Atambayevdən hakimiyyətə çağırış: Haaqaya müraciət edin! Dünya

Atambayevdən hakimiyyətə çağırış: Haaqaya müraciət edin!

Üç cinayət ittihamı ilə 11 il 6 ay həbs cəzasına məhkum edilmiş Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev Haaqa məhkəməsinin onu təqsirli bildiyi təqdirdə, cəzasını istənilən müddətə dəmir barmaqlıqlar arxasında çəkməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə eks-prezident Feysbuk hesabında yazıb.

"Mən hakimiyyətə konkret addım təklif edirəm: Roma əsasnaməsini ratifikasiya edin və Baş Prokurorluğa Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməyi tapşırın. Mən şəxsən onun qarşısına çıxmağa və mənə qarşı irəli sürülən bütün ittihamlara cavab verməyə hazıram. Qoy hamı həqiqəti bilsin”, - Atambayev bildirib.

Qeyd edək ki, Qırğızıstan paytaxtının Pervomayski rayon məhkəməsi Atambayevi qiyabi olaraq 11,6 il müddətinə azadlıqdan məhrum edib. O, Çuy rayonunun Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və 2019-cu il avqustun 7-8-də Koy-Taş kəndində kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib.