Güneyli fəallara qarşı basqılar davam edir Güney Azərbaycan

Güneyli fəallara qarşı basqılar davam edir

Tehranda tanınmış azərbaycanlı fəal həbs olunub və naməlum istiqamətə aparılıb

İran rejiminin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri yeni vüsət alıb. Tehranda daha bir tanınmış azərbaycanlı fəal həbs edilib. Behnam Şeyxi iki gün öncə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları tərəfindən iş yerində tutulub.
Hazırda onun harada saxlanıldığı və nədə günahlandırıldığı ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edək ki, B.Şeyxi İranda azərbaycanlıların milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə tutulub və həbs cəzasına məhkum edilib. Azərbaycanlı fəal 2011-ci il oktyabrın 12-də Urmiya gölünə etiraz olaraq keçirilmiş kütləvi aksiyalar səbəbindən Tehrandan 17 kilometr cənubda yerləşən Gülüstan şəhərində öz mənzilində həbs edilib. ETTELAAT əməkdaşları onun evində və iş yerində axtarışlar aparıb, fəala məxsus kitabları, əlyazmaları, CD-ləri, kompüteri, ailəvi şəkil albomunu müsadirə ediblər. B.Şeyxi 25 gün Tehranın Evin həbsxanasının 209-cu bölməsində saxlanıldıqdan sonra ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasına, daha sonra Təbriz şəhərinin mərkəzi həbsxanasının karantin bölümünə köçürülüb. Azərbaycanlı fəal 2011-ci il noyabrın 5-də 50 milyon tümən zəmanətlə sərbəst buraxılıb. B.Şeyxi Rəhim Həmlbərin sədrliyi altında Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində keçirilən prosesdə hakimiyyət əleyhinə təbliğat aparmaq və ictimai təhlükəsizliyi pozmaq ittihamı ilə mühakimə olunub. Məhkəmə onu hakimiyyət əleyhinə təbliğat aparmaqda təqsirli bilərək 6 ay həbs cəzası kəsib.
Azərbaycanlı fəal 2009-cu il iyunun 9-da da İranın eks-prezidenti Məhəmməd Xatəminin azərbaycanlıları təhqir etməsinə etirazını bildirdiyinə görə Tehranda öz mənzilində həbs edilib. B.Şeyxi 55 gün Tehranın Evin həbsxanasının 209-cu bölməsində saxlanıldıqdan sonra 50 milyon tümən zəmanətlə sərbəst buraxılıb. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi onu milli təhlükəsizliyi pozmaq, hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz yığıncaqlar təşkil etməkdə günahlandırıb. B.Şeyxi həmçinin 2008-ci il noyabrın 17-də Rey şəhərində Səttarxanı anma mərasimində və 2006-cı ilin mayında "İran" qəzetində azərbaycanlıların hamam böcəyinə bənzədilməsinə etiraz olaraq keçirilmiş kütləvi aksiyalar zamanı da həbs edilib.
Kütləvi həbslərlə yanaşı güneyli fəallara qarşı iqtisadi zəmində də basqılar artıb, onların hətta mülkiyyət hüquqları belə kobud şəkildə pozulur. Bu günlərdə daha iki azərbaycanlı fəalın mağazasının rejim məsulları tərəfindən möhürləndiyi bildirilir.
Güneydən gələn məlumatlara görə, Tikantəpənin (Tikab) təhlükəsizik idarəsinin (Əmakin) məmurları ETTELAAT-ın göstərişi əsasında Əli Hidayəti və Yədullah Dəştinin (Elman) iş yerlərini möhürləyib. Hər iki mağazanın möhürlənməsi eyni gündə baş verib. Təhlükəsizlik orqanı bunu sənədlərin çatışmamazlığı ilə izah etsə də, bunun yalan olduğu kimsədə şübhə doğurmur.
Qeyd edək ki, Yədullah Dəşti fevralın 22-də Əli Hidayəti isə fevralın 2-də zindana intiqal edilib. Bundan öncə Mahabadın inqilab məhkəməsi qondarma ittihamlarla Yədullah Dəştini 6 və Əli Hidayətini 5 ay həbs cəzasına məhkum edib.
Onu da xatırlatmaq yerinə düşər ki, Dünya Ana Dili Günü ilə bağlı güneyli fəallara qarşı apardığı kütləvi həbslər zamanı saxlanılanların bir qismi mülki girov qarşılığında azadlığa buraxılsa da, onların yenidən həbs olunma təhlükəsi hələ də aradan qalxmayıb.
Güneyli hüquqşünas Saleh Kamrani Ana Dili Günündə baş verən həbsləri, eləcə də mədəni hüquqlar uğrunda mübarizə aparan soydaşlarımıza qarşı təqiblərin artmasını qeyri-farsların hüquqları ilə bağlı bir çox vədlər vermiş Həsən Ruhaninin prezidentliyi dönəmində həyata keçirilməsini hakim rejimin daha da aqressivləşməsi kimi qiymətləndirir: "Ana Dili Günü son bir neçə ildə Həsən Ruhaninin hakimiyyətə gəlməsindən öncə də Əhər və digər şəhərlərdə elə bu şəkildə qeyd edilərdi. Təhlükəsizlik qurumları bu mərasimləri qeyd edənləri çağırıb onlara hədə-qorxu gələrdilər, ancaq bu növ geniş həbs dalğası həyata keçirilməmişdi".
Əslən Əhər şəhərindən olan və İsveçdə mühacirətdə yaşayan vəkilin sözlərinə görə, Həsən Ruhaninin İranda yaşayan etnik qrupların hüquqları, o cümlədən türk dilində təhsil məsələsi ilə bağlı verdiyi sözlər bütünlüklə siyasi hədəflər istiqamətində irəli sürülüb və gerçək tərəfi yoxdur: "Xüsusilə Əhmədinejad hakimiyyətinin son illərində, toplumda ciddi bir ümidsizlik fəzası yaranmışdı. Ruhani bu növ sözlər verərək siyasi atmosferi dəyişdirib, əhalini seçkilərdə iştirak etmək üçün həvəsləndirməyə çalışıb. Bir çoxlarının fikrincə, qeyri-farsların səsləri olmasa idi Ruhani prezident seçilə bilməzdi".
Saleh Kamraninin fikrincə, əslində hökumətin verdiyi sözlərin nəticəsini gözləyənlər bu həbslərdən sonra Ruhanini sınamış oldular. Ruhani və onun verdiyi sözlərin də gerçək mahiyyəti üzə çıxdı. Güneyli vəkilin dediyinə görə, məmurların evlərə icazəsiz girişi, həbs prosesində baş verən qanunsuzluqlar, nəzarətə alındıqları zaman fəallara qarşı güc tətbiq edilməsi, eləcə də məhbusların işgəncə və təhqirə məruz qalması kimi xüsuslardan əlavə, həbslər qanunsuzdur:
"İran qanunları ilə baxsaq belə, həbslər qanunsuzdur. Dünya Ana Dili Günü UNESCO tərəfindən müəyyənləşmiş bir gündür. Əslində dövlət özü bu günü qeyd etməlidir. Bu günü evlərində qeyd edən insanları həbs etmək qanun və hüquqa qarşıdır. İnsanlar evlərində mərasim keçirə bilər. Bu elə toy mərasimi kimi bir şeydir."