Elektron media Layihə

Elektron media

Dövlət elektron informasiya vasitələrinə, onların inkişafına xüsusi diqqət yetirir
1919-cu il noyabrında Ə.M.Topçubaşov Fransadan - Eyfel qülləsindəki radiostansiyadan birbaşa Gəncə radiostansiyasına teleqram göndərmişdi

Müəyyən inkişaf yolu keçmiş elektron media bizim günlərdə cəmiyyətin sıravi vətəndaşından tutmuş, yüksək mədəni təbəqəyə qədər hər kəsin tribunasıdır. Hazırda postsovet məkanında ənənəvi jurnalistika yeniləşərək ictimai yayım texnologiyası və özəl media paralel olaraq fəaliyyət göstərir.
Sağlam rəqabət, reklam bazarını formalaşdırmaq və bazarı qazanmaq cəhdləri elektron KİV-ə yeni keyfiyyət və forma gətirməkdədir. Vicdanlı, qərəzsiz, operativ, tərəfsiz fəaliyyət göstərməyi əsas məqsəd hesab edən elektron media indi daha böyük funksiya daşımaqdadır. Jurnalistlər xarici xəbərləri ölkə dinləyicisinə, daxili həqiqətləri isə dünya ictimaiyyətinə çatdırmaq missiyasını bacarıqla yerinə yetirirlər. Əsas məqsədlərdən biri elitar cəmiyyət formalaşdırmaq cəhdləridir.
Onu da qeyd edək ki, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda elektron informasiya vasitələrinin fəaliyyəti istiqamətində müvafiq addımların atıldığını, bu sahədə əldə edilmiş uğurlarla yanaşı, çatışmazlıqların da olduğunu qeyd edib. Ə.Həsənov bildirib ki, müstəqil dövlətimiz bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Şöbə müdiri qeyd edib ki, televiziya və radio elə bir informasiya, ideologiya və milli-mənəvi dəyər daşıyıcısıdır ki, hər bir təbəqənin evinə, mənzilinə qapını döymədən daxil olur. Bunu nəzərə alaraq Azərbaycan dövləti elektron informasiya vasitələrinə, onların inkişafına xüsusi diqqət yetirir.
Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, əgər Azərbaycan cəmiyyətini dünyanın aparıcı cəmiyyətlərindən birinə çevirmək istəyiriksə, televiziyaların efirinə ölkəmizin aparıcı şəxsiyyətlərini - elm, mədəniyyət, incəsənət və digər sahələrin tanınmış və əksəriyyət tərəfindən qəbul olunan simalarını çıxarmalıyıq. Bu, onların yaxşı xüsusiyyətlərini cəmiyyətə aşılamağa imkan verər.
Yazıçı-jurnalist Hətavan Dəmirçioğlunun sözlərinə görə, əvvəlki dövrlə müqayisə yayım mediası hazırda cəmiyyətdə mühüm rol oynayır və cəmiyyətə etdiyi təsir vasitəsilə demokratik proseslərdə vacib yer tutur. Mediaya aid Avropa Şurasının bəyannamə və tövsiyələrində göstərilən bu müddəalar artıq dünyada özünü təsdiqləməkdədir: "Yayım mediası reallıqları əks etdirir. Keçmiş Sovet İttifaqının bir çox respublikaları hazırda müstəqil dövlət olaraq elektron medianın sərt tələbləri ilə üz-üzə qalmışdır. "Jurnalistlərin xəbər kimi təqdim etdikləri informasiya dürüst, rəy kimi təqdim etdikləri informasiya isə vicdanlı olmalıdır" beynəlxalq formulası elektron medianın demokratikləşmə prosesində inkişaf yolunu təyin edir. Yola saldığımız XX əsrin son onilliyi onun tarixdə informasiyalı cəmiyyət əsri kimi qalmasına səbəb oldu. "İnformasiyalı cəmiyyət - yüksək keyfiyyətli informasiyanın bol olduğu cəmiyyətdir". Nəzəriyyəçilər məhz belə qeyd edir. Azərbaycan milli jurnalistikasının 138 ildən artıq yaşı var. 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə fəaliyyətə başlayan Azərbaycan yazılı mətbuatı ötən il 138 illiyini qeyd etdi. Elektron jurnalistikanın tarixi isə bir qədər sonraya - 1918-ci ilə təsadüf edir. Doğrudur, Azərbaycanda elektron KİV-in ilk nümunəsi sayılan radionun yaranması 1926-cı il 26 noyabrdan hesablanır. Amma tarixi faktlar göstərir ki, 1918-ci ildə Azərbaycanda Şərqin ilk demokratik və dünyəvi dövləti olan Azərbaycan Xalq Demokratik Respublikası qurulduqdan az sonra ölkəmizdə radio mövcud olmuşdur. Uzun illər SSRİ tərkibində yaşayan respublikalar bütün naliyyətləri bir qayda olaraq Sovet İttifaqı qurulduqdan sonrakı tarixə yazmaq məcburiyyətində idilər. Yeni və xeyirli nə vardısa hamısı sosialazmin şanlı qələbəsindən sonrakı" tarixin adına yazılırdı. Birinci, bu səbəbdən Azərbaycan radiosunun tarixi ötən əsrin 26-cı ilindən götürülür. İkinci, keçmiş SSRİ ərazisində radio 1924-cü ildən fəaliyyətə başlamışdır. Kütləvi radiolaşdırma isə 1926-cı ildən başlanır. Bu iki səbəbdən Azərbaycanda radionun fəaliyyəti kütləvi radiolaşdırma işinin tarixi ilə hesablanıb".
O da bildirilib ki, Azərbaycan 1918-ci ili milli radionun yaranma tarixi hesab edə bilər. Çünki 1991-ci ildə yaradılan Azərbaycan Respublikası özünü rəsmən Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edir: "Bu baxımdan milli radionun tarixini 1918-ci ildən hesablamaq ədalətli olardı. Bu tarix hətta Qafqazda, Yaxın və Orta Şərqdə bir çox birinciliklərin sahibi olan Azərbaycanın növbəti öncüllüyünün etirafı olar.
Bu tarixdir: 1919-cu il noyabr ayında Ə.M.Topçubaşov Fransadan - Eyfel qülləsindəki radiostansiyadan birbaşa Gəncə radiostansiyasına teleqram göndərmişdi. Bu, Azərbaycanda radiostansiyanın fəaliyyətə başlaması münasibətilə göndərilən təbrik teleqramı idi. Teleqramda deyilirdi: "Əziz həmvətənlərimizin iqtisadi və mədəni tərəqqisində böyük rol oynayacaq ilk Azərbaycan radiostansiyasının fəaliyyətə başlaması münasibətilə sizi təbrik edirəm". O vaxtdan ölkənin iqtisadi və mədəni tərəqqisində böyük rol oynayan radio işini davam etdirir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin dediyi kimi:
"Radio və televiziya həm də milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğ edilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizlə bağlı tarixi həqiqətlərin yayılmasında mühüm rol oynamalıdır".
H.Dəmirçioğlu onu da bildirib ki, milli elektron media öz işlərini bu ümummilli tələblərə uyğun qurmağa çalışır.
Bu gün orta sitatistik tamaşaçı və dinləyici üçün qapalı olan yüksək mədəni mühit elektron media vasitəsilə göz önündə sərgilənir. İki onillik bundan əvvəl media haqqında deyilirdi: "Məhz bu qüvvənin müdaxiləsi ilə II Dünya müharibəsindən sonra siyasət bağlı qapılar arxasından çıxmaq zorunda qaldı, bir sıra pərdəarxası məqamlar ictimiyyətin malına çevrildi". Bu gün isə elektron media vasitəsilə yuxarı təbəqənin həyat tərzi, fəaliyyəti, zövqü, geyimi, hətta mətbəxi sadə tamaşaçı üçün müşahidə ediləcək səviyyəyə gətirilib. Mədəni təbəqənin təqdimi, təbliği cəmiyyətdə elitar sistemin formalaşmasına yardımçı ola bilir. Siyasi sabitliklə, iqtisadi uğurlarla, maddi inkişafla münbit böyümə şəraiti tapan elitar sistem nümunəvi media məhsulundan səmərə götürə bilər: "Azərbaycan hökuməti demokratikləşmənin əsas göstəricilərindən olan azad, demokratik, sivil seçki prosesində KİV-in dəstəyindən geniş istifadə edir. Seçki kampaniyası dövründə KİV-lərin həlledici mahiyyət daşıması bir həqiqətdir. KİV-lərin seçkilərdə iştirakı fövqəladə rol oynayır. Demokratik dövlətlərin seçki prosesində televiziya və radionun rolu haqqında yazan mütəxəsislər bu fikirdədir. Kütləvi informasiya vasitələrinin problemləri ilə məşğul olan tədqiqatçılar sübut ediblər ki, seçkilər zamanı KİV-lərin əhəmiyyəti yüksəlir".
Azərbaycanda 2013-cü il seçki ili idi. Prezident seçkiləri ilə eyni ilə təsadüf edən mətbuatın 138 illiyi ölkədə bayram kimi qeyd edildi. Bunu medianın mühüm faktor olaraq qəbul edilməsinin göstəricisi kimi də dəyərləndirmək olar: Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çox qısa bir müddət ərzində media sahəsində böyük irəliləyiş müşahidə olundu. Senzuranın ləğvi, doğrudan da, böyük və tarixi bir addım idi. Bugünkü gün üçün bu, əlbəttə ki, bir fövqəladə hal kimi qiymətləndirilə bilməz. Ancaq o vaxt MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə idi.
Söz azadlığının inkişafı istiqamətində ardıcıl şəkildə çox ciddi addımlar atılıb. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib məsələlərdir. Bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Medianın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ücün ardıcıl tədbirlər görülür.
Maddi-texniki bazası gücləndirilən media Azərbaycan həqiqətlərini əks etdirir, elitar cəmiyyətin formalaşmasında fəal iştirak edir. İndi elektron jurnalistika özündə radio, kino, televiziya, internet kimi hər biri müstəqil fəaliyyət göstərən vasitələri birləşdirir. Elektron media vasitəsinin son nümunəsi olan internet mədəniyyətlərin qloballaşmasına, milli-mənəvi dəyərlərin yayılmasına sürətli imkanlar açır. Hazırda Azərbaycan dövləti və cəmiyyəti keyfiyyətcə yeni inkişaf dövrünü yaşayır, ictimai həyatın bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya-kommunikasiya texnologiyaları tətbiq olunur, insanların rifahı yüksəlir.
Cəmiyyətin güzgüsü hesab olunan jurnalistika bütün reallıqları olduğu kimi əks etdirməklə öz vəzifəsini yerinə yetirmiş olur. Media sistemində elektron medianın mövqeyi getdikcə daha da möhkəmlənir. O cümlədən, 85 illiyini qeyd etdiyimiz Azərbaycan radiosu müasirləşmə yolu ilə öz mövqeyini saxlamaqdadır. Keyfiyyətcə yeni inkişaf dövrünü yaşayan Azərbaycan dövləti və cəmiyyətinin təqdimatında, yüksək dəyərlərin formalaşdırılmasında elektron media ən güclü vasitələrdən biri kimi öz vəzifəsini uğurla yerinə yetirməkdədir.

Cavid