Qəzvin Şəhər Şurasının başçısı tutuqlanıb Güney Azərbaycan

Qəzvin Şəhər Şurasının başçısı tutuqlanıb

Hikmətullah Davudi martın 14-də həbs saxlanılıb.

Onun girov qarşılığında azadlığa buraxılması barədə yayılan məlumata açıqlama gətirən Qəzvin əyalətinin prokroru mətbuata verdiyi açıqlamada “Qəzvin Şəhər Şurasının sədri bəzi qanun pozuntularına görə həbs olundu və müttəhimin girov müqabilində sərbəst buraxılması barədə yayılan xəbərlər doğru deyil, o həbsdədir” deyib.

“TASNİM” informasiya agentliyinin verdiyi xəbərə görə, Qəzvin Şəhər Şurasının üzvü Fərəcullah Fəsihi Raməndi də məsələyə münasibət bildirib.

O, Davudinin Şəhər Şurası xaricindəki fəaliyyətləri ilə bağlı saxlanıldığını söyləyib.

Yayılan məlumatlara görə, Qəzvin Şəhər Şurasının rəisi “Əndişə” şəhərciyindəki mülki qanun pozuntuları ilə bağlı tutuqlanıb. Belə ki, şəhərciyin sakinlərinə tikinti icazəsi verilməyib. Onlar məsələnin həlli ilə bağlı Məhkəmə başçısı İbrahim Rəisi ilə görüşmək istədiklərini bildiriblər.

Qeyd edək ki, son aylar İranda , özəlliklə Azərbaycan əyalətlərində korrupsiya ilə bağlı həbslər artıb. Urmu, Soyuqbulaq, Azərşəhr, Marağa və Tikantəpə şəhərlərində Şəhər Şurası və Bələdiyyə məsullarının bir neçəsi təhlükəsizlik və kəşfiyyat idarəsinin məmurları tərəfindən həbs edilib.

Gunaz.tv