“WhatsApp”, “Tik-tok”, “İnstagram” və “Telegram” vasitəsilə törədilən insan alveri cinayətlərinin sayı məlum olub Cəmiyyət

“WhatsApp”, “Tik-tok”, “İnstagram” və “Telegram” vasitəsilə törədilən insan alveri cinayətlərinin sayı məlum olub

İnformasiya texnologiyalarının (“WhatsApp”, “Tik-tok”, “İnstagram”, “Telegram” sosial şəbəkələrində) tətbiqi ilə keçən il törədilmiş 44 (2023-cü illə müqayisədə 14 fakt az) müvafiq fakt aşkarlanaraq, Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4 (2023-cü illə müqayisədə 1 fakt çox), 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə 6 (2023-cü illə müqayisədə 4 fakt çox), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 cinayət işi başlanılıb.

Bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.

Qeyd edilib ki, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 (sabit) insan alveri qurbanının (90-ı qadın, 1-i kişi) hamısı Azərbaycan Respublikasının vətəndaşı olub. Onlardan 53-ü Türkiyə Respublikasında, 35-i Birləşmiş Ərəb Əmirliklərində, 2-i Qətər Dövlətində cinsi istismara, 1 nəfəri isə ölkə daxilində əmək istismarına məruz qalıb.
Qurbanlardan 12-i 18-25 yaş arası, 49-u 25-35 yaşlarında, 29-u 35 yaşdan yuxarı olan, habelə 19-u paytaxt, 72-i respublikanın digər şəhər və rayonlarının sakini, 78-i 2015-2023-cü illərdə, 13-ü isə 2024-cü ildə istismara məruz qalan şəxslər olub.