“Sərgi böyük maraqla qarşılandı” Mədəniyyət

“Sərgi böyük maraqla qarşılandı”

İyunun 7-si saat 19:00-da Müasir İncəsənət Mərkəzində rəssam Şəbnəm Karacanın “Ulukayın” adlı fərdi sərgisinin açılışı olub.

Ulukayın – qədim türk mifologiyasının ruhani simvolu olan həyat ağacı bu dəfə rəssam Şəbnəm Karacanın fırçasında yeni rənglərlə danışır.

Sərgidə yer alan 30 rəsm əsəri, həyat ağacını fərqli duyğular, rəng dalğaları və enerjilər içində təqdim edərək, təbiətlə insan arasında unudulmuş ruhani bağlara işarə edir.

Sözügedən sərgidə həyat ağacı təkcə vizual simvol deyil, canlı bir varlıqdır. Onun ruhu, keçmişlə gələcək, torpaqla göy, maddə ilə enerji arasındakı axışın daşıyıcısıdır. Ş.Karaca bu enerji axışını rəng və forma ilə ifadə edir.

Rəssam bu əsərlərində Ulukayın obrazını yalnız simvol kimi deyil, canlı, nəfəs alan, enerjiylə dolu bir varlıq kimi təqdim edir.

Ulukayın burada bir çağırışdır: İnsanlara xatırlatmaq istəyir ki, təbiəti qorumaq – ruhumuzu qorumaqdır. Həyat enerjisi, torpaqla, hava ilə, ruhla bir axışda olan bütöv sistemin içindəyik.

Sərginin interaktiv hissəsi isə bu konsepsiyanı daha da dərinləşdirir. Rəssamın ağac budaqları və tül parçalarından hazırladığı instalyasiya əsərində, tamaşaçılara öz niyyət və arzularını yazaraq bu ağaca bağlamaları təklif olunur. Bu sadə hərəkət, qədim inanclardakı diləklər ağacı ritualını xatırladır və tamaşaçını əsərin bir parçasına çevirir.

Açılışdan sonra sərgi haqqında Ş.Karaca xalqcəbhəsi.az-a fikirlərini bölüşüb: “Biz ailəcə təbiətin enerjisinə, onun həyatımızdakı roluna inanan adamlarıq. Bu inanc və təbiətə sevgi mənim yaradıcılığıma böyük təsir edir. Qədim mədəniyyətlərdə insanlar təbiətə sevgini inanc sisteminə çevirmişlər, mən də bu inanc sistemindəki Həyat ağacı obrazını öz yaradıcılığımda istifadə edərək təbiətə sevgimi və hisslərimi göstərməyə çalışdım. Nəticədə kuratorumuz Bəhram Xəlilov konsepti bəyənərək bu əsərləri konseptual sərgi formatında nümayiş etdirməyi təklif etdi. Sərgi konseptual olmaqla yanaşı, həm də interaktiv olaraq tamaşaçıların iştirakı ilə böyük maraqla qarşılandı”.

Qeyd edək ki, kuratoru Bəhram Xəlilov olan sərgi iyunun 13-dək davam edəcək.

Röya İsrafilova