“Hadisənin siyasi və təhlükəsizlik ölçüləri daha çox ön plana çıxır” Siyasət

“Hadisənin siyasi və təhlükəsizlik ölçüləri daha çox ön plana çıxır”

“Belə aviasiya insidentləri adətən ilk mərhələdə texniki nasazlıq kimi təqdim edilsə də, prosesin davamında hadisənin siyasi və təhlükəsizlik ölçüləri daha çox ön plana çıxır. Xüsusilə yüksək rütbəli hərbi şəxslərin eyni vaxtda həlak olması təsadüfi hadisə kimi qavranılmır və istər-istəməz sistemli zəifliklər, daxili təhlükəsizlik boşluqları barədə suallar doğurur. Bu cür itkilər dövlətin güc nümayişinə və institusional sabitlik imicinə zərbə vurur, həm daxildə, həm də xaricdə qərarverici mərkəzlərin diqqətini həmin ölkənin idarəetmə davamlılığına yönəldir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli söyləyib.

O bildirib ki, hadisənin baş verdiyi regional kontekst də təhlildə həlledici rol oynayır: “Gərginliklərin, münaqişə risklərinin və açıq və ya gizli qarşıdurmaların mövcud olduğu coğrafiyalarda belə qəzalar daha tez geosiyasi oxunuşlara məruz qalır. Rəqib aktorlar üçün bu, müvəqqəti üstünlük pəncərəsi yarada, müttəfiqlər üçün isə qeyri-müəyyənlik və ehtiyatlılıq mərhələsini başlada bilər. Nəticədə bir təyyarə qəzası faktiki olaraq hərbi-siyasi balansın yenidən hesablandığı kritik məqama çevrilir”.

Ə.Əlibəylinin sözlərinə görə, eyni zamanda, informasiya müstəvisində yaranan boşluq hadisənin təsir dairəsini daha da genişləndirir: “Rəsmi açıqlamaların gecikməsi və ya qeyri-müəyyənliyi spekulyativ ssenarilərin sürətlə yayılmasına şərait yaradır. Sosial media və qeyri-rəsmi mənbələr üzərindən dolaşıma buraxılan iddialar cəmiyyətin emosional reaksiyasını gücləndirir və hadisəni faktlardan çox şübhələr üzərində müzakirə olunan mövzuya çevirir. Bu isə real səbəblərin araşdırılmasını kölgədə qoyaraq insidenti daha çox siyasi və psixoloji təzyiq alətinə çevirir”.

Röya İsrafilova