Saib Təbrizinin hikmət boğçasından Güney Azərbaycan

Saib Təbrizinin hikmət boğçasından

Saib Təbrizi XVII əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsidir. 1601-ci ildə Təbriz şəhərində doğulub, ibtidai təhsilini də burada alıb. Atası Mirzə Əbdürrəhim tacir idi, məşhur təzkirəçi Nəsrabadinin yazdığına görə, dərin etibar qazanmışdı. Ata babası Şəms əd-Din Məhəmməd Təbrizi bütün Şərq dünyasında "Qələmi şirin" adı ilə tanınmış mahir xəttat olub. XVI əsrin axırlarında I Şah Təhmasibin zamanında Təbriz osmanlılar tərəfindən işğal olunur. Şəhər azad edildikdən sonra I Şah Abbas təbrizlilərin çoxunu İsfahana köçürür. Saibin atası da köçürülənlərin arasında olur. Təhsilini və poetik fəaliyyətini İsfahanda davam etdirən Saib dövrünün görkəmli alimləri Kaşi və Şəfaidən dərs alır. O, təhsilini səyahətlərdə davam etdirir. Məkkə və Mədinə ziyarətində olur, buradan da Osmanlıya gedir, ölkənin tanınmış şair və alimləri ilə tanış olur. Yenidən İsfahana qayıdan Saib burada soyuq qarşılanır, 1625-ci ildə Hindistana gedir. Kabulda olarkən oranın hökmdarı, şeir aləmində Zəfərxan təxəllüsü ilə tanınan Mirzə Əhsənulla Nəvvab Saibi əziz bir dost kimi qarşılayır, sarayında qonaq saxlayır. 1630-cu ildə Zəfərxan Saibi də özü ilə birlikdə moğol hökmdarı Şahcahanın sarayına aparır. (Şahcahan sonralar bütün dünyada arvadının şərəfinə tikdirdiyi Tac Mahal məqbərəsi ilə tanınıb.) Sarayda Saib görkəmli həkim və şair, Azərbaycan türkcəsində yazılmış məşhur "Vərqa və Gülşa" poemasının müəllifi Məsihi ilə rastlaşır. Məsihi burada şahın həkimi kimi çalışırdı. Bir çox təzkirəçilərin Məsihini Saibin tələbəsi hesab etmələrinə baxmayaraq onların dostluğu hər iki şairin yaradıcılığına müsbət təsir edir və uzun müddətli olur. Saib Məsihinin yaradıcılığını yüksək qiymətləndirir və onun ölümündən sonra dostunun "Divan"ının ilk tərtibçilərindən olur. Təzkirəçi Mirzə Tahir Nəsrabadinin yazdığına görə, Saibin evində Məsihinin on "Divan"ı varmış.
Saibin atası onun dalınca Hindistana gəlir, İsfahana aparmaq üçün icazə istəyir. 1633-cü ildə artıq Kəşmir hökmdarı olan Zəfərxan Sahibin vətənə dönmək arzusunu yerinə yetirir. Lakin bir sıra səbəblər ucundan şair İsfahanda çox duruş gətirə bilmir, yenə səyahətə yollanır.
Məşhəd, Qum, Qəzvin, Yəzd, Ərdəbil şəhərlərini gəzərək yenidən İsfahana dönür. Bu dəfə II Şah Abbas (1642-1666) şairi ehtiramla qarşılayır və sarayına dəvət edir. Saib sarayda məlik-üş-şüəra ("şairlərin başçısı") olur. Burada lirik qəzəllər və qəsidələr yaradır.
Şah Süleyman (1666-1694) hakimiyyətə gəldikdən sonra sarayda Saibə münasibət pisləşir, o, sarayı tərk edir. Ömrünün son on ilini öz əsərlərinin sistemləşdirilməsinə və qaydaya salınmasına həsr edir. O, öz şeirlərini mövzular üzrə ayıraraq, "Miratül-camal", "Arayişe-nigar" və "Vacibül-hifz" adlı toplular təşkil edir.
Tədqiqatçılar hesab edirlər ki, onun irsi təqribən 300 min beyt təşkil edib. Məhəmmədəli Tərbiyət "Azərbaycanın görkəmli adamları" kitabında yazır ki, Saibin 120 min beytlik "Divan"ını (poemaları daxil olmadan) gözü ilə görüb. S.Təbrizi 1677-ci ildə İsfahan şəhərində vəfat edib, orada da dəfn edilib.
S.Təbrizinin yaradıcılığında təsəvvüfü bədii özünüifadə vasitəsi kimi tədqiq edən araşdırmaçı S.Qocayeva bildirir ki, o, dövrünün fikri axınlarına yaxından bələd olub, sufiliyin mənəvi kamilliklə bağlı müddəalarından bədii özünüifadə vasitəsi kimi bəhrələnərək yaradıcılığında bəşəri ideyaları əks etdirib: "Saib Təbrizi "hind üslubu"nda yazıb-yaradıb. İnsanın daim olub-keçənlərdən, təbiətdə baş verənlərdən ibrət almasının vacibliyi Saib yaradıcılığında xüsusi vurğulanıb, şair şeirdə mənaya dəyər verib. Güclü müşahidə qabiliyyətinə sahib olan ustad təbiəti sevməklə yanaşı, təbiətdə baş verən hadisələri diqqətdən qaçırmayıb, düşüncələrini oxucusuna daha aydın çatdırmaq üçün təbiət hadisələrinə müraciət edib. Lirik parçalarından birində baharın gözəlliklərindən vəcdə gələrək düşüncələrə dalan şair təbiətdə baş verənlər fonunda həyat həqiqətlərini görməyə səsləyir: "Gül tufanına, baharın coşğunluğuna baxın. Baxın ki, günəş nə qədər fəaliyyətlə doludur. Gözləri qamaşdıran bu aynalar hansı ayinədarın əlindədir. Görün, gül, yaşıllıq axar su pərdəsi ardında oturub. Bu yaşıl qumaşda Ayı görün. Baxın, o düzgün boylu ilə qucaq-qucağa olmaq şövqündən güllər ətrafa qucaq açıb. Xəttatın xəttini oxumaqla kifayətlənməyin, yarın xəttinin arxasında gizlənən gözəlliyi də görün. Cahanın mahiyyətində bu bir rayihədir, qoxlayın. Cahandakı bu gözəlliyi görün. Kirpiklərinizi açıb, dilinizi bağlayın. Üfüqlərin yarın cilvəsilə dolu olduğunu görün. Atəşi görəcək gözünüz yoxsa, barı baharın mahiyyətindəki qaynaşmanı görün".
Süfilər nəfsin cisimlə ruh arasında vasitə olduğunu yaxşı bilir və onun tamamilə məhvinin qeyri-mümkün olduğunu anlayırdılar. Saib Təbrizi elə buna görə də nəfsi saflaşdırmaqla (tərbiyə etməklə) maddiliklə bağlı nəfsani arzulardan xilas olmağı təqdir edir. Çünki insanı haqq yoldan sapdıran nəfsin maddiliklə bağlı arzularıdır.
"Nəfsin sənin əlində əsir və aciz ikən ona mərhəmət edib də arzularını gerçəkləşdirməyə çalışma! Zira sən ona nə qədər yaxşılıq etsən də o, daima səni təhlükəli yollara sövq edər. Sən onu tərbiyə edərək öldürməyə çalış!" - deyə bəşərə müraciət edən Saib Təbrizi öz fikrini məntiqi baxımdan da isbatlamaq məqsədilə məşhur atalar sözünü xatırladır: "Sahibinin və tanıdıqlarının ayağını dişləyən köpək öldürülməyə layiqdir".
Əzəli və əbədi olan ruh pak olsa da, bədənin maddi və fiziki tələbatları onu korlayır, "çirkli dünya işlərinə bulaşdırır". Ruh ilk yaradılış bağçasındakı günlərini yada salaraq öz əslinə qayıtmağı arzulayır: "Ah o günlər ki, təcrid iqlimində və ələst bağçasında öz başımın sultanı idim. Bilmirəm nə etdim, nə günahım vardı ki, bu bədən zindanına düşüb də çirkli dünya işlərinə bulaşdım".
Saibə görə, kamil insan o şəxsdir ki, qarışıq torpaqda da həqiqət cövhərini və mərifətini görə bilsin. Şair yenə də təbiətə müraciət edərək bildirir ki, Ayın suyun üzərindəki əksini uşaqlar belə çətinlik çəkmədən görə bilirlər".
Araşdırmaçı daha sonra vurğulayır ki, Saib Təbrizi ölümdən qorxmurdu, çünki bütün ömrünü insanlığa xidmətə sərf etmiş, öz ideyalar silsiləsilə bədii təfəkkürü zənginləşdirmişdi: "İnsanlarla xoş davranmış, ürək sındırmamışdı. Saibə görə, "Həşr sabahından ən çox qorxanlar xarakter və vicdanlarından, əməllərindən şübhəsi olanlardır. Çünki hesabı təmiz olanlar hesab günündən qorxmaz. Necə ki, çirkin olanlar aynaya baxdıqları zaman üzülər və utanar"...
Təsəvvüfdə mürşid-piri muğan salikə mənəvi yol göstərəndir ki, onun köməyilə insan qəlbinə ilahi feyz və nur nazil olur. Əgər Şah İsmayıl Xətayi "Mürşidsiz, rəhbərsiz yollar açılmaz" deyirsə, Saib dirilik suyu ilə bağlı rəvayətə eyham edərək, həqiqətə yetmək istəyən insanın son məqsədə çatmasını qismətə və həmin şəxsin mətinliyinə, iradəsinə, mənəvi saflığına, bir sözlə, öz cəhdinə və səyinə bağlayır. Saib Təbrizinin böyük sələfi Ş.Sührəvərdi tərki-dünyalığa meyl etməyib, bu fikirdə olub ki, "Allaha qovuşmaq, əbədiyyətə çatmaq yalnız öldükdən sonra mümkündür. Bunun üçün isə heç də həyatın nemətlərindən əl çəkib tərki-dünyalığa qapılmaq lazım deyil".
Saib də bu dünyanın şan-şöhrətinə, sərvətə aludə olmamağa çağırmaqla yanaşı tərki-dünyalığı təqdir etməyib. Həqiqi dostlarla ünsiyyətdə olmağı daim tənha bir küncə çəkilərək dua və ibadətlə məşğul olmaqdan üstün tutub. Saibə görə, insan fəal olmalı, durmadan bəşərə xidmət göstərməlidir. Həmcinslərin mənəviyyatına təsir göstərərək onları haqq yola dəvət etmək, cəmiyyət üçün faydalı bir işlə məşğul olmaq, bilik və bacarığı xeyirxah əməllərə yönəltmək tərki-dünyalıqdan dəyərlidir. Kamilliyə çatmaq üçün heç də tərki-dünyalıq əsas deyil. Bu da M.Məhəmmədinin belə bir fikrinə haqq qazandırmağa əsas verir ki, "sufizm bir çox başqa sənətkarlardan fərqli olaraq, Saibi həyatdan uzaqlaşdırmır, əksinə, gerçəkliyə aydın və kəskin münasibətin formalaşmasına kömək edir". Saib bu baxımdan qəlbin həqiqətlərini duymada birinciliyi "eşq"ə verir. Ağıl xilqət və yaradılandır. Saib də sələfi Füzuli kimi, Allahı əqli dərk etməni qəbul etməsə də duyğular vasitəsilə belə bir səviyyəyə yüksəlmənin mümkünlüyünə inanır. Biz dünyanı ağıl vasitəsilə öyrənirik. Təsəvvüfdə birinci mərhələ elmdir ki, ağıl elmin başlanğıcı sayılır. Saib hikmətlərindən birinə nəzər salaq: "Ağıl ilə bir küçə boyu məsafəyə qədər yol yoldaşı oldum. Dəli tikanlarından ətəyim parça-parça oldu".
Təsəvvüfdəki ağıl-qəlb qarşılaşması Saib yaradıcılığında da özünə yer alıb. Sufilər qəlb dedikdə heç də insan bədəninin ən vacib orqanı sayılan ürəyi nəzərdə tutmurlar. Ürək cismlə, yəni maddiliklə bağlıdırsa, qəlb düşüncə, şüur, idrak və mənəvi aləmimizin mərkəzi sayılır ki, insanın axtardığı həqiqət burada əks olunub. Türk alimlərinin fikrincə, qəlblə ürək arasında cismlə ruhun bir-birinə münasibətinə bənzər sirli bir münasibət vardır ki, elm bunu açıqlamaqda acizdir.
Sufilərə görə, məhz eşqin yüksəlişi ilə nəfsi paklaşdırmaq, həqiqətə - son məqsədə gedən yolda maneələri yox etmək mümkündür. İnsanın öz "mən"ini dəf etməsində eşq əsas vasitədir".
Araşdırmaçının fikrincə, Saib yaradıcılığında ağıl – eşq qarşılaşması onun sufizmə dərindən bələd olduğundan xəbər verir: "Sufilərə görə, qəlb inamına əsaslanmayan ağıl hiylə alətinə çevrilir. Saib yazır: "Hiyləgər ağlın tədbiri eşqin nəyinə gərəkdir? Aslan tülkü quyruğundan yapılmış əsadan istifadə edərmi heç?"
Göründüyü kimi, şair birinci misradakı mülahizəsinə oxucusunu inandırmaq məqsədilə ikinci misrada maraqlı bənzətmələr təqdim edir. "Eşq" türklərdə müqəddəs sayılan, güc rəmzi olan aslana, hiylə və mərk alətinə çevrilmiş ağılsa, hiyləgərliyi ilə məşhur olan tülkünün quyruğundan hazırlanmış əsaya bənzədilir. M.C.Rumi yaradıcılığına diqqət yetirək. Rumi bu fikirdə idi ki, "Haqqın camal sifətlərini bəsirət gözü ilə görməyən adam kordur, onun üçün əsa çıraqdan üstündür". Saib də ağılı yarasaya, eşqi günəşə bənzədir. O, ağıl əhli ilə eşqdən danışmağı mənasız sayaraq bəyan edir ki, sağlamlıq və gözəllik üçün əhəmiyyətli olan sürməni kor gözə çəkmək olmaz. Saibin bu fikirlərində təsəvvüfün və Mövlananın təsiri aydın duyulur. Öz hikmətləri ilə Saib insanları qəflət yuxusundan ayıltmağa can atır".

Uğur