Dini plüralizm Layihə

Dini plüralizm

Mail Yaqub: "Dini plüralizm yeni ilahiyyatın və din fəlsəfəsinin mühüm bəhslərindən biri sayılır"

Biz müxtəlif əqidə və mədəniyyətlərin zühur etdiyi əsrdə yaşayırıq. Bu gün insanlar planetin ən ucqar nöqtələrinə səyahətə çıxır, fərqli adət-ənənələr və mədəniyyətlərlə tanış olurlar. Müasir həyatın bütün sahələri kimi dini etiqad sahəsi də rəngarəngliyi ilə insan üçün adiləşib.
Bu gün insan təfəkkürünü nisbiliyin kuliminasiya nöqtəsində bilsək, yanılmarıq.
Plüarizmin mahiyyəti barədə danışan fəlsəfə doktoru Mail Yaqub onu bəşər həyatının müxtəlif sahələrindəki çoxluğu və müxtəlifliyi təbliğ edən, eyni zamanda onların hamısını eyni vaxtda təsdiqləyən baxış kimi qiymətləndirir: "Plüralizm latın dilində "plüral" sözündən götürülüb və "çox" mənasını ifadə edir".
Bu yazıda məqsədimiz plüralizmin din sahəsindəki cərəyanı və bu cərəyanın digər dini baxışlarla fərqini araşdırmaqdır.
Dini plüralizm yeni ilahiyyatın və din fəlsəfəsinin mühüm bəhslərindən biri sayılır. Bütün dinlərin haqq olduğunu israr edən bu cərəyanın banisi keşiş və filosof Con Hikdir. O, XX əsrin ortalarında bu məsələni din fəlsəfəsində müzakirəyə çıxarıb. Onun plüralist görüşlərlə çıxış etməsinin əsas səbəbi bir çox dinlərə mənsub insanlarla həmkarlıq etməsi idi. Bu əlaqələr onu müxtəlif dinlər barədə düşünməyə vadar etdi və nəhayət, Hik xristianlıqla bağlı əqidələrindən daşınaraq bütün dinlərə sitayiş edən insanların səadətə çatacağına inandığını bildirdi.
Con Hikin dini plüralizm haqqında fikirlərinin izahına keçməzdən öncə müqəddimə olaraq deməliyik ki, din fəlsəfəsinin ən aktual mövzularından birinə çevrilən dini plüralizm bəhsi etika və ya sosiologiya mənzərəsindən tədqiq olunmur. Burada ortaya qoyulan suallar sırf rasional xarakter daşıyır. Yəni dinin çoxluğunu təsdiq etməkdə məqsəd müxtəlif dinlərə etiqad edən şəxslərin bir-biri ilə tolerantlıq şəraitində yaşaması deyil. Çünki dini plüralizmi rədd edənlər belə başqa dinlərə mənsub insanlarla sülh şəraitində yaşamalıdırlar.
Con Hik (1922) din çoxluğu mövzusundakı nəzəriyyələri üç hissəyə ayırır. Bunlar inhisarçı baxış, (eksklüzivizm,) dinin çoxluğunu tam təsdiq edən baxış (pülüralizm) və hümullu baxışdan (inklusivizm) ibarətdir.

İnhisarçı baxış, eksklüzivizm

Dini etiqadda inhisarçı mövqedən çıxış edənlərin fikrincə, xoşbəxtlik, qurtuluş, kamillik, dinin nəhayət amalı hesab olunan hər hansı bir zirvə yalnız bir din vasitəsi ilə əldə oluna bilər. Başqa dinlərin hər hansı biri müəyyən miqdarda həqiqətə malik olsalar da, təkcə bir din səadət yolunu göstərə bilər. Beləliklə, digər dinlərə pərəstiş edənlər etika baxımından doğru yolda olsalar da, öz dinləri onları xoşbəxtliyə çatdıra bilməz. Biz bəşəriyyətin qurtuluşu üçün yeganə səadət yolunu onlara təqdim etməliyik. Məhz bu inanca görədir ki, insanlar mənsub olduqları dini yüksək maraqla təbliğ edirlər.
İnhisarçılar öz əqidələrini sübut etməyə çalışırlar. Onlardan bir çoxunun fikrincə, səadət və xoşbəxtlik yalnız Tanrının insanlara mərhəmətindən asılıdır. Bu səbəbdən ilahi mərhəmətin harada təzahür etdiyini bilməliyik. Bizə qurtuluş bəxş edən ilahi mərhəmətin hansı dində zühur etdiyini bildikdən sonra səadət dalınca başqa dinlərin sorağınca getmək mənasız görünər.
Protestant ilahiyyatçı Karl Bart (1886-1968) inhisarçı fikirlərlə çıxış edən ilahiyyatçılardan biridir. Onun bu mövzuda sübutları tamamilə xristian ilahiyyatından qaynaqlanır. Bart bildirir ki, şəriət və "ilahi təzahür" bir-birinə zidd olan iki məfhumdur. Şəriət günahkar insanın əməlidir. İlahi təzahür isə Allaha məxsusdur. Lovğa insan şəriət vasitəsilə qeyri-mümkün bir istəyə çatmaq niyyətindədir. O, Allahı öz günahkar baxışları ilə tanımaq istəyir. Bunun mümkünsüzlüyü ondan irəli gəlir ki, insan Allah haqqında nə qədər düzgün təsəvvürə nail olmağa çalışsa da, öz zehnindəki varlığı sitayiş edir. Bundan əlavə, o bilməlidir ki, insanın Allaha qovuşması təkcə Allah tərəfindən mümkündür.

Plüralist baxış

İnhisarçı yanaşmadan uzaqlaşıb bütün dinlərin həqiqətə uyğunluğuna inansaq, dini plüralizm əqidəsinin təmsilçisi olarıq. Con Hik dini plüralizm nəzəriyyəsinin təmsilçisi olaraq bir neçə məsələni aydınlaşdırmağa çalışır.
Müxtəlif dinlərin Allah barədə ziddiyətli təsəvvürlərini eyni vaxtda həqiqətə uyğun hesab etmək olarmı? Hik bu sualın cavabında deyir: "Düzdür, bəzi dinlərdə ilahi varlıq qeyri-müəyyən, tərif verilməyən və insan həyatından xəbərsiz bir həqiqət kimi təqdim olunur. Halbuki başqa dinlərdə Tanrı həqiqəti müəyyən bir varlıqdır, yaradıcı və insan həyatında yüksək idarəedici rola malikdir. Allah həqiqətinin bu iki təqdimatı bir araya sığmır. Lakin biz mahiyyətin noumen və fenomen formalarını fərqləndirməliyik.
Hikin fikirlərini izah etməzdən öncə qeyd etməliyik ki, məşhur alman filosofu İmmanuel Kant mahiyyəti iki hissəyə, yəni noumen və fenomenə ayırmaqla nəzəri fəlsəfədə yeni söz deyib. Kanta görə, həqiqətin bizə görünən və insanların dərk edə biləcəyi tərəfi fenomen, insanın hiss orqanları tərəfindən qavranmayan tərəfi isə noumen adlanır. Kant bildirib ki, insanlar həmişə fenomenlərlə qarşılıqlı əlaqə yarada bilirlər.
Con Hik dini plüralizmdə yaranan ilk suala Kantın tezisi ilə cavab vermək istəyir. Hik bildirir ki, din öz-özlüyündə bir varlıq və noumendir. Din noumeninə müxtəlif insanlar tərəfindən pərəstiş olunub. Bu vaxt hər bir şəxs öz baxışları və dünyagörüşü ilə dini araşdırmağa başlayır və nəticədə hər bir şəxs dindən özünəməxsus fenomen əldə edir. İnsanların dinlə bağlı düşüncələri tam həqiqətə uyğun olmasa da, biz onları qınaya bilmərik. Çünki hər bir insanın öz dünyası var və o yalnız öz mövqeyindən noumenləri təfsir etmək qabiliyyətindədir. Nəticə: din vahid bir həqiqət olsa da, dindarların müxtəlif baxışları onun rəngarəng fenomenlərə bölünməsinə səbəb olur. Bu isə qaçılmazdır.

Hümullu baxış (inklusivizm)

Con Hik din çoxluğuna aid üçüncü nəzəriyyəni inklusivizm adlandırır. İnklusivizmi qlobal baxış kimi izah etmək olar. Dini etiqada qlobal çərçivədən baxanlar iki əsas suala cavab vermək əzmindədirlər. Onlar öncə mütləq və vahid həqiqətin olmasını araşdırır, sonra isə digər dinlərə sitayiş edənlərin səadətə çatmaq ehtimalını müəyyənləşdirmək istəyirdilər. Qlobal baxışlı filosoflar inhisarçılar kimi səadət yolunun yalnız bir dində xülasələşdiyini bildirirlər. Lakin inhisarçılardan fərqli olaraq bu yolu tutanlar digər dinlərə mənsub olanların öz dinlərindəki qanunlara sadiq qalmaqla səadətə çata biləcəyinə inanır. Digər tərəfdən qlobal nəzəriyyə daşıyıcıları plüralistlərin görüşlərinə uyğun olaraq ilahi mərhəmətin müxtəlif dinlərdə cilvələnməsinə inanırlar. Deməli, qlobal baxış inhisarçı baxışın fövqündə dayanır. Çünki yeganə dinin haqq din olmasına iddia etsə də, digər dinə pərəstiş edənlərin xoşbəxt olmasını istisna etmir.
Katolik ilahiyyatçı Karl Rayner (1904-1984) inanırdı ki, insanlar təkcə bir etiqad sayəsində xoşbəxt ola bilərlər. Xristianlıq vahid dindir və başqa bir dinə bağlanmaqla səadətə nail olmaq mümkünsüzdür. Bəli, Allah bütün insanların xoşbəxtliyini istəyir. Elə bu səbəbdən də tarixi baxımdan xristianlıq civarında yaşayanları da ilahi varlıqla təmas yaratmağa dəvət edib və onlara xoşbəxtlik imkanı yaradıb.
Bu misala diqqət yetirək. Bir şəhərdə bir neçə yoxsul insan yaşayır. Onlar öz gəlirləri ilə borclarını ödəyə bilmirlər. Başqa bir şəhərdə yaşayan varlı bir şəxs onların acınacaqlı vəziyyətindən xəbər tutur və onların bank hesabına külli miqdarda pul köçürür. Yoxsullar borclarını öz gücləri ilə ödəyə bilmədiklərindən səxavətli şəxsin köməyi onların ağır həyat şəraitinin yaxşılaşmasında çox vacib amildir. Eyni zamanda həmin xeyirxah şəxslə tanışlığın onların bu vəziyyətdən qurtarmasında heç bir rolu yoxdur. Onlar xeyirxah şəxsi tanımırlar. Lakin onun səxavəti sayəsində borclarını ödəyir və həyat səviyyələrini yaxşılaşdırırlar .
Rayner deyir ki, tarixi baxımdan xristianlıq dini İsa Məsihlə başlasa da, xristianlıqdan əvvəlki dövrdə yaşayan insanlar, yəni yəhudilər və başqa dinlərə sitayiş edənlər öz əqidələrinə sadiq qaldıqları üçün nicat əhli hesab olunurlar. Xristianlıqdan öncə yaşayan dindarlar səadət əhli hesab olunurlarsa, xristianlıqdan sonrakı dini təriqətlərin də insanları səadətə aparması məntiqəuyğundur. Əgər Allah insanları xoşbəxt etmək əzmindədirsə, bütün dinlərə sitayiş edən həqiqi möminlərin ilahi xoşbəxtliyə çatacağı məntiqli görünür. Rayner belə dindarları "Adsız xristianlar" adlandırır. Çünki zahirdə xristian dininə mənsub olmasalar da, həqiqətən sitayiş edir və iman bəsləyirlər.
Xristianlıq xalis və həqiqi din kimi qəbul edildiyi halda digər dinlərə aid insanları nicat əhli hesab etsək, bu vaxt qeyri-xristianlar öz dinlərində qalmağa haqlıdırlarmı? Rayner cavab verir: "Dini etiqad və iman təkcə daxili proses deyil. Bundan əlavə dini əqidənin ictimai təzahürü var. Hər bir dinin ictimai cəhəti onun şəriət qanunlarında ciləvələnib. Müxtəlif dinlərin hər biri həqiqəti müəyyən həddə əks etdirdiyi kimi onların özünəməxsus şəriət qanunları var. Həmin dinlərin ictimai qanunlarına riayət edən insanlar da ilahi mərhəmətə çatacaqlar. Hərçənd bu mərhəmətin kamil dərəcəsi xristian dinində təzahür edib".
Burada digər bir məsələ bizi düşünməyə vadar edir. Raynerin əqidəsinə görə, digər dinlərə etiqad edən insanlar səadət imkanı qazansalar da, ilahi mərhəmətin tam forması yalnız xristian dinində olanlara aiddir. Belə olan halda başqa dinlərə mənsub olanlar da eyni əqidə ilə çıxış edə bilərlər. Məsələn, müsəlman mütəfəkkir yalnız islam dininə iman gətirən şəxsin kamillik dərəcəsinə çatmasına inanar və digər dinlərin sadiq insanlarını adsız müsəlman adlandırar. Bu zaman müxtəlif dinlərdən birini seçmək zorunda qalan şəxs nə etməli və hansı meyarla öz dinini doğru sayıb ona etiqad etməlidir?
Deməli, Raynerin təklif etdiyi yol problemi həll etmir, hətta onu bir addım geri çəkir. Rayner digər dinlərdə olan insanları bədbəxt qələmə verməsə də nəhayətdə xristian dinini kamil din hesab edir.

Cavid