MEK-də “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş virtual sərgi hazırlanıb Cəmiyyət

MEK-də “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş virtual sərgi hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) şəhərsalma ənənələri, qədim yaşayış məskənləri, tarixi abidələr və müasir urbanistik inkişaf tendensiyalarının təbliği, eləcə də bu istiqamətdə nəşr olunmuş elmi ədəbiyyatın geniş auditoriyaya çatdırılması məqsədilə “Şəhərsalma və Memarlıq İlinə” həsr olunmuş virtual sərgi hazırlanıb.

Virtual sərgidə Ümummilli Lider Heydər Əliyevin memarlıq haqqında dəyərli fikirləri, Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı, Bakıda keçiriləcək on üçüncü Ümumdünya Şəhərsalma Forumu (WUF13), tarixi abidələr, müasir memarlığın əsas nümünələri, görkəmli memarlar haqqında məlumatlar öz əksini tapıb.

Sərgidə Azərbaycan memarlıq məktəbinin müxtəlif dövrlərini əhatə edən elmi monoqrafiyalar, ensiklopedik nəşrlər, albomlar, memarlıq tədqiqatları, şəhərsalma layihələri və tarixi-mədəni irsə dair ingilis, rus, alman, türk və başqa dillərdə dəyərli nəşrlər nümayiş olunur.

Dəyərli nəşrlər sırasında “Heydər Əliyev və Bakının memarlığı”, “Memarlıq və şəhərsalma. ensiklopedik lüğət”, “Qərbi Azərbaycan abidələri”, “Memarlıq, şəhərsalma tarixi və bərpası”, “Eurovision Bakıda”, “Stone guards (Daş keşikçilər)”, “Архитектура города Шуши”, “Deutsches erbe in der architektur von Aserbaidschan” (“Azərbaycan memarlığında alman irsi”), “Orta əsrlər Azərbaycan memarlıq məktəblərinin əlaqələri”, “Azərbaycan Memarlığı XIX əsrin sonu – XXI əsrin əvvəli”, “Mədəniyyətlərin beşiyi: Təbriz”, “Tovuz Memarlığı”, “Wars against Azerbaijan. Targeting cultural heritage”, “İçərişəhər”, “Shaki Khan Palace”, “Füzuli”, “Naxçıvan Memarlıq Məktəbi”, “Bakıda şəhərsalma XIX əsr və XX əsrin əvvəllərində”, “Baku White City 10 Years”, “Azərbaycanın memarlıq abidələri”, “Ethnocultural Heritage of Caucasian Albania”, “Şərq memarlığı ənənələri”, “Bakı Memarları” və başqaları yer alıb.

Bundan əlavə, MEK-in sərgi salonunda ənənəvi kitab sərgisi də təşkil edilib. İlboyu davam edəcək sərgi geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrlərdən memarlıq və şəhərsalma sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, müəllim və tələbələr, həmçinin milli-mədəni irsimizə maraq göstərən bütün oxucular yararlana bilərlər.

Virtual sərgi ilə aşağıdakı keçid vasitəsi ilə tanış olmaq mümkündür. https://heyzine.com/flip-book/63b769a0ec.html