İranda azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb Güney Azərbaycan

İranda azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb

İranda azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın "Araznews"a istinadən verdiyi məlumata görə, Məhəmməd Xətibi üç gün saxlanıldıqdan sonra aprelin 8-də günortadan sonra ailəsinin qoyduğu 10 milyon tümən girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.
Qeyd edək ki, azərbaycanlı fəal aprelin 5-də hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz qruplar təşkil etməkdə günahlandırılaraq Təbriz Mərkəzi Həbsxanasının segane bəndinə salınıb. M.Xətibinin həbsinə səbəb kimi məhkəmənin əvvəllər qoyduğu vəsiqəni təqdim etmək gücündə olmaması göstərilib. Bundan əvvəl dəfələrlə tutulan azərbaycanlı fəal sonuncu dəfə 2013-cü ilin fevralında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşlarının Təbrizin Qolşəhr məhəlləsində yerləşən "Yanar" çay evinə basqını zamanı 45 nəfərlə birlikdə saxlanılıb. Həbs 2013-cü il fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin "Səhənd" stadionunda yerli "Traktor" komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Cəzirə" klubu arasında keçiriləcək qarşılaşma və 109 nəfər azərbaycanlı fəalın İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrini genişləndirməsinə etiraz olaraq imzaladığı müraciətlə bağlı olub. Onlardan 40 nəfəri sorğu-sual edildikdən və bir gün ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanıldıqdan sonra fevralın 25-də səhər saatlarında azadlığa buraxılıb.
Digər 5 azərbaycanlı fəal iki gün təcridxanada saxlanıldıqdan sonra fevralın 26-da axşam saatlarında zəmanətlə sərbəst buraxılıb. Lakin Təbriz Məhkəməsinin 19-cu şöbəsində keçirilən məhkəmə prosesində hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılan azərbaycanlı fəallar barəsində həbs-qətimkan tədbiri seçilərək Təbriz həbsxanasına göndəriliblər. Martın 7-də onların məhkəmə prosesi keçirilib və Təbriz Məhkəməsinin 19-cu şöbəsinin hakimi azərbaycanlı fəalların azadlığa buraxılması üçün 100 milyon tümən dəyərində mülk girovu təyin edib. Martın 12-də axşam saatlarında Mikayıl (Salar) Turi, Məhəmməd Əmiri, Məhəmməd Xətibi, Əli Sirnak və Nəcəf (Adil) Xəndan 100 milyon tümən zəmanətlə sərbəst buraxılıb. M.Turi 2013-cü il sentyabrın 16-da yenidən həbs edilib və 35 günlük həbs həyatından sonra oktyabrın 20-də 50 milyon zəmanətlə Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb. Onlar bu il fevralın 9-da Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində yenidən hakim qarşısına çıxarılsalar da, ancaq azərbaycanlı fəallara bütün ittihamlardan bəraət verilib.