
Rusiyadan Xarkova intensiv hücum: 3 ölü, 21 yaralı
7 İyun 15:43
Qlobal iqlim dəyişikliyinin nəticələri ilə mübarizə dövrünü yaşayırıq.
Son 50 ildə Yer kürəsində ekoloji böhran dərinləşib.
Bunun əsas səbəbi qlobal istiləşmədir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında bildirilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Bu isə Yer kürəsində yaşamı çətinəşdirəcək.
Qlobal istiləşmənin əsas səbəbi kimi antropogen amillər əsas götürülür. Sənayeləşmə, əhalinin artımı, kənd təsərrüfatı sahələrinin genişlənməsi, çoxlu avtomobillərin cəmləşdiyi meqapolislərin yaranması atmosferdə istixana effekti yaradan faktorlardandır. Havada karbon emissiyasını artıran amillərdən biri də planetimizin “ağciyəri” sayılan meşələrin sıradan çıxarılmasıdır.
Dünyada 4,06 milyard hektar meşə sahəsi var ki, bu da ümumi ərazinin 31%-ni təşkil edir. 1990-cı ildən bəri dünyada meşələrin sahəsi 80 milyon hektardan çox azalıb. Eyni zamanda, son illər baş verən yanğınlar Meşə örtüklərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olan amillərdən biri də yanğınlardır.
Əhali artımı meşələrin azalmasına güclü təsir göstərir, meşələr kənd təsərrüfatının ehtiyacları üçün, ticarət, yanacaq və s. məqsədlə qırılır. Əkinçilik və maldarlıq yaranarkən bütün quru səthinin 56%-i meşə ilə örtülmüşdü. Hazırda isə bu göstərici 30%-ə düşüb. Ekspertlər hesab edir ki, Yerdə temperaturun artması palnetimizdə kəskin kataklizmlərə gətirib çıxaracaq. Beləki buzlaqlar əriyəcək, dünya okeanının səviyyəsi qalxacaq.
Yer kürəsində normal yaşamı qoruyub saxlamaq üçün ictimai təfəkkür dəyişməli, ekoloji şüur formalaşdırılmalıdır. Gənc nəsil ətraf mühitin mühafizəsi, su mənbələrinə qənaət, təbii sərvətlərdən maksimum dərəcədə səmərəli istifadə olunması ruhunda tərbiyə olunmalıdır.
Ekoloq, fəlsəfə doktoru Aynur Zülfüqarova hesab edir ki, müasir dövrdə ekoloi tərbiyə gənc nəslin tərbiyəsinin mühüm komponentlərindən biri olmalıdır:
“Ekoloji tərbiyədə uğura nail olmaq üçün məktəblilərdə ekoloji dünyagörüş formalaşdırılmalıdır. İnsan kiçik yaşlarından dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan ekoloji fəlakətə səbəb ola bilər. Ekoloji təhsil hər kəs üçün, hər yerdə lazımdır. Buna təhsil sisteminin bütün pillələrində – məktəbəqədər təhsildən tutmuş doktaranturaya qədər cəmiyyətin bütün yaş kateqoriyalarını əhatə etməklə ekoloji savadlılığı yaymaq, təbiətlə cəmiyyət arasında qarşılıqlı əlaqənin müxtəlif aspektləri haqqında müvafiq biliklər vermək kimi baxılmalıdır. Ekoloji dünyagörüş gənc nəslin canlı aləmə, təbii sərvətlərə sevgi, qayğı göstərmək, qorumaq və növləri çoxaltmağa hədəflənmiş ekoloji düşüncəyə malik olmasıdır. Ekoloji tərbiyəni formalaşdırmaq üçün aşağı siniflərdən təhsilalanlarda təbiətə sevgi, canlı aləmi, biosferi qorumaq hissi aşılanmalıdır. 40 il bundan öncə orta məktəblərdə “Təbiətşünaslıq” fənni tədris olunurdu. Bu gün o fənni “Həyat bilgisi” əvəz edir. Bir sıra ölkələrdə orta məktəblərdə “Ekologiya” fənni tədris olunur. Yaxşı olar ki, ölkəmizdə də ekoloji biliklər ayrıca fənn kimi öyrədilsin, tədris olunsun.
Ekoloji təhsil fasiləsiz olmalıdır. Ekoloji tərbiyə ailədən-uşaq doğulduğu andan başlanır. Uşaq ilk olaraq canlı aləmə münasibəti valideynlərindən öyrənir. Ona görə də bu məsələdə təkcə məsuliyyəti məktəbin, pedaqoqların üzərinə yükləmək doğru olmazdı. Məsələn, ailə öz şəxsi minik avtomobili ilə təbiət qoynuna gəzintiyə gedir. Yolboyu valideynləri yemək qalıqlarını, sellofan torbaları, plastik butulkaları avtomobilin pəncərəsindən hara gəldi atırsa, pik-nik yerində antisanitar şərait yaradırsa, hər tərəfi məişət tullantıları ilə çirkləndirirsə, bu, azyaşlı uşağın tərbiyəsində çox pis təsirlər buraxacaq. Nümunəvi valideyn isə belə etmir. Avtomobildə məişət tullantıları üçün sellofan torbalar saxlayır. Tullantılar, yemək qalıqları, meyvə çəyirdəkləri, plastik butulkaları həmin qablara qoyur və məişət tullantıları üçün nəzərdə tutulmuş xüsusi qablara atır. Yemək qalıqlarını sahibsiz küçə heyvanlarına paylayır. Heyvanlara su verir, onlara qayğı göstərir. Su mənbələrinə qənaət edir. Su kranını açıq saxlamır, pik-nik məkanından ayrılanda yemək bişirmək, çay qızdırmaq üçün qaladığı odu söndürür. Qlobal istiləşmə ilə mübarizə dövrünün insanlarında elementar ekoloji biliklər olmalıdır. Onlar övladlarını canlı aləmə məhəbbət, təbii sərvətlərə qayğı ruhunda tərbiyə etməlidir.
Valideyn övladını gəzməli, görməli yerlərə aparır, bahalı hədiyyələr alır. Ancaq hər kəs bilməlidir ki, artıq insanlıq üçün ən dəyərli şey təmiz hava, içməli sudur. Uşaqlara ən böyük mirasımız yaşıl dünya olacaq. Valideyn uşağını ağacəkmə aksiyasına aparmalı, yaşadığı ərazidə, məhəllədə əkmək üçün ağac tingləri, gül kolları almalıdır. Uşaq erkən yaşlarında ağac əkməyə, ona qulluq göstərməyə vərdiş etməli, yaşıllığın həyati əhəmiyyətli olduğunu dərk etməlidir. Qalan məsələlər isə məktəbin borcudur. Məktəb, müəllim şagirdlərdə ekoloji tərbiyəni inkişaf etdirmək üçün nəzəri bilgilərdə və praktiki alətlərdən istifadə etməlidir”.
Ekoloq hesab edir ki, aşağı yaşlarda məktəblərdə keçirilən “Həyat bilgisi” dərsi vaxtaşırı təbiət qoynunda keçirilsə yaxşı olar:
“Şagirdlər vaxtaşırı meşəyə, çay qırağına ekskursiyaya aparılmalıdır. Məsələn, deyək ki, “Biologiya” və ya “Botanika” fənni 1 dərs canlı təbiət qoynunda keçirilməlidir. Bundan başqa məktəblərdə xüsusilə aşağı və orta yaş qruplarından ibarət “Təbiətin dostu”, “Yaşıl könüllülər”, “Təbiətə qayğı”, “Təbiəti sevənlər” dərnəkləri fəaliyyət göstərməlidir. Müəllimlər fəal şagirdləri həmin dərnəklərə cəlb etməli, il ərzində mütəmadi olaraq ətraf mühitin mühafizəsini təşviq edən tədbirlər, mövsüm zamanı tez-tez ağacəkmə aksiyaları keçirilməlidir. Müəllimlər uşaqlarla birlikdə ağac əkməli, suvarmalı, onlara aqrotexniki qulluq göstərməlidir. İlboyu məktəblilərin iştirakı ilə ətraf mühitin məişət tullantılarından təmizlənməsi aksiyaları təşkil edilsə, çox effektli olar. Xüsusən aşağı yaşlarda ekoloji oyunların təşkili tərbiyəvi təsirə malikdir. Hər il əlamətdar günlərdə şagirdlər arasında esse müsabiqəsinin, rəsm sərgisinin keçirilməsi olduqca zəruridir. Şagirdlər müsabiqə boyunca mövzunu araşdıracaq, çoxlu materiallarla tanış olacaq və nəyahət öz zehni məhsulunu ortaya qoyacaq.
Bütün siniflərdə ekoloji məzmunlu divar qəzetləri fəaliyyət göstərməlidir. Şagirdlər ilboyu həmin qəzetlərdə öz məqalələrini dərc etməlidirlər. Bu, onlarda təbiətə sevgi aşılayacaq, həm də yazı qabiliyyətini formalaşdıracaq. Müasir İKT proqramlarından istifadə etməklə “Meşələri qoruyaq”, “Heyvanları sevək”, “Təbiəti mühafizə edək” mövzularında animasiya filmləri, video-kitablar hazırlanmalıdır. Təcrübə göstərir ki, məktəb yaşlı uşaqların yaddaşında animasiya filmləri dərin iz buraxır”.
Cavid Şahverdiyev
"Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Ətraf mühiti qoru: maarifləndirmə aksiyaları” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər".