Qırğızıstanda həftəsonu Azərbaycan dili kurslarına start verilib Cəmiyyət

Qırğızıstanda həftəsonu Azərbaycan dili kurslarına start verilib

Qırğızıstanda 2025-2026-ci tədris ili çərçivəsində azərbaycanlılar üçün nəzərdə tutulmuş həftəsonu Azərbaycan dili kurslarının ilk dərsi keçirilib.

APA xəbər verir ki, bu barədə Qırğızıstan Azərbaycanlılarının “Birlik” Təşkilatının sədri Xansuvar Baxşəliyev məlumat verib.

O qeyd edib ki, Bişkekdə artıq 3 ildir həftəsonu Azərbaycan dili kursları təşkil olunur: “Azərbaycanlıların çox yaşadığı Lenin və Novonikalayevka kəndlərində isə kurslara bu ilin yaz aylarında başlanılıb. Yaxın vaxtlarda azərbaycanlıların daha çox yaşadığı digər şəhərlərdən biri olan Kantda da Azərbaycan dili kursunun açılması planlaşdırılır. Hazırda bunun üçün müəllim axtarılır”.

Onun sözlərinə görə, ki, təxminən 100 ilə yaxındır azərbaycanlılar Qırğızıstanda yaşayırlar: “Bizim nəsil Azərbaycan dilində zəif danışır, amma başa düşür. Uşaqlarımız isə dili daha zəif anlayır və demək olar danışa bilmirlər. Onlar burada rus dilində təhsil aldıqları üçün əsasən rus dilində danışırlar”.

Qeyd edək ki, Qırğızıstan Azərbaycanlıları Birliyinin təşəbbüsü ilə paytaxt Bişkek, eləcə də Lenin və Novonikalayevka kəndlərində keçirilən bu kurslara müxtəlif yaş qruplarından ümumilikdə təxminən 65 şəxs yazılıb.