“Elektron siqaretlərdən istifadənin sayını azaltmaq lazımdır” Cəmiyyət

“Elektron siqaretlərdən istifadənin sayını azaltmaq lazımdır”

Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan sənədə əlavə edilən yeni maddəyə əsasən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcəklər.

Qeyd edilir ki, qanun qəbul edildiyi təqdirdə aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən AzMİU-nun baş müəllimi, jurnalist Ayyət Əhməd məsələni yüksək qiymətləndirərək bildirib ki, burada niyyət heç də insanların cərimələnməsi deyil: “Niyyət aydındır. Əsas məqsəd, hədəf sağlam vətəndaş böyütməkdir, həm də fiziki cəhətdən sağlam vətəndaşların yetişməsinə çalışmaqdır. Görünür ki, bu, həm fiziki, həm də hüquqi vətəndaşlara şamil olunur. Bu, tək fiziki vətəndaşlara şamil olunsaydı biz deyə bilərdik ki, nə üçün vətəndaşlar cərimələnir?!. Əslində, biz elektron siqaretlərin insan sağlamlığına nə qədər böyük təhlükə törətdiyini aydın şəkildə bilirik. Bununla bağlı bizim tibb üzrə ekspertlərimiz, həkimlərimiz, professorlarımız dəfələrlə çağırış ediblər. Bu, təkcə ayrı-ayrı fərdlərin sağlıq durumuna, səhhətinə vurulan zərbə deyil. Elektron siqaretlər, tütün məhsulları - bütün bunlar təkcə bir nəslin, bir xalqın deyil, ümumiyyətlə, genefondun tamamilə zərbə altına alınması deməkdir”.

O əlavə edib ki, bu mənada dövlətimiz çalışır ki, qanunlara bu cür yeni əlavələr etməklə insanları bu tip ziyanlı vərdişlərdən çəkindirsin: “Bu, onların sayının azalmasına nə qədər təsir göstərəcək-göstərməyəcək bu, məsələnin ikinci tərəfidir. Dövlət öz ali niyyətini, istəyini, məqsədini ortaya qoyur. Bu mənada bu addımı yüksək qiymətləndirirəm. Təsəvvür edin ki, bir məhsulu satan şirkət, təşkilat və ya istehsalçı üzərinə yazır ki, bu, sizin sağlamlığınız üçün ziyandır. Yəni bizim insanlarımız bunu bilə-bilə ondan istifadə edirlərsə, deməli, biz burada həyəcan təbili çalmalıyıq və elektron siqaretlərdən istifadənin sayını minimallaşdırmaq, azaltmaq lazımdır. Mən əminəm və heç bir şübhəm yoxdur ki, dövlətin ən ali iradəsi, marağı, məqsədi bundan ibarətdir ki, bu, bizim genefondumuza mənfi təsir göstərməsin”.

Röya İsrafilova