I rübdə sahibkarlara 25 mln. manata yaxın kredit verilib İqtisadiyyat

I rübdə sahibkarlara 25 mln. manata yaxın kredit verilib

Bu il aprelin 1-nə olan məlumata görə, ənənəvi zəmanət mexanizmi çərçivəsində İpoteka və Kredit Zəmanət Fondunun təqdim etdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara ümumilikdə 707,3 milyon manat, 2026-cı ilin yanvar-mart aylarında isə 23,2 milyon manat məbləğində kredit verilib.

Bu barədə "APA-Economics"ə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.

Məlumata görə, mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,8 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 saylı Fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmləri uğurla tətbiq edilməkdədir. Portfel təminatı mexanizmi çərçivəsində indiyədək 426 sahibkarın aldığı 7,1 milyon manat məbləğində kreditə 5,3 milyon manat, 2026-cı ilin birinci rübündə isə 62 sahibkarın 1,61 milyon manat məbləğində kreditləri üzrə 1,2 milyon manat həcmində zəmanət verilib. İstiqraz emissiyası üzrə öhdəliklərin təmin edilməsi mexanizmi çərçivəsində ümumilikdə 10 milyon manatlıq istiqraz buraxılışına 6 milyon manat məbləğində zəmanət təqdim edilib.