Tehran Vaşinqtonun bütün tələblərini yerinə yetirə biləcəkmi? Dünya

Tehran Vaşinqtonun bütün tələblərini yerinə yetirə biləcəkmi?

"Azərbaycan Qərb üçün baza rolunu oynaya bilər"

Cavid

İranın Qərblə nüvə məsələsində razılığa gəlməsi müxtəlif aspektlərdən çözülməkdədir. Qeyd edək ki, ötən gün İranla "Altılıq" ölkələri arasında əldə edilən razılığa görə, İran və "Altılıq" arasında razılaşma BMT-nin Təhlükəsizlik Şurasında qətnamənin qəbul olunmasından 90 gün sonra qüvvəyə minəcək. Bundan başqa, İran 15 il ərzində uranı 3,67%-dən çox zənginləşdirməməyə razılıq verib.
Xatırladaq ki, İranla tərəflər arasında müzakirələr iyunun 30-dan gedirdi.
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, sanksiyaların aradan götürülməsi İrana yeni texnologiyaların gətirilməsi baxımından ölkə iqtisadiyyatının modernləşməsinə imkan verəcək.
O, sözügedən anlaşmanın ən çox Rusiya, Səudiyyə və İsrailə sərf etmədiyini bildirib: "Son 36 ildə 1 milyona yaxın iranlı gənc Avropa və ABŞ-da təhsil alıb. Tibb, mühəndislik sahələrində ciddi irəliləyişlər var, son illər İranda minə yaxın elmi ixtira olub. İran rejimi anlayırdı ki, uzun zaman qapanaraq yaşamaq mümkün deyil. Çünki ölkə əhalisinin 68 faizə yaxını 35 yaşa qədər olan gənclərdir və onlar dəyişmə tələb edirlər. Bunu anlayan rejim daxili islahatlar, yumşalmalar yolu ilə müəyyən addımlar atırdı. İndi isə Qərblə ciddi anlaşmaya nail olunub. Bu anlaşma ən çox Rusiya, Səudiyyə və İsrailə sərf etmir. Hər ölkənin öz səbəbləri var:
1) Rusiya İrana enerji məkanında rəqib kimi baxır, Tehranın bazara girməsi neft və qaz sahəsində Moskvaya ciddi mane olacaq,
2) Səudiyyə İrana həm enerji rəqibi, həm də ideoloji rəqib kimi baxır, bu ölkədən çəkinir, özünün əsas düşməni məhz İranı sayır,
3) İsrail isə bütün kimliyini müsəlman, əsas da İran təhlükəsi üzərində qurub, İranın açılması İsrailin kimlik quruculuğunu dağıdır".
Ekspertin sözlərinə görə, Azərbaycan praqmatik davransa, bu anlaşmadan divident götürə bilər:
"İranın bazara girməsi rəqabət mühitini daha da qızışdıracaq. Ancaq Azərbaycan tərəfi praqmatik davransa, İran anlaşması bizə ciddi fürsətlər pəncərəsi də aça bilər:
1)Azərbaycan İran bazarına girmək istəyən Qərb-Şərq şirkətləri üçün baza, yol göstərən rolunu oynaya bilər,
2) Bizim şirkətlər İranı gözləyən tikinti bumunda iştirak edə bilərlər,
3) İranda vətəndaşlarımız üçün yeni iş yerləri yarana bilər".
Bu arada Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız İranla əlaqəli son nəticəyə münasibət bildirərkən qeyd edib ki, İrana tətbiq edilən sanksiyaların və nüvə proqramı ilə əlaqədar məhdudlaşdırmanın nəticələri bölgə, eləcə də dünya üçün son dərəcə müsbət olacaq.
Yıldız həmçinin bildirib ki, enerji baxımından İrana yanaşdıqda bu ölkə zəngin neft və qaz ehtiyatlarına malikdir: "İranın ehtiyatlarını bölgəyə, daha sonra dünyaya təqdim etməsi neftin qiymətinə müsbət təsir edəcək. Ölkələr arasında baş tutan razılığı müsbət qiymətləndirirəm".
Rusiyalı politoloq Qriqori Trofimçuk isə öz Facebook səhifəsində yazıb ki, Tehran Vaşinqtonun bütün mərhələlərdəki tələblərini yerinə yetirə bilməyəcək. Onun sözlərinə görə, İran dini liderləri tutduqları yolun hara aparıb çıxaracağını bilirlər: "İranla ABŞ-ın nüvə proqramı ilə bağlı danışıqlarına özünü inandırmaq axmaqlıqdır. Tehran Vaşinqtonun bütün mərhələlərdəki tələblərini yerinə yetirə bilməyəcək. Bundan başqa Səddam Hüseyn və Müəmmar Qəzzafinin ictimai şəkildə dəfnindən sonra İranın dini liderləri bilirlər ki, bu yol hara aparıb çıxaracaq. Obamaya indiki danışıqlar mərhələsini özünün növbəti qələbəsi kimi təqdim etmək sərfəlidir. Bundan sonra tərəflər arasında yenə sinir oyunu başlayacaq və sonra daha bir böyük eskalasiya yaranacaq. Rusiya bu dəfə yüz faiz Tehrana heç bir silah verməyəcək".