"Yaxın Şərq uzun müddət qeyri-sabitlik zonasından çıxmayacaq" Gündəm

"Yaxın Şərq uzun müddət qeyri-sabitlik zonasından çıxmayacaq"

ABŞ və İran arasında birbaşa olmayan, əsasən pərdəarxası təmaslar müəyyən zaman kəsimində davam edir. Yayılan xəbərlər fonunda bir sual həmişə aktualdır. Vaşinqtonla Tehran arasında gedən dialoq mümkün müharibə ehtimalının qarşısını ala biləcəkmi? Və ya bu danışıqlar qarşıdurmanı təxirə salmağa yönəlmiş manevrlərdən biridirmi?

Bu suallarla politoloq Bakir Həsənbəyliyə müraciət etdik.

Politoloq bildirdi ki, ABŞ və İran arasında baş verəcək hər hansı münaqişə bütövlükdə Yaxın Şərq, İsrail, Körfəz ölkələri və Cənubi Qafqaz, o cümlədən Azərbaycan üçün də ciddi strateji əhəmiyyət daşıyır.

Hazırkı ABŞ–İran təmasları klassik diplomatik normallaşma prosesi deyil. Ortada nə yeni nüvə sazişi, nə də münasibətlərin köklü şəkildə yaxşılaşmasına dair real siyasi iradə yoxdur. Söhbət əsasən baş verə biləcək müharibənin nəzarətdən çıxmasının qarşısını almaq cəhdindən gedir. ABŞ tərəfi açıq şəkildə bildirir ki, İranla genişmiqyaslı müharibə Vaşinqtonun strateji maraqlarına uyğun deyil.

Prezident Tramp üçün əsas prioritetlər Çinlə rəqabət, daxili iqtisadi gündəm və Avropa təhlükəsizliyidir. İranla müharibə bu prioritetləri kölgədə qoya və ABŞ-ı uzunmüddətli, bahalı qarşıdurmaya sürükləyə bilər. İran isə dialoqa tamamilə fərqli prizmdan baxır. Tehran üçün əsas məqsəd rejimin təhlükəsizliyini qorumaq, sanksiyaların təsirini azaltmaq və regional təsir imkanlarını itirməməkdir. Bu baxımdan dialoq İran üçün güzəşt yox, taktiki alət rolunu oynayır.

Vaşinqtonun əsas strategiyası İrana açıq və gizli kanallarla “qırmızı xətlərin” ötürülməsidir. Belə ki, ABŞ hərbi personalına və ya müttəfiqlərinə qarşı genişmiqyaslı hücum cavabsız qalmayacaq. Onu da qeyd edim ki, dialoq razılaşma üçün deyil, tərəflərin bir-birinə müharibənin nə qədər bahalı olacağını anlatmaq cəhdidir. ABŞ üçün əsas məqsəd müharibəni ləğv etmək yox, onu mümkün qədər təxirə salmaq və nəzarətdə saxlamaqdır.

Tehran bir tərəfdən danışıqlara açıq görüntü yaradır, digər tərəfdən isə SEPAH və regional proksi qüvvələr vasitəsilə təzyiq alətlərini əlində saxlayır. ABŞ–İran dialoqu müharibəni avtomatik olaraq aradan qaldırmır, sadəcə tərəflərə səhv addım atmamaq üçün zaman qazandırır. Bu yanaşmaya görə, müharibə riski azalır, lakin tam yox olmur. Dialoq qısa müddətli sabitlik yarada bilər, lakin strateji qarşıdurma yerində qalır. Kiçik bir insident belə sürətlə regional müharibəyə çevrilə bilər. Yaxın Şərq hələ uzun müddət qeyri-sabitlik zonasından çıxmayacaq.

Cavid