Anna Soave: WUF13 Azərbaycanın urbanizasiya və şəhər siyasətinin formalaşmasında strateji rolunu gücləndirə bilər Cəmiyyət

Anna Soave: WUF13 Azərbaycanın urbanizasiya və şəhər siyasətinin formalaşmasında strateji rolunu gücləndirə bilər

Dünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycanda keçirilməsi ölkənin dayanıqlı şəhərsalma siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, bu fikri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Anna Soave WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Kommunikasiya komandası tərəfindən media nümayəndələri üçün keçirilən ilk təlim sessiyasında səsləndirib.

Anna Soave qeyd edib ki, WUF13 təkcə beynəlxalq konfrans deyil, Azərbaycan üçün uzunmüddətli institusional və şəhərsalma transformasiyası baxımından mühüm imkan pəncərəsidir. “COP29-un Azərbaycanda keçirilməsi ölkəni qlobal iqlim gündəmində möhkəmləndirdiyi kimi, WUF13 də ölkənin urbanizasiya və şəhər siyasətinin formalaşmasında strateji rolunu gücləndirə bilər”, - deyə BMT-nin rəsmisi əlavə edib.

O vurğulayıb ki, bu cür irimiqyaslı beynəlxalq tədbirlər şəhərlərin inkişafında katalizator rolunu oynaya bilər: “Bu tədbirlər qlobal diqqət, mediada görünmə səviyyəsi və investisiya axını yaradır. Lakin əsas sual budur: tədbirdən sonra şəhərlərdə nə qalır? Əsas məqsəd uzunmüddətli ictimai dəyər formalaşdırmaqdır”.

Anna Soave bildirib ki, WUF13 çərçivəsində urban planlaşdırmaya yanaşmada düşüncə tərzinin dəyişməsi vacibdir. Şəhərsalma strateji ictimai məsuliyyət kimi qəbul edilməli, qərarvermə prosesində ekoloji, sosial və iqtisadi amillər paralel şəkildə nəzərə alınmalıdır. Xüsusilə gənclərin, qadınların və əlilliyi olan şəxslərin şəhər inkişafı ilə bağlı qərarların qəbuluna cəlb edilməsi mühüm əhəmiyyət daşıyır.

UN-Habitat nümayəndəsi Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma prosesini dünya miqyasında nadir urbanizasiya laboratoriyası kimi dəyərləndirib. Onun sözlərinə görə, bu ərazilərdə həyata keçirilən layihələr dayanıqlı şəhərsalma üçün yeni modellərin tətbiqi baxımından unikal imkan yaradır.

Anna Soave çıxışında beynəlxalq təcrübələrə də toxunub: “WUF tədbiri Barselonada 1992-ci il Olimpiya Oyunları sahil zonasının yenidən qurulmasına, London 2012 Olimpiadası Şərqi Londonun bərpasına, Dubay Expo 2020 “District 2020” adlı yeni ağıllı şəhər məkanının formalaşmasına, Paris 2024 Olimpiadası isə karbon izinin azaldılması yönündə renovasiya yanaşmalarının tətbiqinə təkan verib. Bu nümunələr irimiqyaslı tədbirlərin düzgün planlaşdırıldığı halda şəhərlərdə uzunmüddətli və təkrarlana bilən müsbət təsirlər yaratdığını göstərir”, - deyə o diqqətə çatdırıb.

Anna Soave media nümayəndələrinin rolunu da xüsusi vurğulayaraq deyib ki, media təkcə məlumat ötürən deyil, eyni zamanda, cəmiyyətdə şəhər inkişafı, dayanıqlılıq və inklüzivlik anlayışlarının formalaşmasına təsir göstərən əsas aktordur.