tərbiyyətbəxşayi-hissiyyəti-vicdandır, Maarif rövnəqəfzayi-riyazi-fikrətü candır" - beyti ilə başlanan şeir ruhu etibarı ilə şairin bu əsərə qədər "Həyat" qəzetində və "Dəbistan" jurnalında dərc etdirdiyi "Məktəb", "Məktəb şərqisi", "İnsan nə ilə mükərrəm olur", "Lövheyi-təsviri-maarif", "Maarifə doğru" şeirləri ilə səsləşir.
Janrına görə müxəmməs olan "Amali-tərəqqi" əsəri beş bənddən ibarətdir. Azadlıq, istiqlal və maarifin təbliği niyyəti ilə yazılmış bu şeir mətnində heç bir dəyişiklik edilmədən həm "Firdovsi-ilhamat"da, həm də M.Hadinin poetik əsərlərinin nisbətən kamil nəşri hesab olunan kitablarında çap olunub. "Əsasi-fikrimiz təmini-istiqbali-millətdir", - deyən şair bildirir ki, cəhalət odu Vətənin sinəsinə çalın-çarpaz dağ çəkib, cəhl və qəflətdən maarifin nuru, ziyası sönüb. Hər tərəfi yaramazlıqlar bürüdüyündən (M.Hadidə "xari-şaqavət") "Vətən gülzarı xar olmuş", səadətdən əsər-əlamət yoxdur. Ən istəkli əməli "irtiqayi-mülki-millət" (millət mülkünün, Vətənin yüksəlişi və inkişafı) olan şairə görə əsarət zəncirini qırmaq, millətin istiqlalını qazanmaq üçün iki başlıca yol var: TƏHSİL, MAARİF və HƏQİQƏT. Çünki:

Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət,
Həqiqətlə edər növi-bəşər təhsili-hürriyyət.
Həqiqətlə olur baği-vətən gülzari-əmniyyət,
Həqiqət zahir olsa, parlayar ənvari-ülviyyət,
Həqiqətbin olanlar vasili-fövzü hidayətdir".

Hüseyn Bayqaranın "Azərbaycan istiqlal mübarizəsi tarixində ilk milli şair" adlandırdığı M.Hadinin "Füyuzat"ın noyabrın 13-də çıxan ikinci sayında iki şeiri dərc edilib: ""Şirvanzadə" imzası ilə gedən birinci şeir "Təraneyi - qəmpərvəranə" adlanır. "Bilməm ki?" rədifli bu əsər 16 beytdən ibarətdir və qəsidə formasında yazılıb. Məzmun və ideya baxımından əvvəlki şeirlərdən fərqlənən bu əsəri şairin fəlsəfi lirikasının ən gözəl nümunələrindən biri hesab etmək olar. Bəşər, insan və cəmiyyət, istiqlal və istibdad barədə düşüncələrini bildirmək niyyəti ilə yazılmış şeirin ilk bəndi ilə şair oxucusunu bir çox suallarla baş-başa buraxır: - İnsan nədir? Əfsanə, ya həqiqət və bu varlığın cahana gəlməkdə məqsədi nədir? Səbəb nədir ki, fərzanələr belə dünyanın dolaşıq işləri qarşısında aciz qalmışlar? Niyə dünya zülm və sitəm səhnəsinə çevrilib və nədən "Bu zülmabadi-giytidə (ədalətsizlik, zülm yeri olan dünyada) fəqət bir namı var ədlin?"
"Amali-istiqbal, yaxud ümid və əməllər" şeirini şair "Amali - istiqbal" adi ilə "Firdovsi-ilhamat" kitabına da salıb və mətndə bir neçə düzəlişlər edib. Bu şeirdə və şeirə nəsrlə əlavə olunmuş sonluqda M.Hadi azadlıq, mədəniyyət barədə düşüncələrini qələmə alır, Xristofor Kolumbun Amerika qitəsini kəşf etmək üçün bu işə ümidlə girişməsindən söz açır, fransız ədibi Viktor Hüqodan gətirdiyi sitatlarla ("Həyat həqiqətlə, mövcudiyyət də xəyal və ümid ilə qaimdir", "Mövcudiyyət vicdandır, vicdan isə ümidlə, əməllə qaimdir" və s.) fikrini qüvvətləndirir və bu qənaətə gəlir ki: Ümid ilə insan ediyor teyyi-mərahil (İnsan ümid ilə mərhələləri keçib başa çatdırır - İ.Q.)".
Jurnalın 3-cü nömrəsində M.Hadinin iki şeiri nəşr olunub: ""Bədaye" adlanan birinci şeir 11 beytdən, "Kitabi-həyat"
şeiri isə müxəmməs formasında olmaqla on üç bənddən ibarətdir. Birinci əsərdə əsas mövzu həqiqətin tərənnümüdür. Şairin fikrincə, həqiqət nəzərləri ilə baxılarsa, dünyanın Turi-Sina (Ərəbistan yarımadası ilə Misir arasında yerləşən Sina yarımadasında Allah ilə Musa peyğəmbərin danışdıqları yer- İ.Q.), ağaclardan bir ağızdan "ya Musa" kəlməsinin eşidilməsinin şahidi olmaq olar. Şairə görə, həqiqət olmayan yerdə rəzalət ayaq tutub yeriyir, bütün qaranlıqlar, pisliklər hökmfərma olur. "Kitabi-həyat" şeiri üsyankar təbiətli şairin fəryad və şikayətlərinin hələ yaradıcılığının ilk illərində belə poeziyasının əsas mövzularından biri olduğunu təsdiqləyir. "Bütün əskiliyə qarşı üsyan edən, haqsızlığa qarşı meydan oxuyan və ona ilham verən ən ziyadə sərbəstliyi, hürriyyəti şeirlərində tərənnüm edən"(A.Şaiq) şair bildirir ki, "ürəyi azadlıqsevərlərin qəlbi kimi yaralı olan" dünya şivən səhnəsidir, buna səbəb isə "bizdə asari-mürüvvət hissinin yoxluğudur". Cahan "bir sürü cəllad əlindən əşkbar olmuş", tərəqqi istəyənlər zindan künclərinə atılmış, zaman-zaman haqq deyən dillər kəsilmiş.
Jurnalın dördüncü nömrəsində M.Hadinin 26 beytdən ibarət olan bir şeiri - "Hissiyyati-madəranə və yaxud övlad bəsləmək hissləri" çap olunub. Araşdırmaçı bildirir ki, "Firdövsi-ilhamat" kitabına "Hissiyyati-madəranə" adı ilə daxil edilmiş bu şeirin mətnində dəyişiklik edilməyib və şeir sonrakı nəşrlərə də "Firdovsi-ilhamat"da olduğu kimi daxil edilib.
"Məhəmməd Hadi Şirvani" imzalı mürəbbe formasında 9 bənddən ibarət "İsmət, yaxud əfif olan zatların xəsaili" adlı, "Firdovsi-ilhamat"a və sonrakı nəşrlərə düşən şeirin sonuncu bəndinin ilk - "Şeiri rənasında söylər arifi-Rumi Ziya" misrasına türk şairi Ziya Paşanın (1825-1880) aşağıdakı iki misrası ilə verilmiş izah kitablara düşməyib:

Lənət ola ol malə ki, təhsilinə anın,
Ya irz, ya namus, ya qeyrət ola alət.

Mövzu və ideyaca jurnalda çap olunan əvvəlki şeirlərdən bir o qədər də fərqlənməyən bu əsərdə baş leytmotiv insanın öz şəxsiyyətini qorumaq üçün yollar axtarması, yaşayışında kimsəyə boyun əyməməsidir. Şair bu əqidədədir ki:

Kimsəyə qılmaz təməllüq həqpərəstan nan üçün,
Çaki-ismət eyləməz alicənaban nan üçün,
Abi-nayabi-ifafi-tökməz insan nan üçün,
Tərki-məslək eyləməz ərbabi-irfan nan üçün.

Mürəbbe şəklində olan "Nidaül-vətən" şeiri "Firdovsi-ilhamat" kitabına düşsə də, şairin 1920-ci ildən sonra çıxan kitablarına düşməyib. "Dünyada əməlimiz fəqət emari-vətəndir" misrası ilə başlanan bu əsərdə vətənin "gülşəni-rənası"nın solmasından, "vicdani-münafiq" (ikiüzlü, riyakarların vicdanı) kimi "bünyanı" (özülü, təməli) pozulmuş, cahillərin fikirləri kimi halı pərişan vətənin vəziyyətindən ürək ağrısı ilə söz açan şair bildirir ki, bizlərdə vətən məhəbbəti olmayınca, vətənin şan və şərəfi hifz, himayə edilməyincə nə vətənə, nə də millətə nicat yoxdur".
"Füyuzat" jurnalının 6-cı nömrəsində M.Hadinin üç əsəri çap olunub: "Bunlardan birincisi "Dəli şairə dəlilər mühibbi olan bir quşun köməyi. Tövsiyeyi-mür?" adlı şeir, ikincisi - "Müctəhid ağa Təbatəbayi həzrətlərinin məktubu" sərlövhəli tərcümə, üçüncüsü isə "Bakı tarixindən bir nəbzə" adlı irihəcmli bir məqalədir. Şeirin altında "Dəlilər mühibbi", tərcümənin altında "Mütərcim M.H.", məqalənin altında isə "M.Hadi" imzası qoyulub. Şeir jurnalın birinci nömrəsində "Dəli şair" imzası ilə çap olunmuş "Heyrət, yaxud bir mələyin insanlara xitabı" adlı on iki beytlik bir şeirə cavab kimi yazılıb, vəzn, qafiyə və rədif sistemi belə saxlanılıb. Yeri gəlmişkən qeyd edək ki, "Füyuzat"in birinci nömrəsində çıxan şeiri tədqiqatçılardan biri M.Hadinin şeiri hesab edib ki, bizcə, bu fikir doğru deyil. Şeirin M.Hadinin olmadığını sübut üçün bircə faktı söyləmək yetərlidir. Altıncı nömrədə çıxan şeiri M.Hadi öz əsəri kimi "Firdovsi-ilhamat"a daxil edib, birinci nömrədəki şeiri isə məhz başqa müəllifin olduğu üçün kitabına salmayıb. (Bizcə, şeirin müəllifi Əli bəy Hüseynzadədir). M.Hadinin bu əsəri sonrakı kitablara da salınıb, başlıq istisna olmaqla (həm "Firdovsi-ilhamat"da, həm də sonrakı nəşrlərdə şeirin sərlövhəsi belədir: "Tövsiyeyi-mürğ") mətn eyni ilə saxlanılıb.
M.Hadi şeirlərində görünməkdə olan ümumi kədər - "hüzni-ümumi" bu əsərin hər beytində görünməkdədir. Quşun dilindən: "Niyə insanlıq gülzarını yandırırsınız?" sualı bir qədər sonra acı ittihama çevrilir. İnsana ədalətlə hökm etmək buyuruğu verilsə də ("Atılmış guşeyi-nisyanə nəssi-təhkumu bilədl"), o, buna əməl etmir. Murdar nəfsinə uyaraq qan tökür, məzlumun haqqını yeyir, bu azmış kimi nə haqq söz, nə də Tanrıdan gələn fərmanlar ona təsir etmir. İnsanın cahilliyi ucbatından "cahan bir qətlgah olmuş", o isə hələ də cəhalət eydinə - bayramına qurbanlar kəsməkdə davam etməkdədir. Bu hala heyvanlar lənət oxuduğu halda (lənətxandır heyvanlar), insanlar pis əməllərdən əl çəkmir.. "Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?" bədii sualı ilə tamamlanan şeirdə millət və onun gələcəyi barədə şairin duyğu və düşüncələri çox yüksək bədii və fəlsəfi ümumiləşdirmələrlə öz həllini tapıb".

Uğur