“Emosional sağlamlıq güclü nəslin təməlidir” Cəmiyyət

“Emosional sağlamlıq güclü nəslin təməlidir”

“Uşaq və gənclərin sağlam fiziki və mənəvi inkişafı yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir və bu proses kompleks və davamlı yanaşma tələb edir”.

Bu fikirləri “xalqcebhesi.aza”a açıqlaması zamanı psixoloq Nizami Orucov deyib.

Onun sözlərinə görə, bu inkişafın təməlində ilk növbədə sağlam ailə mühiti dayanır:
“Uşaq üçün əsas psixoloji baza emosional təhlükəsizlikdir. Valideynlər yalnız nəzarət edən yox, həm də anlayan və dinləyən tərəf olmalıdır. Sevgi, diqqət və sərhədlərin balanslı şəkildə təqdim olunduğu ailələrdə böyüyən uşaqlar həm psixoloji, həm də fiziki baxımdan daha sağlam inkişaf edir. Təhsil sistemi də bu prosesdə mühüm rol oynayır.Məktəblər yalnız akademik bilik verən məkan deyil. Burada emosional intellektin inkişafı, stressin idarə olunması, ünsiyyət bacarıqları və konfliktlərin həlli kimi həyat bacarıqları da öyrədilməlidir. Psixoloji xidmətlər formal xarakter daşımamalı, real və əlçatan dəstək mexanizminə çevrilməlidir. Hənclərin enerjisinin düzgün istiqamətə yönləndirilməsi vacibdir.İdman, incəsənət və sosial fəaliyyətlər gənclərin sağlam inkişafı üçün mühüm vasitədir. Boşluq aqressiya və asılılıqlar üçün zəmin yaradır. Alternativ fəaliyyətlər isə gənclərə özünü ifadə etmək və daxili gərginliyi sağlam şəkildə boşaltmaq imkanı verir”.

O əlavə edib ki, rəqəmsal mühitin təsiri də diqqətdə saxlanılmalıdır:
“Sosial şəbəkələr və rəqəmsal platformalar nəzarətsiz istifadə edildikdə uşaqların davranışlarına və dəyərlərinə təsir göstərir. Bu səbəbdən erkən yaşlardan tənqidi düşünmə və düzgün media istifadəsi vərdişlərinin formalaşdırılması vacibdir”.Psixoloji dəstək almaq cəmiyyətdə düzgün qəbul olunmalıdır.Psixoloji yardım zəiflik deyil, inkişafın bir hissəsidir. Uşağın səsinin eşidildiyi, onun şəxsiyyət kimi qəbul olunduğu mühit formalaşdırılmalıdır. Sağlam nəsil emosional olaraq güclü, özünü tanıyan və cəmiyyətə uyğunlaşa bilən fərdlərdən ibarət olmalıdır”.

Günel Elxan