

İrənin dəstəklədiyi Yəməndəki husilər, Qurban Bayramı münasibətilə beynəlxalq ictimaiyyət tərəfindən tanınan qanuni Yəmən hökumətinə ilkin şərtsiz əsir mübadiləsi təklif ediblər.
Xalqcebhesi.az xəbər verir ki, Husilərin Əsir Komitəsinin rəhbəri Əbdülqadir əl-Murtaza verdiyi açıqlamada belə deyib:
“Qurban Bayramı münasibətilə qarşı tərəfi – yəni qanuni hökuməti – bütün tərəfləri əhatə edən, istisnasız və ilkin şərtsiz genişmiqyaslı bir əsir mübadiləsi həyata keçirməyə dəvət edirik.”
Murtaza husilərin bu prosesi mümkün qədər tez reallaşdırmağa hazır olduğunu bildirib.
Yəmən hökumətindən isə bu çağırışa dair hələlik rəsmi bir açıqlama verilməyib.
Lakin hökumət tez-tez əsir məsələsinin humanitar bir məsələ olduğunu və bu məsələnin həlli üçün iradəyə sahib olduğunu vurğulayır.
Ötən il 6 iyul 2024-cü ildə Omanın paytaxtı Məsqətdə keçirilən son əsir mübadiləsi danışıqları başa çatmış, lakin planlaşdırılan növbəti tamamlayıcı mərhələ hələ başlanmamışdır. Tərəflər isə bu gecikməyə görə bir-birini günahlandırırlar.
Tərəflər arasında 2023-cü ilin aprelində Səudiyyə Ərəbistanı və Sudandan olan əsgərlərin də daxil olduğu təxminən 900 əsirin azad edilməsini nəzərdə tutan bir mübadilə həyata keçirilmişdi. Bu proses BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İsveçrədə keçirilən görüşlər nəticəsində baş tutmuşdu.
Tərəflərin əlindəki əsir sayı dəqiq bilinmir. Lakin 2018-ci ildə İsveçin paytaxtı Stokholmda keçirilən danışıqlarda qarşılıqlı olaraq 15 mindən çox əsirin siyahısı təqdim olunmuşdu.
Bəzi insan haqları mənbələri isə bu sayın 20 minə çata biləcəyini bildirirlər.
Məryəm Quliyeva