Güney Azərbaycanda 1989-1997-ci illərdə ziyalıların fəaliyyəti Güney Azərbaycan

Güney Azərbaycanda 1989-1997-ci illərdə ziyalıların fəaliyyəti

1-ci yazı
80-ci illərin sonu və 90-cı illərin əvvəllərində dünyada və regionda gedən geosiyasi proseslər cənubi azərbaycanlı ziyalıların ana dili uğrunda mübarizəsinə, milli-maarifçilik fəaliyyətinə təkan verən müsbət impuls oldu. Əgər 1920-ci illərdən 1991-ci ilə kimi cənubi azərbaycanlıların dil və mədəni haqlar uğrundakı mübarizəsi əsasən avtonom şəkildə gedirdisə, bəhs olunan mərhələdən etibarən bu mübarizə artıq Şimali Azərbaycan faktoru olmadan təsəvvür edilmir.
İranda cənubi azərbaycanlıların dil və milli haqlar uğrunda mübarizəsi Cənubi Azərbaycanı Şimali Azərbaycana əhəmiyyətli dərəcədə yaxınlaşdırdı. Azərbaycan Respublikasının müstəqillik qazanması, Türkiyə və Bakı kanallarının izlənilməsi azərbaycanlılar arasında milli mənsubiyyət məsələsini aktuallaşdırdı və milli kimliyin əsas ünsürü olan ana dilinə böyük ehtiyacın olduğunu onlara hiss etdirdi. Ziyalıların Azərbaycan tarixi, dili, milli kimliyi barədə araşdırmaları ana dildə ədəbiyyat böhranını qismən də olsa aradan qaldırırdı. Doktor M.T.Zehtabinin "Azərbaycan Türkçəsinin Morfolojisi", "Türkçənin Leksikolojisi", "Türkçənin Sentaksi si", "Ana Dili Bilgisi", dilçi alim Əli Hüseynzadə Daşqının "Türkcə-Farsca sözlük", "Farsca-Türkcə sözlük", "Farsca-Türkcə danışıq dili", "Türkcə Dilbilgisi", "Dil və Dilçilik", "Dilin iç üzü", İbrahim Rəfrəfin "Ana dili", "Türk dili dərs ocağı" adlı kitabları cənubi azərbaycanlıların türk dilini öyrənməsi üçün böyük əhəmiyyətli nəşrlər kimi qiymətləndirilməlidir. Belə kitabların nəşrinin artırılmasına ehtiyac əvvəllərdə olduğu kimi təkcə ziyalıların deyil, sadə insanların da ana dilinə maraqlarından irəli gəlirdi.
Bu mərhələdə ziyalıların müntəzəm, qarşılıqlı faydalı fəaliyyət göstərmələri üçün vahid mərkəz ətrafında birləşməsinə meylin artması müşahidə olunur. 1991-ci ildə Təbrizdə azərbaycanlı milli ziyalılar (Dr. M.Zehtabi, Rza Sərraf, Rza Qəffari, Yaqub Takavi, Səməd Sərdariniya və s.) tərəfindən qurulmuş Azərbaycan Mədəniyyət və Kültür Ocağı (AMKO) belə təsisatlardan idi. Qurum Azərbaycan dili, tarixi, mədəniyyəti ilə bağlı seminarlar keçirir, türkcə kitabların tanıdılması və təbliğində yaxından iştirak edirdi. Dr. Məhəmmədtağı Zehtabi və Rəhim Cavadbəylinin təşkilatçılığı ilə 1993-cü ildə Təbrizdə türk dilində yazılmış "Gəlin təbiəti təmizləyək" şüarı ilə aksiya keçirilməyə başlandı. Xalqın daha sıx cəmləşdiyi yerlərə, əsasən, Aynalı dağa, Şirincə və Yam kimi istirahət parklarına gedib təmizlik işləri aparmaqda əsas məqsəd cəmiyyətə yol açmaqla türklük və milli kimliklə bağlı düşüncələri paylaşmaq, bildirişlər yaymaqla xalqı maarifləndirmək idi. 1996-cı ildə M.Çöhrəqanlı və R.Cavadbəyli tərəfindən yaradılan Milli Hərəkat Quruluşu çox az müddət fəaliyyət göstərdikdən sonra Milli İslami Hərəkat və onun ardınca da Azərbaycan Milli Azadlıq Cəbhəsi yaradıldı. Lakin İranda mövcud olan siyasi vəziyyətin təsiri altında bu təşkilatların mövcudluğu yalnız epizodik xarakterli oldu.
Qeyd olunan dövrdə ana dilindən istifadə hüququ uğrunda mübarizədə cənubi azərbaycanlı tələbələrin xüsusi fəallığı diqqəti çəkir. Azərbaycanlı tələbələrin milli hüquqlar uğrunda mübarizəyə qoşulması, əsasən, İran-İraq müharibəsindən sonraya təsadüf edir ki, həmin dövrdə dövlətin siyasətində farsçılıq meyillərinin güclənməsi müşahidə olunurdu. İranın hakim rejiminin azərbaycanlıların milli hisslərinə etinasızlıq göstərməsi, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili siyasət yeritməsi, islam qardaşlığı prinsipinə məhəl qoymadan Ermənistana hərtərəfli yardımı cənubi azərbaycanlı tələbələrin fəallaşmasına bilavasitə təkan vermişdi.
1990-cı illərin əvvəllərində Azərbaycanlı tələbələrin mübarizəsinə Şimali Azərbaycandakı hadisələrin və dünyadakı ictimai-siyasi proseslərin ciddi təsiri var idi. Tələbələr cənubi azərbaycanlıların mübarizəsinə yeni keyfiyyət və dinamika, milli məsələyə daha fərqli yanaşma metodu gətirmişdilər. Dünyada və regionda gedən mövcud proseslər onların ana dili, milli kimlik, milli mədəniyyət anlayışlarına münasibətini daha da cilalayıb duruldur, problemin həllinin beynəlxalq prinsiplərini araşdırmağa sövq edirdi. 1948-ci il İnsan Hüquqları Bəyannaməsi, Milli Azadlıqların Hüquqları Haqqında 1960-cı il Bəyannaməsi, Beynəlxalq Ana Dili Günü (21 fevral) və s. sənədlərlə tanışlıq tələbələrə öz fəaliyyətlərini genişləndirməyə hüquqi əsaslar verirdi. Tələbələr ilk əvvəllər İran Konstitusiyasının 15-ci maddəsində təsbit olunmuş hüquqların reallaşdırılmasını tələb etsələr də, sonrakı inkişaf prosesində əsas qanunun 19 və 48-ci maddələrinin də həyata keçirilməsi tələbi ilə çıxış etməyə başladılar. 19 və 48-ci maddələrin yerinə yetirilməsi tələbinin tələbələr tərəfindən açıq şəkildə və davamlı olaraq irəli sürülməsi gənc nəslin milli hərəkatda daha qabaqcıl mövqe tutduğunu, eyni zamanda o vaxtadək milli hərəkatın bütövlükdə zəifliyini göstərirdi.
1991-ci ildə Təbriz Universitetinin "Vəhdət" sarayında Nizami Gəncəvinin 900 illik yubileyi keçirilərkən azərbaycanlı ziyalılar və tələbələr şairin timsalında milli kimlik məsələləri mövzusunda çıxışlar etmiş, türkçülük məsələləri qabardılmışdı. 1992-ci ilin sentyabr ayında Təbrizdə həm cənubi azərbaycanlı ziyalıların, eyni zamanda Şərqi Azərbaycan vilayətinin valisi Əbdül Əlizadənin həm də Azərbaycan Respublikasından gələn dilçi alimlərin qatıldığı dilçilik seminarı keçirilir.
1993-cü il aprelin 13-də Tehran Universitetinin məscidində keçirilən Qarabağ şəhidlərini anım mərasimi Tehranda yaşayan azərbaycanlıların on minə yaxın adamın iştirak etdiyi izdihamlı nümayişinə çevrildi. Tehranın mərkəzindəki İnqilab küçəsində keçirilən icazəsiz aksiyada Ermənistanın cinayətkar siyasətinə nifrət bildirməklə yanaşı, Azərbaycan adının Ərdəbil ostanının üzərindən götürülməsi ilə bağlı İran rejiminin qərarına etiraz etmişdilər. Bu hadisələrin ardınca may ayında Təbriz Universitetinin tələbələri "Ölüm olsun erməni daşnaklarına, Qarabağda qan axır, təbrizli gendən baxır, Qarabağda qan axır, öyrənci gendən baxır" şüarları altında etiraz mitinqləri keçirmişdilər. Bu hadisələr tələbələrin öz milli varlığına bağlılığını əks etdirir.
İranda hakim rejiminin ideoloji, ictimai-publisistik sahədə etdiyi "yenilik" "azəri" terminini yenidən gündəmə gətirməsi oldu. Azəri qövmüetnosuxalqı, azəri türkcəsi, azəri dili, azəri kimliyi terminləri daha çox işlədilməyə başlandı. Etnosun adının dəyişdirilməsi ilə yanaşı, rəsmi, yarımrəsmi mediada və qurumlarda şovinist mövqeyi ilə seçilən dairələr yenidən türklərə qarşı təhqiramiz münasibət sərgiləməyə başladılar. 1995-ci ilin may ayında İran Televiziya və Radio Şirkəti tərəfindən azərbaycanlıların heysiyyətini alçaldan anket-sorğuda türklər qeyri-adi məxluqlar kimi təqdim olunmuş, onlarla birgə yaşamaq və ailə qurmaq məsələsi ictimai müzakirə predmetinə çevrilmişdi. 2000-ci ildə İran Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunmuş bir kitabda türk sözünün mənası "əl-üzünü yumayan", "tərli və namaz qılmayan" kimi verilmişdi. Belə hadisələr sonrakı illərdə zaman-zaman təkrarlanır. Hakim rejimin bu cür reaksiyası hərəkatı zəiflətmədi, əksinə, onun bumeranq təsiri Milli hərəkatda türkçülük elementinin daha da güclənməsi ilə nəticələndi.
1993-cü ildə Urmiyyə Universitetinin tələbələri İran mediasında türkləri təhqir edən verilişlərə etiraz olaraq keçirdikləri nümayişlərdə yerli televiziyada türk dilində hazırlanan proqramların vaxtının artırılması, ana dilinin orta məktəblərdə və universitetlərdə tədrisini tələb etdilər. 1995-ci ilin mayın 9-da Təbriz Universitetinin tələbələri universitetin ərazisində yuxarıda qeyd olunan sorğuya qarşı etiraz nümayişi keçirmiş, prezidentə, məclis deputatlarına, Azərbaycan, Zəncan və Ərdəbil ostanlıqlarına, imam-cümələrinə məktub yazaraq Təbriz Universitetində Azərbaycan dili bölməsinin yaradılmasını himayə etməyi və sorğunun tənqidi tələbini irəli sürmüşdülər. Tehran Universitetinin azərbaycanlı tələbələrinin İslam Şura Məclisinin Azərbaycandan seçilmiş nümayəndələrinə göndərdikləri 5 bəndlik müraciətdə tələblər əsasən aşağıdakılardan ibarət idi: Dövlət Televiziya və Radio Şirkətinin türklərə münasibətdə təhqiredici və aşağılayıcı verilişlərinə Azərbaycandan olan məclis nümayəndələrinin cavab verməsinin vacibliyi; Mövcud Əsas Qanunun 15-ci maddəsinə uyğun olaraq "27 milyonluq iranlının dili olan türkcənin" məktəblərdə tədrisi və ikidilli təhsilə keçid məsələsi; Yeni yaranmış ostanın adında "Azərbaycan" sözünün olmaması və "Ərdəbil ostanı" adının dəyişdirilməsinin vacibliyi; Azərbaycanın iqtisadi və başqa sahələrdə getdikcə geriləməsi; Dövlət Televiziya və Radio Şirkətinin Təbriz, Urmiyyə, Zəncan, Ərdəbil və Həmədan mərkəzlərində türk dilində verilişlərin təşkili.
Müraciətin sonunda bu məsələlərin milli qüvvələr tərəfindən dəfələrlə qaldırıldığına baxmayaraq, hələ də həll edilmədiyi vurğulanırdı. Həmin anket-sorğusu ilə bağlı cənubi azərbaycanlı şairlər, yazıçılar və incəsənət xadimlərinin İranın bütün dövlət orqanlarına göndərdiyi etiraz məktubunda deyilirdi: "Hüquq orqanlarının məsullarından, möhtərəm millət vəkillərindən və hakimiyyətdən bu işə tezliklə yetişib belə bir anketləri hazırlayıb və yayanları məhkəmələrə cəlb edib onlarla qanuni rəftar etmələrini, qəhrəman türkdilli millətin ruhiyyəsinin zəifləməsinə səbəb olan bu alçaq hərəkəti qınamalarını istəyirik. Eyni zamanda tələbələrin istəklərini himayə edib Ana Yasanın 15-ci maddəsinin icrasını tələb edirik". Bu sorğuya qarşı Tehranda və Təbrizdə olan kütləvi çıxışlar və yazılı etirazlar anket-sorğunun Şərqi Azərbaycanda yarımçıq saxlanması və mərkəzi hökumətin geri çəkilməsi ilə nəticələnmişdi. Həmin hadisədən sonra Ərdəbil Universitetində Azərbaycan dilinin tədrisinə razılıq verilmişdi. Ancaq bu yeniliklər ara-sıra baş verir və uzunömürlü olmurdu. Əslində hökumətin sözügedən siyasəti bir tərəfdən azərbaycanlılarla farslar arasında ziddiyyət yaratmaqla ölkədə millətlərarası münasibətləri gərginləşdirir, digər tərəfdən isə xalqların öz milli kimliklərinə daha möhkəm bağlanması və rejimə qarşı kütləvi şəkildə etirazların yaranmasına səbəb olurdu.

Yeganə Hacıyeva