120 tayfa PKK-ya ismarış göndərib Dünya

120 tayfa PKK-ya ismarış göndərib

"Ölkəni tərk edin"

Cavid

Türkiyənin şərq vilayətlərində məskunlaşan 120 tayfanın (aşirət) lideri PKK terror təşkilatına sərt ismarış göndərib. Şırnak vilayəti, Uludere rayonunda tayfa lideri Əlixan Babatın evində toplaşan liderlər 1 sentyabr ümumdünya sülh günündə PKK terrorçularına "ölkəni tərk edin" çağırışı yollayıblar.
Tayfa liderlərindən Mehmet Şirin Akçay sülh mühitinin yaranması üçün PKK-nın ölkəni tərk etməsinin labüd olduğunu deyib. Akçay həmçinin son baş vermiş hadisələr zamanı təhlükəsizlik qüvvələrinin şəhid olmasına görə təəssüf hissi keçirdiytini bildirib: "Ailəmi görmədim, atasız böyümüşəm. Biz heç kimin ailəsiz qalmasını istəmirik. Son günlər çoxalan şəhid xəbərləri ürəyimizi parçalayır. Biz qardaşıq. Dəyərli müsəlman kürd xalqının da artıq bu cür şər mənbələrinin oyununa gəlməməsini istəyirik. Biz vətənimizin bölünməz bütünlüyü üçün lazım gəlsə mübarizəyə hazırıq."
Uluderenin Taşdelen kəndinin icra nümayəndəsi Fikrət Kaya bölgədən aldığı bu qədər çox səsə baxmayaraq HDP-nin terror təşkilatı ilə əlaqəsini kəsməməsinə hiddətlənib: "Gərginlik mühiti davam edəcəyi təqdirdə dövlətimizin tərəfində olacağımızı, birlikdə axıra qədər mübarizə aparacağımızı bəyan edirik. HDP-ni də siyasətlə məşğul olmağa, terrorçularla aralarına məsafə qoymağa dəvət edirik. Rayonumuz HDP-yə 90% dəstək verdi. Terrorun bitirilməsi üçün HDP-yə səs verildi."
Toplantıya Diarbəkirdən qatılan və bölgədə "Qadın ağa" kimi tanınan Suna Kepoğlu Ataman PKK terror təşkilatından silahları basdırmağı tələb etdiklərini bildirib: "Bir kürd və trabzonluların gəlini kimi sülhü ən çox mən istəyirəm. 90-cı ilərə bir daha qayıtmaq istəmirik."
Qeyd edək ki, toplantıda Diyarbəkir, Şanlıurfa, Mardin, Şırnak, Muşdan və bölgədəki s. vilayətlərdən olan tayfa liderləri iştirak edib. Bu arada yayılan məlumata görə, PKK terror təşkilatında yaşanan həyəcanlı anlar rabitə danışıqlarında əks olunub. "Yeni Şəfəq" qəzeti xəbər verir ki, rabitə danışıqlarından Kandildən gözlədikləri köməyi ala bilməyən təşkilatın əsas məqsədinin şərqi və cənub-şərqi Anadoludakı xalqı qorxutmaq və bunun onlar üçün son şans olduğu məlum olur. Kod adı Rza Köçər olan təşkilat üzvü Həmid Qara adlı terrorçunun rabitə danışıqlarında təşkilatın çox böyük bir zərbə aldığı açıq şəkildə etiraf edilir: "Dövlət çox güclüdür və böyük bir uğur gözlədiyimiz nöqtədə məğlubiyyətə uğradıq. Xalqa güvənmək olmaz, onlar bizi ortalıqda qoydu. Şiddət və qorxu onları özünə gətirəcək. Lazım gələrsə, hədəfi gözləmədən vurun, qoy gücümüzü görsünlər, məcburən geri qayıdacaqlar. Onların quru yolları, televiziya və baza ötürücüləri, həmçinin dəmiryolları ilə əlaqəsini kəsin. Məktəbləri hədəf alın, yandırın və dağıdın". Kod adı Azər Sisər olan Əkrəm Güneyin rabitə danışıqlarında isə PKK-nın gücünün tükəndiyi açıq-aydın bəli olur: "Kandildən əvvəlkitək kömək gəlmir. Xalqı meydana toplamalıyıq, əks təqdirdə bu plan da baş tutmasa, PKK-ın sonu gələcək".