11:16
567
Son illərdə imtahanların məzmununda mühüm dəyişikliklər edilib.
Bu sözləri Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev DİM-in 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı bildirib.
O bildirib ki, buraxılış imtahanlarına xarici dil fənninin daxil edilməsi və onun məcburi olması, açıq tipli sualların tətbiqi, eləcə də qəbul imtahanlarında abituriyentlərə bir deyil, iki şansın verilməsi əhəmiyyətli yeniliklərdir:
"Bu dəyişikliklər dərhal özünü göstərmir. Onların təsiri tədricən üzə çıxır və biz bunu artıq yavaş-yavaş müşahidə edirik. Məsələn, xarici dilin buraxılış imtahanına daxil edilməsi həmin dili daha yaxşı mənimsəyən şagirdlərin üstünlük qazandığını göstərir.
Ümumilikdə, təhsil sahəsində baş verən yeniliklərin əsas istiqamətlərindən biri məhz imtahan sistemində həyata keçirilən dəyişikliklərdir. DİM və Elm və Təhsil Nazirliyi arasında ciddi əməkdaşlıq başlayıb. Bu əməkdaşlığın əsas məqsədi imtahanların beynəlxalq standartlara daha da yaxınlaşdırılmasıdır.", - deyə o bildirib.
Nazir vurğulayıb ki, imtahanlarla bağlı olan müzakirələr düzgün istiqamətdə aparılmır: "Bir səhifəlik imtahan yüzlərlə dərslikdən daha təsirlidir. İmtahanların məzmunu təhsilin keyfiyyətini dəyişmir. İmtahanlar nə qədər çətin olursa, olsun, ali təhsil müəssisələrinə eyni sayda tələbə qəbul olacaq. Sualların çətin və ya asan olması hamı üçündür. Bu, Azərbaycan gələcəyini o qədər də dəyişmir. Fərqi yoxdur, buraxılış, qəbul, MİQ və ya başqa imtahanlarda sualların çətinliyi prinsip etibarilə fərdlərin həyatını bir o qədər dəyişmir",- nazir bildirib.