Ankara Krem və Kiyev arasında sülh yarada biləcəkmi? Dünya

Ankara Krem və Kiyev arasında sülh yarada biləcəkmi?

Elçin Xalidbəyli: “Türkiyə Rusiya üçün olduqca böyük əhəmiyyətə malik dövlətə çevrilib”

Məhəmməd Əsədullazadə: “Ankaranın vasitəçiliyi bu gün regionda sülhə xidmət edir”

Vüqar Dadaşov: “Danışıqlara Ukrayna tərəfi deyil, məhz Rusiya tərəfi daha çox maraqlıdır”

Türkiyə Prezidenti Ərdoğan rusiyalı həmkarı Putinlə telefon əlaqəsindən sonra Ukrayna Prezidenti Zelenski ilə danışıb. Prezidentlər arasında danışıqların təfərrüatları tam açıqlanmayıb. Lakin Rusiyanın Xarici İşlər Naziri Lavrovun öz istəyi ilə iyunun 8-də Türkiyəyə səfər edəcəyi rəsmi Ankaranın Moskva ilə Kiyev arasında vasitəçilik missiyasının uğurlu nəticə verə biləcəyini deməyə əsaslandırır.

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Ukrayna savaşının həm baş verməsi, həm də uzadılması Türkiyənin milli maraqlarına ziddir. Rəsmi Ankaranın həm Rusiya, həm də Ukrayna ilə münasibətləri normaldır və üstəlik, ortaq iqtisadi-ticari maraqları var: “Ona görə də, Türkiyə Ukrayna və Rusiya arasında sülh sazişinin imzalanmasına yönəlik cəhdlər göstərir, vasitəçilik missiyasını öz üzərinə götürməyə çalışır. Prezident Rəcəb Tayyib Ərdoğan həm rəsmi Kiyevə, həm də Kremlə Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna prezidentlərinin BMT təmsilçilərinin iştirakıyla görüşünün təşkilini təklif edir. Əgər, bu təklif qəbul edilərsə, Ukrayna savaşının sülh sazişi ilə yekunlaşması istiqamətində müəyyən imkanlar açıla bilər. Halbuki, ABŞ və Böyük Britaniyanın rəsmi Kiyevə güclü təsir imkanlarının olduğunu nəzərə aldıqda, belə bir görüşün baş tutma ehtimalı o qədər də inandırıcı görünmür. Bütün bunlara baxmayaraq, hazırda Türkiyə Rusiya üçün olduqca böyük əhəmiyyətə malik dövlətə çevrilib. Çünki, rəsmi Ankara Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacağını açıq şəkildə bəyan edib. Üstəlik, həmin sanksiyaların Türkiyə üzərindən reallaşdırılmasına da imkan verməyəcəyini vurğulayıb. Və bu baxımdan, Kreml Türkiyə ilə strateji tərəfdaşlıqda maraqlıdır. Onu da nəzərə almaq lazımdır ki, Kreml Rusiyanı tərk edən Qərb şirkətlərinin yerinin Türkiyə şirkətləri ilə doldurulmasını da təklif edir. Rusiyada işsizliyin qarşısını almaq və daxili bazarı tənzimləmək baxımından, bu, Kreml üçün olduqca önəmlidir. Digər tərəfdən, Türkiyə və Rusiyanın bəzi regionlarda ortaq maraqları var. Daha doğrusu, son vaxtlara qədər müəyyən ziddiyyətlər olsa da, indi bu maraqlar uzlaşmağa başlayıb. Xüsusilə də, Ukrayna savaşında uğursuzluq Rusiyanın Liviyada, Suriyada və Cənubi Qafqazdakı mövqelərini zəiflətməyə başlayıb. Bu sıraya yaxın gələcəkdə Orta Asiya da əlavə oluna bilər. Maraqlıdır ki, Rusiya tədricən Liviya və Suriyadan öz hərbi kontingentini çıxartmaq qərarı verib. Artıq bu prosesə start verildiyi də məlumdur. Ancaq Rusiya tərk etdiyi bölgələrə nəzarətin ABŞ və Qərbin deyil, məhz Türkiyənin əlinə keçməsində maraqlıdır. Eyni prosesin yaxın gələcəkdə Cənubi Qafqaz və Orta Asiya regionlarında da başlayacağı gözlənilir. Kreml xüsusilə də, Cənubi Qafqazdan çıxacağı təqdirdə, öz mövqelərini Türkiyəyə təhvil verməkdə maraqlıdır. Çünki bu, Rusiyanın cənub sərhədlərinin ABŞ və Qərb tərəfindən nəzarətə götürülməsini əngəlləyə bilər. Böyük ehtimalla Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə gözlənilən səfəri zamanı bütün bu mövzular geniş şəkildə müzakirə edilə bilər. Yəqin ki, Rusiya xarici işlər naziri Kremlin bu məsələlər ilə bağlı prinsipial mövqeyini rəsmi Ankaranın diqqətinə çatdıracaq. Ümunmiyyətlə, bu səfər çərçivəsində Rusiya və Türkiyənin ortaq maraqlarına bağlı məsələlər ərtafında prinsipial anlaşmaların ola biləcəyi qətiyyən istisna deyil”.

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə isə Türkiyə regionda aparıcı və dünayanın siyasi nizamına istiqamət verən ölkə statusuna sahib olub. Məhz Rusiyanın Ukraynaya təcavüzü fonunda Ankaranın vasitəçiliyi bu gün regionda sülhə xidmət edir: “Türkiyənin rolu daha da Avropanın təhlükəsizliyi üçün ön plana keçib. Moskva və Kiyev arasında tam neytral statuslu mövqe qoyan Türkiyədir. Fransa və Almaniyadan fərqli olaraq Moskva ilə sövdələşmədən kənardı. Ukrayna müharibəsində Türkiyə İstanbul danışıqlarını təşkil etməklə, konkret nəticəyə nail olmuşdu. Məhz bundan sonra Rusiya Kiyev ətrafında öz qoşunlaını geri çəkdi. Maripolda humanitar dəhlizin açılmasında Ankaranın fəaliyyəti danılmazdır. Hazırda Rusiya və Ukryana arasında danışıqlar prosesi dayanıb. Demək olar ki, təmaslar bitib. Ankaranın vasitəçiliyi yenidən gündəmə gəlib. Ukrayna prezidenti Zelenski Ərdoğana Putinlə görüşə hazır olduğunu qeyd deyib. Göründüyü kimi tək inandığı prezident məhz Ərdoğandır. Rusiya prezidenti Putin də Ərdoğana etibar edir. Qedy edim ki, dünya bu müharibə fonunda ərzaq təhlükəsi ilə üzləşib. Qara dəniz limanlarına 20 milyon ton Ukraynanın taxılı blokadadır. Avropa liderlərinin Putinlə danışığı heç bir fayda vermədiyinə görə Ərdoğan Putinlə danışaraq taxılın keçidi təmini razılığın aldı. Ötən gün Kiyev və Moskva ilə danışan Ərdoğan yenidən iki ölkə arsında dialoqu təşkil edəcək. Rusiya və Ukrayna da bu dialoqda maraqlı görünür. Ötən gün hər iki tərəflə danıaşıqlar görünür müsbət nəticə verib. Rusiya XİN rəhbəri Türkiyə səfər edəcək. Görünür, Ukrayna müharibəsi və Türkiyənin Suriyada PKK və YPK terror təşkilatına qarşı keçirəcəyi anti-terrror əməliyyatını müzakirə edəcəklər. Lavrovun səfərində Suriyada anti-terror əməliyyatı razılaşdırılacaq və Kiyevlə yenidən bir araya gəlmək dialoqu bərpa edilməsi mümkündür. Türkiyə həm Suriya məsələsində, həm də Ukrayna böhranında Rusiya ilə aktiv təmasdadır. Türkiyə özmilli maraqlarını tətbiq edir və bu təhlükəsiliyin təmininə yönəlib”.

Politoloq Vüqar Dadaşov isə qeyd edib ki, Türkiyə prezidenti cənab Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında hər hansı bir ünsiyyəti qurmağa, eləcə də mümkün görüşün təşkili üçün səyləri dünyada sülh və təhlükəsizlik təmin baxımından çox vacib və həm də Türkiyənin qlobal güc mərkəzi kimi təsdiqidir: “Sözsüz ki, bu humanist davranışın Türkiyə üçün həm də siyasi məqsədi var. Əvvəla qeyd etmək lazımdır ki, danışıqlara Ukrayna tərəfi deyil, məhz Rusiya tərəfi daha çox maraqlıdır. Ukraynanın Krımın və Donbasın azad edə biləcəyi mümkün göründüyü bir vəziyyətdə və əsasən də ABŞ, Böyük Britaniya başda olmaqla əksər NATO dövlətlərinin müharibənin davamına maraqlı olduğuna görə Ukrayna tərəfi bu məsələdə çox da istəkli deyil. Rusiya isə hər bir mümkün vasitə ilə müharibəni dayandırmağa bəhanə və ya səbəb axtarır və gizli deyil ki, Rusiya ancaq xilasını Türkiyə vasitəsi ilə görür. Vacib bir məqam da var. 2016-cı il 15 iyulda Türkiyədə Ərdoğana qarşı hərbi çevrilişin qarşısının alınmasında Rusiyanın, Putinin xidməti cənab Ərdoğanın Putin qarşısında vəfa borcu yaradıb və Cənab Ərdoğanın səyləri həm də "vəfa borcuna" söykənir. Digər tərəfdən, Rusiyanın - Ukraynaya təcavüzü fonunda Qərb - Rusiya tərəzisi Türkiyə üçün yeni siyasi imkanlar yaradıb. Əvvəla Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsində Rusiyaya mənəvi, siyasi dəstək olmaqla öz dövlət və milli maraqlarını təmin etmək imkanı qazanıb. Türkiyə NATO-ya üzvlük məsələsində mövqeyi və "veto" hüququ ilə qarşı tərəflərinin hər birinin üzərində hakim vəziyyətindədir və istəklərinə çatana qədər tərəflərlə manipulyasiya edə bilər. Qeyd etməyi vacib bilirəm, Rusiyanın Ukraynanın mərkəzinə, Kiyevə hücum və işğal planından imtina səbəbi sözsüz ki, hərbi məğlubiyyətidir. Ancaq Rusiya Ukrayna müharibəsində tələyə salındığını anladığından strategiyasını dəyişməli oldu və gücünü Donbas və Krım boyu cəmləşdirərək müəyyən qədər olsa da Qərbin planlarının tam reallaşmasına imkan vermədi”. V.Dadşovun fikrincə, ancaq Rusiya böyük hərbi üstünlük əldə etməsə də, vaxtı uzada bildi hansı ki, əvvəl-axır acı siyasi nəticələr verəcək məğlubiyyətini yaşayacaq. Rusiyaya qarşı neft embarqosundan sonra Kreml hər bir vasitə ilə müharibəni dayandırmaq istəyindədir: “Rusiya xarici işlər naziri Lavrovun da Türkiyə səfəri bu imkanı qaçırtmamaqdır və deyərdim ki, Rusiya özü bu görüşə "elçi" düşüb baxmayaraq ki, bu barədə hələ məlumat yoxdur. Yeri gəlmişkən, NATO Ərdoğanı özünə bir əngəl görür. Necə deyərlər, NATO dəstəsindən onun başçısı ABŞ-a heç kəs etiraz edə bilmədiyi halda Türkiyənin müstəqil siyasəti ABŞ-ı qıcıqlandırmaya bilməz. Və çox güman ki, ABŞ gələn il Türkiyədə keçiriləcək növbəti prezident seçkilərinə öz sürprizləri ilə müdaxilə etməyə çalışacaq. O ki, qaldı cənab Ərdoğanın Zelenski və Putinin mövqelərinin uzlaşdırılması səylərinə, nəticəsindən asılı olmayaraq Türkiyənin maraqlarını təmin etməyə əlavə imkanlar yaradır. Qeyd edim ki, Türkiyənin maraqları deyəndə həm də Azərbaycanın maraqlarını nəzərdə tuturam. Yəni proseslər Azərbaycan və Türkiyə üçün çox əlverişli situasiya yaratmaqda davam edir hansı ki, mənfəətini də əldə edəcəyimiz heç şübhəsizdir”.

Cavid