Ermənilər 1918-ci ildə soyqırıma Bakıdan başlayıblar Layihə

Ermənilər 1918-ci ildə soyqırıma Bakıdan başlayıblar

Qırğınlar ermənilər tərəfindən amansızlıqla həyata keçirilib

97 il əvvəl - 1918-ci ilin martında Bakıda və bölgələrimizdə soydaşlarımıza qarşı baş verən soyqırım əslində erməni insansızlığının yüzillərdən bəri olan hərəkətlərinin davamı idi. Ermənilərin 1918-ci ilin əvvəllərindən Azərbaycanda türkə qarşı xüsusi amansızlıqla davam edən soyırım vəhşiliyinin acı xatirəsi hələ də nəsillərin yaddaşından silinməyib, şübhəsiz, bundan sonra heç silinməyəcək. XX yüzilin əvvəllərindən başlayaraq, xüsusilə də Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yaradılmış Xüsusi Təhqiqat Komissiyasının araşdırmalarına əsasən toplanılan faktlar əsasında o dövrdə soydaşlarımızın başına gətirilən müsibətlərlə bağlı kifayət qədər bilgi almaq olur. Azərbaycan türklərinin soyqırımı 1918-ci ilin martında daha dəhşətli şəkildə həyata keçirilmişdi. Soyqırım Bakı, Gəncə, Quba, Şamaxı, Lənkəran, Göyçay, eləcə də Güney Azərbaycanın Xoy, Urmiyə, Səlmas kimi şəhərlərində də törədilmişdi.
Bakıda 1918-ci il mart faciəsi ilə bağlı Milli Arxiv İdarəsinin rəisi, tanınmış tədqiqatçı Ataxan Paşayev ermənilərin Bakıda qırğın törətmək istəklərini tədricən planlaşmış şəkildə yaratdıqlarını sənədlərin, faktların dili ilə əsaslandırır: "1918-20-ci illərdə Qafqazda, o cümlədən Azərbaycanın bütün ərazisində ermənilər azərbaycanlılara qarşı geniş qırğınlar, talanlar, zorakılıq və terror əməliyyatları həyata keçirmişdilər. Ermənilərin bu hərəkəti 1905-ci ildə olduğu kimi 1918-ci ilin martında yenə də Bakıdan başlayıb. Özü də bu qırğın 1905-ci ilə nisbətən ermənilər tərəfindən daha məharətlə hazırlanıb amansızlıqla həyata keçirilmişdi. Bunun əsas səbəbi Rusiyada bolşevik hakimiyyətinin qələbəsi ilə ölkənin Birinci Dünya Müharibəsindən çıxması nəticəsində əsgərlərin döyüş bölgəsini tərk etməsi olmuşdu. Qafqaz cəbhəsindəki Rusiyanın hərbi hissələrinin tərkibində olan əsasən erməni zabit və əsgərlərinin silahlarını təhvil verməyərək Azərbaycana, xüsusilə Bakıya dolmasından bolşevik donu geyinmiş daşnak Stepan Şaumyan məharətlə istifadə etdi".
Azərbaycan Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı məruzədə baş verən hadisələrin səbəbkarının ermənilər olduğu açıqca görünür: "1918-ci il martın 17-də silahla ehtiyatsız davranmış və həlak olmuş Məmməd Tağıyevin cənazəsini Bakıya müşayiət edən müsəlman diviziyasının böyük bir dəstəsi Lənkərana yola düşmək istəyir. Paroxodun körpüdən aralanmasına az qalmış silahlı erməni bolşevikləri müsəlman divizyonundan tərkisilah olunmağı tələb edir. Rədd cavabı aldıqda gəmiyə tüfəng və pulemyotlardan atəş açılır. Sabahısı gün şəhərin erməni hissəsində silahlı erməni əsgərləri görünürlər. Onlar şəhərin bütün küçələrində səngərlər qazır, torpaq və daşlardan bəndlər ucaltmağa başlayırlar. Bunu görən azərbaycanlılar da öz növbəsində səngərlər qazmağa başlayırlar. Həmin gün müsəlman xeyriyyə cəmiyyətinin binası "İsmailliyə"də azərbaycanlıların yığıncağı keçirilir. Keçmiş Bakı şəhər rəisi Qaik Ter-Mikaelyants iclasa gəlir, erməni milli şurası və Daşnaqsütyun partiyası adından bildirir ki, əgər azərbaycanlılar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşevikləri Bakıdan qovmağa kömək edəcəklər".
Ertəsi gün martın 19-da səhər tezdən azərbaycanlılar hələ yuxuda olduqları bir vaxtda ermənilərin yalan vədlərinə arxayınlaşmış şəhərin azərbaycanlı hissəsinə hücum başlanır: "Hücumda yalnız erməni əsgərləri iştirak edir və azərbaycanlılar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirlər. Xəzərdəki hərbi gəmilər ermənilərin provakasiyası ilə şəhərin azərbaycanlılar yaşayan hissəsini top atəşinə tuturlar. Ermənilər rus matroslarını inandırmışdılar ki, şəhərdə müsəlmanlar rus əhalisini qırırlar. Matroslar əmin olduqda ki, azərbaycanlılar şəhərdəki rus əhalisinə toxunmurlar, top atəşini dayandırmışdılar. Hücum ərəfəsində şəhərdəki bütün ermənilər şəhərin azərbaycanlı hissəsindən erməni hissəsinə keçmişdilər".
Ermənilər Azərbaycan türklərinə qarşı görünməmiş dərəcədə vəhşiliklər törədirlər: "Yaxşı silahlanmış və təlim görmüş erməni əsgərləri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan "Məmmədəli" və "Zibilli dərə" deyilən yerlərdə onların evlərinə soxulur, sakinləri xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, 3-4 günlük körpələri süngülərin ucuna keçirirdilər. Şəhərin bu hissəsində çox az adama qaçıb canını qurtarmaq nəsib olmuşdu". Məruzədə göstərlirdi ki, bu vəhşiliklərin şahidi olmuş adamlar danışanda özlərini ağlamaqdan saxlaya bilmir, həyəcanlanır, ona görə də hadisələri yerli-yerində nəql edə bilmirdilər: "Azərbaycanlıları qətl edərkən onların evlərini qarət edir, sonra isə od vurub yandırırdılar. Azərbaycanlı qadınları öldürür, çalalara dolduraraq torpaqlayırdılar. Sonralar təkcə bir çaladan burun və qulaqları kəsilmiş, qarınları yırtılmış, cinsi orqanları doğranmış 57 müsəlman qadınının meyidi tapılıb. Şahidlər deyirlər ki, ermənilər öldürə bilmədikləri qadınların hörüklərini bir-birinə bağlayır, başıaçaq, ayaqyalın qabaqlarına qatıb küçələrə qovur, yolda tüfəngin qundağı ilə döyürdülər".
Mir Möhsün Həvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabında 20-ci yüzilin əvvəllərində ermənilərin türklərə qarşı törətdikləri vəhşiliklərin Rusiya imperiyasının Qafqazda məskunlaşmasından, möhkəmlənməsindən sonra daha da artmasından yazır: "Əfsuslar olsun ki, erməni tayfasının indi təbiəti dəyişib. Zahirləri batinləri ilə bir deyil. Zahirən özlərini dost kimi göstərsələr də, batinləri ədavətlidir. Özləri də görürlər ki, təbiətlərinin bu cür ədavətli olmasından həmişə zərər çəkirlər. Əvvəla, bunu bilmək lazımdır ki, İrəvan şəhərinin erməniləri çox kinli, ədavətli, təkəbbürlü, xudpəsənd və xəmirləri fitnə-fəsadla yoğrulmuş adamlardır. Hansı vilayətdə ki, bunlar tapılır, mütləq orada bir ədavət və iğtişaş olacaq. Qafqaz vilayətində nə qədər iğtişaş və münaqişələr baş verirdisə, onların birinci səbəbkarı İrəvan erməniləri olurdu".
M.Həvvab bu yerdə Bakıda ermənilərlə Azərbaycan türkləri arasında iğtişaşın tədricən başlanması və alovlanmasını xarakterizə edən bir hadisəni nəql edir: "Bir gün Bakıda olan İrəvan erməniləri şəhərdə iğtişaş salmağa cəhd göstərirlər. Belə ki, özünü hamıdan qoçaq və igid hesab edən həmin ermənilərdən biri bir müsəlman (türk-red.) öldürür. Ondan sonra lovğalanaraq hər yerdə özünü tərifləyir və cinayətiylə fəxr edirdi. Bir gün o, küçədə getdiyi yerdə 18 yaşlı Bakı camaatından gənc bir oğlan onun qarşısına çıxıb deyir: "O erməni qoçağı sənsən?" Erməni çavab verir: "Qoduq, mənəm!" Oğlan bu cavabı eşidən kimi tapançanı çıxarıb erməninin bədəninə 3 güllə yeridərək öldürür. Ermənilər həmin oğlanı tutur, döyə-döyə gətirib divanxanaya verirlər. Divanxanada oğlanın üstünü yoxladıqdan və dəfələrlə danışdırdıqdan sonra zindana göndərirlər. Ermənilər divanxanada həmin oğlanı danışdıran məmura rüşvət verib razı saldıqdan sonra onun bir də divanxanaya gətirilib sorğu-sual edilməsini tələb edirlər. Məmurun qarşısında belə bir şərt qoyurlar ki, oğlanı erməni əsgərləri gətirsin. Oğlanı məmurun yanına gətirirlər, deyir ki, mən bütün həqiqətləri açıb danışmışam. Sən isə bunların hamısını yazdın. İkinci dəfə buraya məni gətirməyə nə ehtiyac vardı? Məmur hirslənir, oğlanın boynuna yumruq vurub əmr edir ki, onu həbsxanaya aparsınlar. Oğlan məmura yalvarıb xahiş edir ki, onu erməni əsgərləri ilə göndərməsin. Çünki onlar yolda onu öldürəcəklər. Məmur ona qulaq asmır, zindana aparmağı əmr edir. Həmin İrəvandan olan erməni əsgərlər oğlanı çəkə-çəkə aparır, bir dar küçədə yerə yıxırlar və süngü ilə dəlik-deşik edib öldürürlər. Sonra isə məmura bildirirlər ki, qaçmaq istəyirdi, biz də öldürdük".
M.Həvvab artıq bu dövrdən başlayaraq ermənilərin Qarabağda türklərə qarşı qırğın törətmək planlarını reallaşdırdıqlarını deyir: "Tağ, Tuğ, Dağdağan, Mirikəndi, Harov və digər ətraf kəndlərdən ermənilər cəm olub məsləhətləşərək belə qərara gəldilər ki, Qalanı asanlıqla ələ keçirmək üçün əvvəlcə ətraf kəndlərdə yaşayan müsəlmanları (türkləri-red) erməni hücumları ilə təngə gətirərək bir qismini qırmaq, digər qismini isə qaçırtmaq lazımdır. Kəndlərdən müsəlmanları təmizlədikdən sonra buralar xalis "Hayastan torpağına" (Ermənistan) çevriləcək. Bu məqsədlərini həyata keçirmək üçün əvvəlcə Gülablı üzərinə hücuma keçdilər. Gülablıya çatarkən əvvəlcə bir adam göndərdilər ki, kənddən xəbər gətirsin. Həmin adam gəlib gördü ki, kəndin kişilərindən çoxu Qalada, kənd-bazarlarda, toylardadır. Kənddə isə övrət-uşaq, qocalardan, eləcə də bir neçə türfəngdardan başqa heç kəs yoxdur. Odur ki, ermənilər cəsarətlə kəndin üzərinə yeridilər. Əvvəlcə istədilər ki, məscidi dağıtsınlar. Kənddə olan tüfəngdarlar səngərlərə girərək erməniləri gülləyə tutdular. Beləliklə, atışma başlandı və 4 saat davam etdi. Ermənilərin çoxu açıqda, müsəlmanlar isə səngərlərdə olduğundan ermənilərdən 61 nəfər qətlə yetirildi. Az qalmışdı ki, ermənilər geri qayıtsınlar. Bu zaman müsəlmanların (türklərin-red) gülləsi qurtardı. Onlar qaçıb bir yerdə gizləndilər. Ermənilər əhvalatı başa düşüb kəndə daxil oldular. Onlar evləri gəzə-gəzə qarət edirdilər. 20 nəfər uşaq, bir neçə qoca və bir kor kişinin qapıları bağlayaraq gizləndikləri evə çatdılar. Ermənilər evin bir tərəfini deşib ora ot-saman qoyaraq od vurdular. Evdəkilər tüstüyə tab gətirə bilməyib, qapını açaraq bayıra çıxdılar. Ermənilər tökülüb bu günahsız uşaqların və qocaların hamısını gülləyə tutub qətlə yetirdilər, əllərinə düşən malları isə qarət edib apardılar. Sonra isə məscidə dolaraq orada olan xalı, gəbə və s. əşyaları qarət etdikdən sonra minbərinə od vurdular"...

Uğur