“Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz” Layihə

“Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz”

Ülvi Kazım: "Danışmaq, söz demək insana verilən ali nemətdir və hər kəsin bu imkandan lazımı qaydada yararlanmaq haqqı var"
"Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur"

"Gənclər Şəbəkəsi Təşəbbüsü" İctimai Birliyinin sədri, Avropa-İqtisadi-Ticarət-Kommersiya və Sənaye-Palatasında Diplomatik Məsələlər və Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti Ülvi Kazımla müsahibəni təqdim edirik...
- Azərbaycanda fikir, söz, ifadə azadlığının vəziyyəti barədə nə deyə bilərsiniz?
- Danışmaq, söz demək insana verilən ali nemətdir və hər kəsin bu imkandan lazımı qaydada yararlanmaq haqqı var. Məncə, insanın ən ali vəzifəsi söz azadlığı uğurunda mübarizə aparmasıdır. İngilis filosofu Con Stuart Mill hələ XIX əsrdə yazdığı "Azadlıq haqqında" əsərində insan azadlığı haqqında deyirdi: "İnsan daim tərəqqiyə can atır və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz".
Şükürlər olsun ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra insanlara söz, fikir söyləmək sərbəstliyi verilib. Azərbaycan Respublikasında hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Ölkə vətəndaşının öz ölkəsinə qayıtmaq hüququ vardır.
Dövlətin təməli olan Konstitusiyamız məhz bu dəyərlər üzərində qurulub. Sənəddə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi təsbit edilib. Konstitusiyamızda bildirilir ki, hər kəsin fikir və söz azadlığı vardır. Həmçinin qeyd olunur ki, heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Ana qanunumuza görə irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilmir. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür.
Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. İlk dəfə çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilib, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilib.
Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub.
- Söz azadlığı ilə bağlı qanunvericilik bazası təkmildirmi?
- İnsan azadlıqlarının təminatçısı olan ölkəmiz demokratik quruculuq yolunda böyük uğurlar qazanıb. Dünya təcrübəsini milli xüsusiyyətlərlə uzlaşdırmaq xəttinə sadiq qalan Azərbaycan bütün sahələrdə inkişaf etmiş, çiçəklənən bir məkandır.
Akademik Ramiz Mehdiyev insan azadlıqlarının müdafiə edilməsi sahəsində Azərbaycanın qazandığı uğurlar haqqında özünün "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi" əsərində belə yazır: "Müasir şəraitdə hər bir dövlətin demokratik imici onun insan hüquqlarına münasibəti ilə müəyyən edilir. Dövlətin inkişafı, demokratiya və insan azadlıqları bir-biri ilə üzvi surətdə bağlıdır və biri digərini şərtləndirir. Demokratiya daim inkişafdadır və bu, dinamik prosesdir".
Beynəlxalq aktlarda və Azərbaycan Respublikasının Konstitusiyasında bəyan edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə ölkəmizdə bir sıra qanunlar qəbul edilib. Hər bir cəmiyyətdə əsas insan hüquq və azadlıqlarının təminatı, vətəndaş cəmiyyətinin vəziyyəti demokratik təsisatların - siyasi partiyaların, ictimai təşkilatların, kütləvi inforamasiya vasitələrinin sərbəst yaradılması və fəaliyyəti imkanları ilə sıx əlaqədardır. Bu baxımdan Azərbaycan Respublikası müstəqillik dövründə böyük inkişaf yolu keçib.
- Mətbuatın durumuna bu kontekstdən necə yanaşmaq olar?
- Məlumat azadlığı kütləvi informasiya vasitələrinin azadlığını təmin edən, yaradıcılıq azadlığı isə mədəni azadlıqlar sırasına daxildir. Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti onların müstəqil qurulması, azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Bu gün Azərbaycan Respublikasında yüzlərlə qəzet və jurnal, onlarla radio və televiziya şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən faktı açıqlamaq üçün imkanlar vardır.
Azərbaycanda söz, mətbuat azadlığının təmin edilməsi, bu hüquqdan vətəndaşların və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə edilməsi sahəsində müəyyən problemlər də mövcuddur ki, onların həlli istiqamətində ardıcıl tədbirlər tələb olunur. Dövlət siyasətinin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir.
Mətbuat və televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı və geniş ictimaiyyət arasında yayılmasının qayğısına qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq, mətbuatın imkanlarından bacarıq və məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm də mətbuat orqanlarının özləri çox işlər görməlidirlər. Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin və digər əməkdaşların vətənpərvərliyi, yüksək vətəndaşlıq məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələrində Azərbaycan qanunvericiliyinin tələblərinə, milli mənəviyyatımıza uyğun hüquqi və etik normaların gözlənməsi hər bir jurnalist üçün ən vacib vəzifə olmalıdır.
- Telekanalların durumu tamaşaçını qane edirmi?
- Məncə, indiki televerilişlər heç də qaneedici deyil. Əvvəla, hər bir televerilişin özünün profili olmalıdır. Profilinə uyğun olaraq hər bir veriliş cəmiyyətin ya maariflənməsinə, ya əylənməsinə, ya da məlumatlanmasına xidmət etməlidir. Amma təəssüf ki, heç bir verilişdə öz profilinə uyğun şəkildə biz bunları görə bilmirik. Verilişlər insanlarda rahatçılıq yaratmaq əvəzinə, əksinə narahatçılıq yaradır. Heç bir verilişdən mənəvi zövq almaq olmur. Əksinə bir çox verilişlər insanların, xüsusən gənclərin mənəviyyatına mənfi zərbə vurur. Gənclər televiziyalarda verilən milliliyə yad olan bəzi verilişlərlə onlara diqtə olunan vasitələri yerinə yetirməyə çalışırlar. Fikrimcə, milli-mənəvi dəyərlərə üstünlük verən televerilişlərin sayı daha da artırılmalıdır ki, gəncliyimiz həqiqəti daha aydın görsün. Bundan başqa üzdəniraq, bayağı insanların ictimailəşdirilməsinə son qoyulmalıdır. Bu gün cəmiyyətin vitrininə çıxarılan bəzi insanlar yeniyetmələrin düşüncələrini pozurlar. Mənəviyyatı olmayan insanların KİV-ə çıxarılmasının qarşısı alınmalıdır. Mədəniyyətimizə daha diqqətlə yanaşılmalıdır. Bu gün kim qabağa çəkilirsə, o insanın görkəminə, tutduğu yalançı mövqeyinə, maddi durumuna yox, onun mənəviyyatına xüsusi fikir verməlidir. Azərbaycan gəncliyi həyatı boyu yenilməz gənclikdir. Mən sizi tam əmin edirəm ki, əgər bu qaydalara əməl olunsa, gəncliyimiz daha da çiçəklənər. Bu dəqiqənin özündə, əziyyət çəkən, yerini bilən namuslu gənclərimiz var. Amma onlar özlərini namuslu, ismətli aparmaqla cəmiyyətdə bəzəzn özlərinə layiq olduqları yeri tapa bilmirlər. Bu göstəricilər mərdi qova-qova namərd edən amillərdən biridir.
- Siyasi plüralizmlə bağlı vəziyyəti necə qiymətləndirmək olar?
- Hüquqi dövlət quruculuğunda plüralizmin olması əhəmiyyətlidir. Yuxarıda da qeyd etdim ki, Azərbaycanda çoxpartiyalı sistem mövcuddur. İstənilən partiya öz fəaliyyətini göstərir, bəyanatlarını yayır. Heç bir partiyanın fəaliyyətinə siyasi təzyiq göstərilmir. Yəni siyasi fəaliyyət üçün demokratik qaydalara uyğun olaraq imkan yaradılıb.

Əli