Vətəndaş cəmiyyəti sektoru öz inkişafının yeni mərhələsinə daxil olacaq Layihə

Vətəndaş cəmiyyəti sektoru öz inkişafının yeni mərhələsinə daxil olacaq

Ötən həftənin son üç günü ərzində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 100-dən çox QHT sədri ilə onlayn görüş keçirib.
İlk belə görüş bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu "İctimai Liderlər Platforması"nın üzvləri ilə baş tutub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezidentin köməkçisi Hikmət Hacıyevə QHT-lərlə görüşdüyünə görə təşəkkür edib və bu təşəbbüsün QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacağına və QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin cəmiyyətimizdə QHT-lərin fəaliyyətinə və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. H. Hacıyev QHT sektorunun ölkəmizin ictimai həyatında fəal iştirakını vurğulayıb, hökumətin QHT-lərlə dialoqun genişlənməsində və QHT-lərin diqqətində olan məsələlərin müzakirəsində maraqlı olduğunu bildirib. O, vətəndaş cəmiyyəti institutlarının ölkəmizin dayanıqlı sosial iqtisadi inkişafı, vətənpərvərliyin gücləndirilməsi, milli maraqlarımızın qorunması, həmçinin təhsil, humanitar və ictimai əhəmiyyət daşıyan digər sahələrdə mühüm roluna toxunub, dövlət başçısının qeyd etdiyi kimi, ictimai nəzarət mexanizmlərinin və onun tətbiqinin səmərəliliyinin artırılmasının zəruriliyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin sədri Şahin Rəcəbov “Xalq Cəhəsi”nə bildirib ki, görüş olduqca pozitiv atmosferdə keçdi və ümidverici təsir bağışladı: "Bu belə formatda ilk görüşdü. Hikmət müəllim hər kəsi dinlədi, bu sektorun problemlərinin həllində, vətəndaş cəmiyyətinin inkişafında dövlətin maraqlı olduğunu bildirdi. Görüşdə demək olar vətəndaş cəmiyyətinin inkişafının bir çox mühüm problemlərinə toxunuldu. QHT-ləri narahat edən məsələlərə toxunuldu, hökumət - QHT münasibətləri, milli, dövlətçilik maraqları, QHT-lərin institusional inkişafı, qanunvericilik, ictimai nəzarətin gücləndirilməsi, beynəlxalq platformalardaki fəaliyyət, QHT-lərin maddi-texniki problemləri və maliyyə məsələləri, QHT-lərin kadr bankı, ictimai kadrların dövlət idarəçiliyinə cəlbi, ictimai işin elmi tədrisi və s. mühüm məsələlər diqqətə çatdırıldı.
Qeyd olundu ki, bu, ilk görüşdür. İxtisaslaşmış təskilatlarla da görüş keçiriləcək. Prezident köməkçisi bildirdi ki, Prezident, Dövlət, Vətəndaş cəmiyyətinin inkişafında maraqlıdir və ictimai nəzarətin gücləndirilməsi Prezidentin əksər çıxışlarında xüsusilə vurğulanır. Qaldırılan hər məsələnin qeydə alındığı, problemlərin həlli üçün bütün mümkün addımların atilacagi bildirildi".
QHT sədri onu da qeyd edib ki, şəxsən ona dövlət rəsmisinin məsələlərə yanaşma tərzi çox pozitiv təsir bağışladı: "Düşünürəm ki, Vətəndaş cəmiyyəti sektoru öz inkişafının yeni mərhələsinə daxil olacaq. QHT-lərin fəaliyyətinə diqqət artırılacaq və bu fəaliyyət genişlənəcəkdir".
Hikmət Hacıyev daha sonra şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirib.
Şura sədri Azay Quliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi QHT-lərə dövlət dəstəyi konsepsiyasında şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən QHT-lərə dövlət dəstəyi xüsusi prioritet təşkil edir. Şura fəaliyyəti dövründə bu kateqoriyadan olan təşkilatların layihələrinə davamlı olaraq maliyyə ayırmış və onların bu sahədə olan təşəbbüslərini daima dəstəkləmişdir: "Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin bu istiqamətdə çalışan QHT-lərlə ayrıca görüşü dövlətin bu sahəyə nə qədər böyük əhəmiyyət verdiyini bir daha sübut edir".
Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu və bu istiqamətdə çox böyük işlər görüldüyünü bildirib. Prezident İlham Əliyevin doğum günlərini şəhid ailələri ilə keçirdiyini deyən H. Hacıyev bunun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ruhuna və onların ailə üzvlərinə göstərilən yüksək ehtiramın nümunəsi olduğunu qeyd edib: "Cənab İlham Əliyev 2018-ci ildə yenidən Prezident seçildikdən sonra ilk Fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. Bu şəhidlərə verilən yüksək qiymət idi. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub. 8018 şəhid ailəsi və müharibədə əlil olmuş şəxs mənzillərlə təmin edilib, onlara 6900 avtomobil verilib. Dövlət cari ildə 1500 şəhid ailəsi və müharibədə əlil olmuş şəxsi mənzillərlə təmin edib və ediləcəkdir. Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə isə onu vurğulamaq istəyirəm ki, bu il ümumilikdə 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək”.
Hikmət Hacıyev bildirib ki, Böyük Vətən Müharibəsi və Əfqanıstan müharibəsi veteranlarının mənzil və avtomobillərlə təmin edilməsi, sanatoriyalara göndərilməsi, onların müalicə olunması və s. kimi məsələlər də daim ölkə başçısının diqqət mərkəzindədir.
Prezidentin köməkçisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qeyd olunan kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb. Aprel döyüşləri şəhidlərinin ailələrinə, həmin döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin, Tovuz döyüşlərində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları da Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nəzarətinə götürülüb.
Prezidentin köməkçisi bugünkü görüşün xüsusi əhəmiyyətinə toxunaraq QHT rəhbərlərinin fəaliyyət göstərdiyi istiqamətlər üzrə fikir və təklifləri ilə yaxından tanış olmaq istədiyini bildirib.
Sonuncu belə bir görüş beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən 25 QHT-nin sədri ilə olub.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun və səmərəli şəkildə çatdırılması, milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin təbliği, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq platformalarda ifşa olunması müvafiq dövlət qurumları ilə yanaşı, QHT sektoru üçün də prioritet məsələdir. Buna görə də şura daim QHT-lərin bu istiqamətdə olan təşəbbüs və layihələrini dəstəkləyir. O, inandığını bildirib ki, Prezidentin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bugünkü görüşü beynəlxalq əməkdaşlıq sahəsində çalışan QHT-lərin fəaliyyətini daha da stimullaşdıracaq.
Görüşdə iştirak edən Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, demokratiyanın özülünü təşkil edən birgə fəaliyyət vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra milli maraqlara əsaslanan demokratik quruculuğa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu prosesi də məhz bu dəyərlər üzərində bərqərar oldu və bu proses dinamik baş verdi.
QHT sədrinin fikrincə, artıq bu gün vətəndaşların dövlətin işinə ictimai nəzarət həyata keçirməsi üçün imkanlar yaradılır. Prezident İlham Əliyev son çıxışlarında bir neçə dəfə bu məsələyə toxunaraq ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyətinin fəallığını önə çəkib. Əlbəttə ki, məqsəd vətəndaş cəmiyyətini dövlətin idarə olunmasında iştiraka cəlb etməkdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin QHT sədrləri ilə onlayn görüşlərinin keçirilməsi də bu istiqamətdə işin səmərəliliyini artırmaq məqsədi daşıyır. Bu, həm də dövlətin vətəndaş cəmiyyəti institutları üçün verdiyi bir imkandır: "Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən QHT-lərlə artıq üç belə görüş keçirilib. Sonuncu görüş beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən QHT-lərlə oldu və mən də DFJD sədri olaraq bu görüşdə iştirak etdim. AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin moderatorluğu ilə keçirilən görüşdə hər bir QHT beynəlxalq əməkdaşlıq, xaricdə Azərbaycanla bağlı həqiqətlərin yayılması və s. istiqamətlərdə fikir və təkliflərini bildirdilər. Mən də qeyd etdim ki, beynəlxalq aləmdə KİV vasitəsilə mübarizə aparmaq və media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediası ilə əlaqələr qurmaq, sıxlaşdırmaq lazımdır".
F.Hüseynzadə görüşdə bir neçə əhəmiyyətli təkliflərlə çıxış etdiyini də bildirib: "Təklif etdim ki, xarici dövlətlərdə və xarici ölkələrin domenləri altında media portalları və televiziya kanalları yaradılmalı və yaxud sayt alınmalıdır. Həmçinin təklif etdim ki, xarici ölkələrdəki nüfuzlu bloggerlərlə Azərbaycanın təbliği üçün layihələr keçirmək olar. Daha bir təklifim bu oldu ki, Azərbaycanı sevən əcnəbiləri tapıb, onların potensialından xaricdə ölkəmizin müsbət imicinin formalaşdırılmasında yararlanmaq mümkündür. Xatırladım ki, bizim təşkilat tərəfindən bu istiqamətdə təkliflər paketi hazırlanıb. Biz artıq bu təkliflərimizi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və digər aidiyyəti qurumlara göndərdik".
QHT sədri belə faydalı görüşlərin keçirilməsinin QHT-lərin fəaliyyəti üçün həm də stimul olduğunu vurğulayıb. Qeyd edib ki, bu, eyni zamanda QHT-lərin məsuliyyətini artırır. Bütün bunları həyata keçirməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət-vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Çünki dövlət, idarəçilikdə vətəndaşları üçün nə qədər açıq olduğunu göstərir.
Cavid