Festivallar festivalında Azərbaycan da təmsil olunacaq Güney Azərbaycan

Festivallar festivalında Azərbaycan da təmsil olunacaq

Mayın 25-dən 28-dək Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin "LiFFt-2018" ədəbiyyat üzrə üçüncü festivallar festivalı keçiriləcək. 30-dan çox ölkədən nümayəndələrin qatılacağı bu nüfuzlu festivalın proqramında böyük ədəbiyyat forumu, müxtəlif müsabiqələr, "dəyirmi masa"lar, ustad dərsləri, seminarlar, sərgilər, kitab təqdimatları və kitab yarmarkaları yer alacaq. Həmçinin festival iştirakçıları üçün maraqlı mədəni proqramı, əyləncəli idman yarışları təşkil olunacaq.
Festivalın zəngin ekskursiya proqramı da var. İştirakçılar Soçinin məşhur çimərliyi, tarixi və müasir memarlıq inciləri, ədəbi məkanları ilə yanaşı, futbol üzrə dünya çempionatı oyunlarının keçiriləcəyi şəhər stadionuna getmək, habelə indiyədək futbol üzrə dünya və Avropa çempionatları, olimpiya oyunları finallarında oynanılan, üstündə çempionların avtoqrafları həkk olunmuş toplardan ibarət nadir Top muzeyini görmək şansı qazanacaqlar.
Bu il ilk dəfə Avrasiya festivallar festivalında Azərbaycanın və qardaş Türkiyənin də yazarları iştirak edəcəklər. Azərbaycan festivalda yazıçı Varislə, Türkiyə isə şair Serhat Kabaklı ilə təmsil olunacaq. Festivalın laureatı qızıl, vitse-laureatlar gümüş medallar və qiymətli hədiyyələrlə təltif olunacaq, qırmızı xalça üzərindən keçəcəklər. Festivalın laureatı həm də əsərlərinin külliyyatının böyük tirajla dərci üçün nəşriyyat müqaviləsi əldə edəcək. Bütün digər iştirakçılara fəxri diplomlar və sertifikatlar veriləcək. Festivalın açılış və bağlanış mərasimləri tanınmış incəsənət ustalarının iştirakı ilə qeyd olunacaq, hər iki mərasimdən sonra iştirakçıların şərəfinə ziyafət veriləcək. Festivalın işini Rusiyanın aparıcı mediası, eləcə də materikin bir neçə ölkəsindən gəlmiş jurnalistlər işıqlandıracaqlar.
Xatırladaq ki, əvvəlki iki "LiFFt" festivallar festivalının qalıbləri Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) olub.