11:13
679
“ABŞ–İsrail–İran qarşıdurmasından sonra əldə olunan atəşkəs bəzi dairələrdə, xüsusilə erməni ekspert mühitində İranın “qalibiyyəti” kimi təqdim edilsə də, bu yanaşma daha çox siyasi interpretasiya xarakteri daşıyır və real güc balansını tam əks etdirmir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
A.Nəsirov qeyd edib ki, İranın rejim olaraq ayaqda qalması ona daxili legitimlik baxımından üstünlük versə də, müharibə nəticəsində hərbi infrastruktura, regional təsir şəbəkələrinə və strateji imkanlarına dəyən zərbələr onun əvvəlki kimi sərt və ekspansionist siyasət aparmaq potensialını məhdudlaşdırıb: “Bu fonda Cənubi Qafqazda İranın mövqeyinin güclənməsi barədə iddialar inandırıcı görünmür, əksinə, regionda Azərbaycan, Türkiyə və Pakistan kimi aktorların formalaşdırdığı yeni əməkdaşlıq və təhlükəsizlik xətti alternativ balans yaradaraq Tehranın manevr imkanlarını daraldır. Üstəlik, İranın son illərdə region ölkələri ilə münasibətlərində ziddiyyətli davranış modeli etibarlı tərəfdaş imicini zəiflədir, bu da dövlətləri daha çox çoxşaxəli və praqmatik tərəfdaşlıqlara yönəldir”.
Siyasi şərhçinin bildirdiyinə görə, Zəngəzur və Orta Dəhliz kimi layihələrin artıq qlobal geoiqtisadi çərçivəyə daxil olması isə İranın bu prosesləri bloklama imkanlarını daha da məhdudlaşdırır: “Nəticədə, İranın müharibədən çıxması onun güclənməsi deyil, daha çox zəiflədilmiş və yeni reallıqlara uyğunlaşmağa məcbur olan aktora çevrildiyini göstərir. Cənubi Qafqazda isə balans təkqütblü üstünlükdən çox, çoxmərkəzli və rəqabətli mühit istiqamətində formalaşır”.
Röya İsrafilova