Rusiya Ukraynaya hücumu gücləndirə bilər Dünya

Rusiya Ukraynaya hücumu gücləndirə bilər

NATO ölkələrinin müdafiə nazirləri toplaşırlar

Rusiya Prezidenti Vladimir Putin beynəlxalq sanksiyaların yaratdığı hərbi uğursuzluqlara və iqtisadi çətinliklərə baxmayaraq, Ukraynaya hücumu gücləndirə bilər. Bu barədə ABŞ Milli Kəşfiyyatın direktoru Avril Haynes deyib.

Onun sözünə görə, Putinin bu cür uğursuzluqlardan çəkinməsi ehtimalı azdır və o gərginləşərək Ukraynanın tərksilahına nail olmaq üçün səylərini ikiqat artıra bilər. “Gərginliyin bu qədər yüksək olduğu halda, "istəksiz eskalasiya" potensialı həmişə var. Putin indi qəzəbli və əsəbidir. Bu, Rusiya prezidentinin dinc əhali arasında itkilərə məhəl qoymadan Ukrayna ordusunu darmadağın etmək səylərini sözün əsl mənasında ikiqat artırmasına səbəb ola bilər. Putin öz məqsədlərinə necə nail ola biləcəyini artıq bilmir.

Ukraynanın ələ keçirilməsi ilə bağlı vəsvəsəyə baxmayaraq, Putin qiymətli silahları qurban vermək istəmir. Putin rusların “Vinnitsa” hava limanını ən bahalı raketlərlə vurduqlarını eşidəndə hərbçiləri ağır cəzalandırıb. Çünki hava limanı Rusiyanın ehtiyatda olan 8 raketindən biri ilə vurulub. Putinə isə Rusiya işğalının tam mənzərəsi deyilmir. Onun Ukrayna əhalisinin demək olar ki, 100%-nin rus işğalçılarına mənfi münasibət bəslədiyini bilmədiyini düşünməyə əsas var. Məsuliyyəti üzərində olan insanlar belə şeyləri Putinə bildirməyə qorxurlar”. - Avril Haynes qeyd edib.

Qeyd edək ki, Ukrayna artıq 14 gündür ki, Rusiya ilə müharibə vəziyyətindədir. Ukrayna tərəfi bəyan edib ki, müharibənin 14-cü günündə də Rusiya ordusu vətəndaşları atəşə tutmaqda və onları öldürməkdə davam edir. Martın 9-na keçən gecə Sumı vilayətinin yenidən hava hücumuna məruz qaldığı bildirilir.

Bu arada qeyd edək ki, NATO ölkələrinin müdafiə nazirləri martın 16-da Şimali Atlantika Şurasının videokonfrans vasitəsilə növbədənkənar iclasını keçirəcəklər. "Martın 16-da Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində planlaşdırılmamış iclası keçiriləcək. Nazirlər təhlükəsiz telekonfrans vasitəsilə danışıqlar aparacaqlar", - açıqlamada deyilir. Bundan əlavə, görüşdə müzakirə ediləcək məsələlər barədə məlumat verilməyib.

Ukrayna Prezidenti Zelenski müharibənin gedişatında Qərbin rəsmi Kiyevə dəstək durmamağına münasibətini də gizlətməyib. O, ABC News” telekanalına müsahibəsində bildirib ki, NATO Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil.

“Ukrayna NATO qarşısında diz çöküb yalvarmayacaq. Ukraynanın üzvülüyə qəbul etməyə hazır olmadığını anlayandan NATO-dan soyumuşam”, Zelenski bildirib.

Ekspert Asif Nərimanlı bildirib ki, Zelenski “NATO-ya marağının itdiyini” və “Donbas və Krımla bağlı kompramisin tapılmasının mümkün olduğunu” açıqladı: bu, artıq Qərbin dəstəyini artırmaq üçün manevr xarakterli açıqlama yox, Rusiya işğalını dayandırmaq məqsədilə Moskvaya ünvanlanan mesajdır.

Rusiyanın ağır tələblərindən – Ukraynanın Donetsk və Luqanskın “müstəqilliyini” tanıması, Krımdan imtina etməsi, rusların istədiyi “neytral status”la razılaşması... – imtina edəcəyi inandırıcı deyil, lakin Ukrayna rəhbərliyi müharibə meydanındakı mövcud vəziyyətdən çıxış edərək, Kremlin şərtlərini dəyişdirə biləcəyi, ən azı “uzunmüddətli atəşkəs”ə razı olacağı ehtimalını da dəyərlənirir.

Və bu təklifi Ukrayna-Rusiya xarici işlər nazirlərinin Türkiyədə keçiriləcək görüşündən öncə irəli sürməsi təsadüfi deyil. Lavrovun martın 10-da Kuleba ilə Antalyada görüşə razı olması da Moskvanın real vəziyyət fonunda şərtlərini müzakirə etmək niyyətindən xəbər verir.

Türkiyə masası hər iki tərəf üçün sərfəlidir:

- Rusiya üçün Fransa və Almaniyanın vasitəçiliyi Qərb cəbhəsi qarşısında “geri çəkilmək”, Çinin vasitəçiliyi strateji “rəqib” kimi gördüyü bu ölkənin önə çıxması deməkdir: Türkiyə həm Qərb cəbhəsinə qarşı təklənməmək üçün lazımlıdır, həm də regional kartları paylaşa biləcəyi ölkədir;

- Ukrayna üçün Çin Rusiyanın istəyinə yaxın mövqedən çıxış edə biləcək ölkədir, Rusiya ilə iqtisadi əlaqələrə önəm verən Avropa “masası”nda isə daha çox itirə bilər: Türkiyə masasında Kiyev kompramisə getsə belə, bunun rusların ağır şərtləri çərçivəsində olmayacağı imkanı böyükdür.

Zelenski mövcud vəziyyətdə ən unikal variantı təklif edir:

Birincisi, ABŞ, Fransa, Almaniya və qonşu Türkiyənin iştirakı ilə Ukraynaya aid kollektiv təhlükəsizlik sazişi imzalansın: bu, Rusiyanın istədiyi “neytral status”un Kiyevin maraqlarına uyğun olan fərqli forması hesab oluna bilər; Ukrayna NATO-ya inteqrasiya məsələsini arxa plana keçirir, Rusiya hücumdan əl çəkir və adıçəkilən ölkələrin iştirakı ilə onun təhlükəsizliyinə kollektiv zəmanət verilir;

İkincisi, Krım və Donbas məsələsində hər iki ölkəni də qane edəcək həll yolu tapılır: Zelenski bildirir ki, “Ukraynanın bir hissəsi olmaq istəyən insanlar orada necə yaşayacaq, özünü Rusiya vətəndaşı kimi görənlər nə düşünür?! Biz Krımı Rusiyanın ərazisi kimi tanıya bilmərik, Rusiya da buranın Ukrayna ərazisi olduğunu etiraf etməyəcək”;

Mümkündür ki, Kiyevin Krım və Donbas məsələsində güzəşti bu bölgələrdə birgə idarəçilik modelinin yaradılması kimi təklifləri ola bilər.

Rusiyanın bunu qəbul edəcəyi ehtimalı zəifdir, hərçənd, istisna deyil ki, müharibənin gedişi və vaxt uzandıqca sanksiyaların əyani təsiri Moskvanı “minimum qazanca” məcbur etsin. O da istisna deyil ki, martın 10-da Türkiyənin vasitəçiliyi ilə keçiriləcək görüşdə müəyyən irəliləyişlər də olsun. Lakin rusların masada maksimum istəklərinə nail olmaq üçün hücumların miqyasını artıracağı da bəllidir.

Cavid