“Polis-vətəndaş əməkdaşlığı vacib şərtlərdəndir” Cəmiyyət

“Polis-vətəndaş əməkdaşlığı vacib şərtlərdəndir”

“Hər bir dövlətin daxili işlər orqanları, əsasən də polis orqanları həmin dövlətin olmazsa olmazıdır. Cinayətkarlıqla mübarizədə, cinayətkarlığın statistikasının aparılmasında, o cümlədən cinayətkarlara qarşı sərt mübarizə tədbirlərinin icrasında polis öndə gedən bir təhsisatdır. Vətəndaşların polisə etimadı mütləq şəkildə olmalıdır və polis-vətəndaş qarşılıqlı əməkdaşlığı vacib şərtlərdən biridir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.

R.Süleymanov diqqətə çatdırıb ki, hər bir dövlətdə polisin qiymətinin müəyyən olunması vətəndaşının polisinə olan etimadından, inamından irəli gəlir: “Nəticə etibarı ilə bu gün polis yalnızca daxili sabitliyin zəmanətçisi kimi çıxış etmir, eyni zamanda, ölkəyə xarici basqınlar, müharibə təhdidləri olduqda mütləq qaydada aktiv hərbi əməliyyatlara da cəlb oluna bilir. Bununla bağlı kifayət qədər bizim şəhid polislərimiz var. Polisləri 2 İyul Azərbaycan Polis Günü münasibəti ilə təbrik edirəm, onlara peşə fəaliyyətlərində uğurlar diləyirəm, həmçinin cinayətkarlıqla mübarizə fəaliyyətlərində yorulmaz güc, qüvvət, səbir və əzm arzu edirəm”.

Röya İsrafilova