
“Münaqişələr tarixən hər zaman mövcud olub. Bu günümüzdə də baş verən və davam edən münaqişələr bundan əvvəl olanların bir növ davamı kimi də səciyyələndirilə bilər. Məsələn, Rusiya-Ukrayna müharibəsi, ərazi iddiaları, geostrateji imkanlar və təbii resurslar uğrunda aparılan uzun mübarizə kimi, Yaxın Şərqdə Körfəz müharibələri, dənizdə gərginliklər və böyük güclərin qarşıdurması illər öncə baş verən münaqişə və qarşıdurmaların davamlı nəticələridir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu söyləyib.
O qeyd edib ki, keçmiş Qarabağ münaqişəsi də Ermənistan və onun dəstəkçiləri tərəfindən başladılan uzun tarixi mübahisənin bir davamı idi: “Lakin burada Azərbaycanın müharibədə davranışı (xüsusilə İkinci Qarabağ müharibəsində), gördüyü tədbirlər və müharibədə istifadə etdiyi taktiki və texniki biliklər son dərəcə fərqli idi. Azərbaycan sözün əsl mənasında müharibə barədə bir tarix yazdı. Gəlin indiki şəraitə baxaq. Azərbaycan vaxtilə münaqişə mərkəzi kimi tanınan Cənubi Qafqazda bir ölkə kimi tanınırdı. İndi isə Azərbaycan tamamən fərqli geostrateji imkanlara malikdir. Ölkəmiz bu gün bəhs etdiyimiz münaqişələr fonunda şərqlə qərb və şimalla cənub arasında balans yaratmağa qadirdir”.
E.Ənvəroğlu vurğulayıb ki, bu, bizim mövcud geostrateji mövqeyimizlə bağlıdır: “Lakin bu imkanlardan istifadə etmək də bir diplomatik məharət tələb edir. Buna görə Azərbaycan dövlət başçısının apardığı uğurlu siyasəti yüksək dəyərləndirməyə layiqdir. Belə bir uğurlu siyasət sayəsində Azərbaycan bu gün bir layihənin və ya vahid bir siyasi blokun tərkib hissəsi deyil. Bizim öz siyasi suverenliyimiz var və xarici siyasətimiz başqa tərəflərin siyasi təzyiqləri və ya diktəsi ilə manipulyasiya olunmur”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan öz milli maraqları əsasında hərtərəfli diplomatik münasibətlərə malikdir, bu da öz növbəsində ona siyasi üstünlük və suverenlik qazandırır: “Məsələn, Azərbaycan bu gün Şimal və Cənub dəhlizi üzərində strateji üstünlüyə malikdir və bu dəhlizin fəaliyyəti ilə bağlı mövqeyi Rusiya, İran və Hindistan kimi tərəfdaşlara açıq və şəffafdır. Eyni zamanda, Azərbaycan Çin və Avropa arasında Orta Dəhliz seqmentində yer alır və burada da Qərbin maraqları ilə ortaq yanaşma və fikir birliyi sərgiləməkdədir. Yəni adı çəkilən ölkələr arasında nə qədər ziddiyyətlər olsa da Azərbaycan bu balansı özündə uğurla qura bilir. Bu da təbii ki, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində güclü və nümunəvi hərbi bacarığı və uğuru nəticəsində hasil oldu. Deməli, hüquq gücdən deyil, güc hüquqdan üstündür prinsipi özünü təsdiq edir və Azərbaycan öz gücü ilə otuz illik kağız üzərində olan qanunları, hüququ bərpa edir”.
Röya İsrafilova