“Azərbaycan”  qəzetinin səhifələrində  - 93-cü yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 93-cü yazı

Qafar Herisçi (Kəndli): “Xalqımız öz müxtariyyətini hifz edəcəkdir!”

Qara buludlar çəkildi və hava işıqlandı. Səadət ulduzu vətənizimizi on dörd gecəlik ay kimi işıqlandırmağa başladı, toz tutmuş və qubar basmış ölkəmiz indi çiçəklənir, hər zad, hər şeyin deyəsən, üzlərinə zinət vurublar. Mübarizəmiz axırda müsbət nəticəyə çatıb, indi doğma vətənimizdə cinayətkarlardan əsər qalmayıbdır. Lakin yenə mübarizəmizin davamı olacaq, ölkəmizin sərhədləri fəth olunmaz səngərlərə çevrilib və fədai qardaşlarımız silaha sarılıb vətənin mühafizəsi və müdafiəsindən ötrü səngərlərində gecə-gündüz hazırdırlar. Hətta xırda və yaşları az kəndlilər öz silahlarını əkin işləri ilə məşğul olanda da öz yanlarından uzaq qoymurlar. Belə olmalıdır, gərək də belə olsun. Bizi mürtəcelərin və muxtariyyətimizin düşmənlərinin fırıldaqları və yalançı sözləri, vədə və əhdləri heç bir vaxt aldatmayıb və aldada bilməz. Bu bir həqiqtədir ki, irtica qan ilə qidalanıb yetişib. Artıq o, qan tökmək istəmir və göz yaşı tələb edir. Lakin bu dəfə o, göz yaşı əvəzinə əgər lazım gələrsə, bizim tüfənglərimizin süngülərinə rast gələcək. Qoy bizim ölkəmizin sakit dəryasını təlatümə gətirənlər eşidib və bilsinlər ki, bu tufanın və bu təlatümün onlara ziyandan başqa mənfəəti olmayacaq və olub-qalan arzularını da öz əlləri ilə aparacaqlar. Dövlətimiz bu az müddətdə çox çətinliklərdən və imtahanlardan çıxıbdır, xırda uşaqların və dul arvadların naləsindən ləzzət aparanlar bilsinlər ki, biz qana qan, yumruğa yumruq ilə cavab verəcəyik. Əliboş, yumruq gücü ilə jandarmaları Azərbaycandan qovan kəndliləri və zəhmətkeşləri bu təkamüldən sonra diz çökməyə vadar etmək istəyən tiryəkiləri biz görürük. Axı indi bizim ölkəmizdə tiryək yoxdur. Sizin əlinizdə olan vafur (tiryəki yandırıb tüstüsünü orqanizmə daxil etmək üçün qəlyana bənzər bir alət – red.) əvəzinə indi xalqımız əlinə silah alıbdır. Artıq biz aldığımız azadlıqdan əl götürməyib və tutduğumuz yoldan qayıtmayacağıq. Ya azad yaşamaq, ya iftixar ilə ölkəmək!
Qoy bu həqiqətdən gələn səs, bu beş milyonluq xalqın ürəyindən qalxan nərə bütün dünyanın qulağına yetişsin, hamı anlasın ki, Asiyanın bir guşəsində azadlıq alan beş milyonun qərarı budur.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 182, 25.04.1946
***
Təbriz fabriklərində savadlanmaq üçün kurs açılmışdır

Təbrizdəki “Mümtaz”, “Təvəkkülü” kibrit, “Xosrəvi”, “Gün” və “Kəlküttəçi” iplik fabriklərində savadsızlığı ləğv etmək üçün savadlanma kursları açılmışdır. Bu kurslarda 500 nəfərdən artıq adam təhsil almaqdadır.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 182, 25.04.1946

***

Səməd Səbahi: “Hərbi təlimi dərindən öyrənmək qalib gəlmək deməkdir”

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin firqə üzvlərinin hərbləşməsi haqqındakı tarixi çağırışından hələ bir o qədər keçməmişdir. Bu tarixi çağırış bütün firqə üzvlərimiz tərəfindən alqışlandı.
Bütün firqə üzvlərinin bir nəfər kimi firqəmizin tarixi çağırışına qoşulmaları firqə nizam-intizamımızın möhkəmliyini və firqə üzvlərinin milli muxtariyyətimizə bəslədikləri coşğun marağı bir daha sübut etdi.
İndi hər gün yüzlərlə firqə üzvləri böyük zövq və həvəslə Milli meydana gedərək hərbi təlim almaq üçün diqqətəlayiq canfəşanlıqlar göstərirlər.
Şahidi olduğum bir təlim məşqi haqqında yazmağı özümə milli şərəf bilirəm. Bazar günü aprel ayının 21-dir. Dan yeri sökülür. Həmişə sükuta qərq olmuş qocaman Təbrizin dar küçələri ilə firqəçilər axışaraq 5-ci homəyə (rayon komitəsinə - red.) toplaşırlar.
Yenicə hərbi təlim öyrənməyə başlamış firqə üzvləri saf yoldaşlıq əlaqəsinin ifadəsi olaraq qürurla bir-birilərini hərbi salamla qarsalayırlar. Saat 17.30-da Təbrizin keçmiş Səttarxan xiyabanı ilə zəfər mahnıları ilə addımlayan firqə üzvlərinin kökslərində pərvanə tək çırpınan pak qəlbləri yaz səhərinin oynaq şüalarının müşayəti ilə dilək və arzularla çiçəklənir. Hamının qəlbi bir vurur. Hamının qəlbində yeganə müqəddəs bir duyğu çiçəklənir. Çiçəklənən bu müqəddəs duyğu və ölməz ideal vətən və azadlıq duyğusudur!
Məni yaşadan, həyata bağlayan bu duyğular olmuşdur. Muxtariyyətimizin qurulması ilə vətənimizdə çiçəklənən, yeni həyat eşqi ilə nəfəs alan xalqımız bütün şanlı tarixi boyu vətənimizin yadelli işğalçıların basqısından mühafizə edilməsini şərəf bilmişlər. Məhz buna görədir ki, ulu babalarımızın şanlı ənənələrinə sadiq qalmış firqəçilərimiz müqəddəs vətənimizin və milli muxtariyyətimizin mühafizə və müdafiə edilməsi uğrunda sinələrini vətənimizə sipər etmək vəzifələrini şərəflə yerinə yetirilər.
Saat 18.00 tamamda geniş Milli meydanın hər tərəfində hərbi təlim keçirilməyə başlandı.
“Bir, iki, üç, dörd, sol” komandaları ilə seçilmiş qoşun hissələrini andıran firqəçilər qürurla addımlayırlar.
Yoldan ötənlər ixtiyarsız olaraq dayanır, firqəçilərin keşdiyi hərbi təlimə diqqətlə tamaşa edirlər. Yoldan ötənləri əyləndirən, Milli meydana bağlayan nədir? Çünki damarlarında pak və saf azərbaycanlı qanı təlatüm edən xalqımız da firqəmizin bu tarixi çağırışında iştirak etməyi, silaha sarılmağı özlərinə milli şərəf bilirlər. Onlar da firqəçilərimiz ilə vahid cəbhədə olmaq, vətən və xalqımızın azadlığı uğrunda sinələrini sipər etməyi, namuslu bir vətənpərvərlik şərəfinə nail olmağı özlərinə ideal bilirlər.
Buna görədir ki, onlar saatlarla meydançanın kənarında dayanıb firqə üzvlərinin keçdiyi təlimləri diqqətlə izləyir və öyrənirlər. Hər gün Milli meydanda keçirilərn hərbi təlim milli bayrama, böyük təntənəyə çevrilir. Yalnız hərbi meydanda deyil, bütün zavod və fabriklərdə, idarələrdə, məktəblərdə, müəssisələrdə, bir sözlə hər ailədə belə “bir, iki, sol, sağ”, - deyə hərbi təlim öyrəndiyinə təsadüf edilir.
İndi xalqımız bütün zövqünü xalq qoşunumuzdan və hərbi təlimlə məşğul olan firqəçilərimizdən alır. Çünki vətənimizin və azadlığımızın keşiyində durmaq, odlar yurdunu hər cür təhlükədən qorumaq şərəfi bizə nəsib olmuşdur.
Firqə üzvlərinin və xalqımızın milli muxtariyyətimizə olan bu coşğun marağı vətən və azadlığımız olan bu məhəbbəti ancaq nəcib və igid Azərbaycan xalqına xas olan gözəl bir xüsusiyyətdir. Firqə üzvlərimizin hərbi təlimə olan bu maraqları xalqımızın qüdrət və qüvvətinin yenilməzliyini sübut edən əsas amillərdən biridir.
Firqə üzvlərimizin bu güclü duyğuları milli dövlətimizlə firqəmiz arasındakı sarsılmaz vəhdətin parlaq ifadəsidir. Qoy Vətənimizə xain gözlərlə baxan düşmənlərimiz bilsinlər ki, Azərbaycan xalqı qanımız bahasına qazandığımız milli muxtariyyətimizi və azadlığımızı mühafizə etmək üçün qadirdir. Yaşasın hərbi təlimi dərindən öyrənməkdə fədakarlıq nümunələri göstərən igid firqəçilərimiz.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 182, 25.04.1946

***

Folklor və ya xalq ədəbiyyatı

Çox qədim zamanlardan bəri nəsildən-nəsilə, ağızdan-ağıza keçib bu günə qədər coşğun çaylar kimi axmasında davam edərək bizlərə yadigar qalan, şairlər və mütəfəkkirlərimizin ilham mənbəyi olan o dərin mənalı ata-baba məsəlləri, milli əfsanələr, qəhrəmanlıq dastanları, bayatılar, mahnılar, nəğmələr, qoşmalar, hikmətli sözlər və yaxud analarımızın şirin dili ilə söylədikləri laylay və qoşmalar əsrlər boyu görülən acı və ya şirin təcrübələr nəticəsində ələ gəlmiş həqiqətin çiçəkləridirlər. Onların məcmusu Avropa dillərində “folklor” və bizim dilimidə isə xalq ədəbiyyatı adlanır.
Bütün qədim millətlərin özlərinə məxsus olaraq az ya çox folkloru vardır. Xalq əbədiyyatı bir millətin qədimliyinin və onun əsilliyinin sübutu üçün ən əsaslı dəlil hesab olunub möhkəm və yıxılmayan bir abidəyə bənzər. Azərbaycan millətinin folkloru çox vüsətli və zəngindir. Biz azərbaycanlıların çox qədim və əsil bir millət olduğumuzun günəş kimi nurani və aydın əlamətlərindən, iftixar etməyimizə səbəb olan milli ənənlərimizdən birisi də folklorumuzun zənginliyidir.
Dünya durduqca ana dilimiz kimi, əbədi olaraq o, bizdən və biz ondan ayrıla bilmərik. Bir millətin vətənini, malını, dövlətini, xülasə, bütün var-yoxunu və hətta kitablarını yandırıb, tarixini də əlindən alıb əsarətdə saxlamaq olar. Amma onun ana dilini və folklorunu əlindən almaq dənizləri qurutmaq qədər mümkünsüzdür.
Xalq ədəbiyyatı hər bir millətin parlaq tarixinin abidəsi və o millətin əbədi olması üçün yeldən, yağışdan mütəəssir olmayıb pozulmayan qəti bir sənədi və yüzlərlə illərin ağırlığı və zamanın keşməkeşi qarşısında qocaman dağ kimi dayanıb-duran çox möhkəm bir milliyyət səddidir. Təbiətin dəhşətli və rəhmsiz hadisələri, eləcə də kobud istilaçıların qanlı pəncələri o sənədi pozub məhv etməyə və ya o səddi xarab edib ortadan qaldırmağa bü günə qədər aciz olub və bəşər nəsli durduqca da qadir ola bilməyəcəklər.
Uzun illərdən bəri riyakar və yağlı dillərə aldanıb istismar olunan və onun zəncirini yeni qırıb tarmar edən rəşadətli və şərəfli Azərbaycan milləti bundan sonra həmişəlik ayıq olub yabançı, şirin dilə və o vasitə ilə deyilən aldadıcı, hiylə və xəyanətlə dolu olan yumşaq ədəbiyyat və sözlərə aldanmayıb bir daha əsarət boyunduruğunu birdəfəlik öz boynundan atıb istismar olunmaması və öz millətinin mühafizəsi üçün ata-babalarımızdan miras qalan üç böyük və canımızdan qiymətli yadigarlarını - dil, vətən və xalq ədəbiyyatını qorumağa çalışmalıdır.
Eyni zamanda həmin şirin xalq ədəbiyyatı bizim üçün gündəlik ictimai, iqtisadi və siyasi yaşayışımızda həqiqi rəhbər və həyat kitabında qızıl yazılı bir dərs səhfəsidir. Ona görə folklorumuzu dirçəldib ona çox böyük əhəmiyyət vermək bizim üçün milli bir borc və vəzifədir. O, ruhumuzun qidası və dilimizin zinətidir. Analarımızın südü ilə böyüdüyümüz kimi onların laylayı ilə də idrak aləminə qədəm qoymuşuq. Folklor həmin laylaydır, süd ilə cismimizə daxil olub ruh ilə cəsədimizdən xaric olar.

Rza Azəri

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 182, 25.04.1946

***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə