Britaniyanın Avropa İttifaqı problemi Dünya

Britaniyanın Avropa İttifaqı problemi

Devid Kemeron: "Britaniya Aİ-dən çıxarsa, ikinci bir səsvermə olmayacaq"

Cavid

Britaniyanın Aİ-yə üzvlüyü ilə bağlı müzakirə davam edir, ancaq əslində Britaniyanın nə istədiyini heç kim bilmir. Avropadakı vəziyyət Fransanın iqtisadiyyat naziri Emmanuel Makron tərəfindən Londona son səfərində qısa şəkildə izah edilib: "Bizə dəqiq təklif lazımdır, siz də sizə lazım olanı deməlisiniz". Eyni sözlər Paris və Brüsseldə də təkrarlanıb. Rəsmilər dəqiq sənəd, Britaniyanın məqsədlərini göstərən düzgün bir təklif görmək istəyirlər. Böyük Britaniyanın Ticarət Palataları da "iş adamlarının daha dəqiq məlumatlar istədiyini" qeyd edib. Palata üzvlərinin yarısı Birləşmiş Krallığın Aİ-də qalıb-qalmaması haqqında qərarsızdır. İctimai rəyin isə Britaniyanın ittifaqda qalmasının əleyhinə yönəldiyi müşahidə olunur. "Bbc.co.uk" yazır ki, ötən bir neçə ay ərzində baş nazir və kanslerin Avropa paytaxtlarına səfərləri olub. Yəqin ki, Brüsseldə gedən danışıqlarda texniki və hüquqi məsələlər ön planda tutulub. Ancaq cənab Makron kimi nazirlər belə düşünürlər ki, istifadə olunan strategiya düzgün deyil. Fransa əvvəlcə irəli sürüləcək təklifi görmək istəyir. Heç şübhəsiz, kağız üzərində heç bir məlumatın bölüşülməməsi qəsdən edilir. Haqlı olaraq, məlumatların sızdırılması ilə bağlı narahatlıq var. Britaniya hökuməti əsl danışıqlar başlamazdan əvvəl müxalif fikirlərin artmasına imkan verməmək üçün ehtiyatlı davranır. Xüsusilə də, Mühafizəkarlar Partiyasının təkliflərə mane olmasının qarşısını almaq istəyir. Dekabr ayında baş tutacaq Avropa sammitində əsaslı bir sənədlə müzakirə başladılması, növbəti ilin mart ayına qədər razılıq əldə edilməsi, referendumun 2016-cı ilin payızına qədər saxlanılması nəzərdə tutulur. Bəs hökumət nə istəyir? Devid Kemeron əvvəlcə öz planına "əsaslı dəyişiklik" üçün müzakirə adı verdi. İndi isə bu yüksək bir ambisiya kimi görünür. Britaniyanın aşağıda göstərilən əsas tələblərlə çıxış edəcəyi gözlənilir:
- Aİ qərarları üzərində milli parlamentlərə daha çox səlahiyyət verilməsi;
- Londonun daxili şəhər və ya Siti (ing. The City of London ) adlanan ən qədim hissəsinin və vahid bazarın avrozona ölkələrinin birləşməsindən qorumaq;
- Aİ miqrantlarının Britaniyada bir sıra üstünlüklər tələb etmək hüquqlarının məhdudlaşdırılması;
- "İttifaq ölkələrinin daha da yaxınlaşdırılması" planında iştirak etməmək seçiminin təmin edilməsi;
- Süründürməçilik və bürokratiyanın azaldılması.
Bu tələblərdən bəzilərini yerinə yetirmək asandır. Komissiya artıq tənzimləməni azaltmağa hazırdır. İyun ayında Avropa Şurası "ittifaq ölkələrinin daha da yaxınlaşdırılması"nı "fərqli ölkələr üçün müxtəlif inteqrasiya yollarının yaradılması" kimi təsvir etdi. Bu sözlərdə Britaniyanın təsiri olduğu aydın duyulur. Milli parlamentlərin də qərarlara təsir göstərmələri üçün mexanizm mövcuddur. Aİ miqrantlarına verilən üstünlüklərin məhdudlaşdırılmasına gəldikdə isə, bu məsələ işçi qüvvəsinin sərbəst hərəkəti prinsipini poza və ayrı-seçkilik kimi qiymətləndirilə bilər. Sadəcə, Britaniya vətəndaşı olan və olmayan hər kəsdən eyni şəkildə tələb ediləcək yaşayış şərtləri tətbiq etmək mümkün ola bilər. Digər bir çox ölkələrin də sərbəst hərəkət prinsipinin "sosial müavinət tələb etmək azadlığı" ilə eyniləşdirilməməsi lazım olduğunu düşünmələri Britaniyanın xeyrinədir. Son olaraq, Londonun ən qədim hissəsi və vahid bazarı avrozona ölkələrinə qarşı səs çoxluğunu itirməsinə qarşı qorumaq məsələsidir. Britaniyanın narahatlığı bundan ibarətdir ki, avrozona ölkələri "Siti" və vahid bazara zərər vurmuş qaydaların lehinə qərar qəbul edilməsi üçün çox olmalarının üstünlüyündən istifadə edə bilərlər. Britaniya Yunanıstana müvəqqəti kredit vermək üçün yardım etdiyi bir fonddan istifadə edilməsi üçün verilən son qərara diqqət çəkir. Avropa İslahatlar Mərkəzinin rəhbəri Çarlz Qrantın dediyi kimi: "Britaniya hökuməti öz tərəfdaşlarının bir çoxunu avro və vahid bazar arasındakı əlaqə ilə bağlı narahatlıqlarının əsaslı olduğuna inandıra bilməyib". Aparılan danışıqlar uğurlu olsaydı belə, başqa bir çox problem ortaya çıxardı. Bəs bunlar Britaniya ilə Aİ arasındakı əlaqələrdə "əsaslı dəyişiklik" səviyyəsinə çıxa bilərdimi?
Mühafizəkarlar partiyasının 2015-ci il bəyannaməsi:
Biz sizə Aİ üzvlüyündə qalıb-qalmamağa qərar vermək imkanı verəcəyik. Növbəti Parlamentin birinci sessiyasında Britaniyanın Aİ-yə üzvlüyü ilə bağlı referendumun 2017-ci ilin sonuna qədər keçirilməsi haqqında qanun layihəsi verəcəyik. İqtisadiyyatımızı avrozonanın növbəti inteqrasiyasından qoruyacağıq. Avrozonanın inteqrasiyasının vahid bazarın bütövlüyünə və ya Birləşmiş Krallığa hər hansı bir şəkildə ziyan vurmasına imkan verməyəcəyik. Brüsseldən səlahiyyətlərimizi geri tələb edəcəyik. Biz milli parlamentlərimizin Avropanın istənməyən qanunlarına qarşı birgə çalışa bilmələrinin tərəfdarıyıq və "ittifaq ölkələrinin daha da yaxınlaşdırılması"ndakı öhdəliyimizə son qoymaq istəyirik. Biz ticarətin qarşısındakı maneələri dəf edərək və yeni sektorların Britaniya şirkətlərinə açılmasını təmin edərək vahid bazarı genişləndirmək istəyirik.
Mühafizəkarların 2015-ci il üçün seçki bəyannaməsi
Digər Avropa liderləri Devid Kemeronun Aİ-də qalmaq üçün necə səylə mübarizə aparacağından əmin deyillər. Rəhbərlik etdiyi partiyanın mühüm bir hissəsi onun baş nazir kimi tərəfsiz qalmalı olduğunu düşünür. Brüsseldə belə bir fikir var ki, Devid Kemeronun təkcə müzakirələrin yenidən başladılması üzrə yox, eyni zamanda Britaniyanın gələcəyinin Avropa layihəsi ilə bir olduğu düşüncəsi üzrə təşviqat aparması mühümdür. Baş nazir elə burda çıxılmaz vəziyyətə düşür: Britaniyanın ittifaqda qalmasının tərəfdarı olanların qalib gəlmələri üçün Devid Kemeronun inam yaratması lazımdır. Ancaq o nə qədər güclü mübarizə apararsa, öz partiyasını parçalamaq riski o qədər böyükdür. Britaniyalı siyasətçi Liam Foks bildirir: "Dəstəkləməyə dəyəcək istənilən razılaşma Aİ sazişlərinin dəyişdirilməsini tələb edəcək. Əgər bizim danışıqlarımız bunu tələb edirsə, referendum keçirilməzdən əvvəl bu dəyişiklik edilməlidir." Dəyişiklik avrozonanın inteqrasiyası üçün zəruri olsa da, 2017-ci ildən əvvəl baş tutmayacaq. "UK in a Changing Europe" ("Dəyişən Avropada Birləşmiş Krallıq") təşəbbüsünün rəhbəri Anand Menon məsələ ilə bağlı bildirib ki, saziş dəyişikliyinin baş nazir tərəfindən qoyulan zaman çərçivəsində baş tutması qeyri-mümkündür, çünki üzv dövlətlərin bir çoxu belə bir prosesi başlatmaqla razı deyil. Britaniya hökumətinin nəzərə aldığı faktorlar arasında qaçqın böhranı da var. Bu böhran Aİ-ni Britaniya ilə uzlaşmağa razı sala bilər. Keçirilən ən son rəy sorğuları göstərir ki, yay ərzində Aİ üzvlüyündə qalmaq əleyhinə fikirlər artıb. Bütün bunlara baxmayaraq, hökumət Aİ ilə əlaqələrini əsaslı şəkildə dəyişmək planını üzə çıxarmalı olacaq – həmin vaxt sürətlə yaxınlaşır.
"Mashable"nin məlumatına görə isə Britaniyanın baş naziri Devid Kemeron bildirir ki, Avropa İttifaqı Britaniyanın Brüssellə əlaqələrinə yeni məna qazandıracaq və Birləşmiş Krallığa digər üzv dövlətlərdən gələn miqrantlara verilən üstünlükləri məhdudlaşdırmaq imkanı verərək sərbəst hərəkət prinsipini məhdudlaşdıracaq "geri dönüşü olmayan dəyişikliklər"lə razılaşmalıdır. Britaniya 2017-ci ilin sonuna qədər Aİ-ni tərk edib-etməmək haqqında qərar qəbul etmək üçün referendum keçirəcək. Kemeron Birləşmiş Krallıq üçün daha böyük muxtariyyət verilməsi şərtilə, ittifaqda qalmaq tərəfdarı olduğunu deyir. Baş nazir ölkənin ittifaqı tərk etmək üçün səs verəcəyi halda ikinci bir referendum keçirilməyəcəyini bildirib: "Bu, ölkəmiz üçün böyük bir qərar, bəlkə də, həyatımızda atacağımız ən böyük addımdır. Buna görə də, yekun qərardan dönməyəcəyik." Devid Kemeron "Ctatham House" təşkilatındakı çıxışında qeyd edib ki, Britaniya kimi avrodan istifadə etməyən ölkələr üçün müdafiə, süründürməçiliyin azaldılması və milli parlamentlərə Aİ tərəfindən qoyulan qaydalardan imtina edə bilmək səlahiyyəti verilməsi kimi sahələrdə dəyişiklik edilməsini istəyir. "Biz əzəmətli, müstəqil bir ölkəyik və belə də qalmaq istəyirik" – Kemeron Britaniyanın Aİ-nin getdikcə daha da yaxınlaşan ittifaqa çevrilmə öhdəliyindən azad olmaq istədiyini vurğulayaraq deyib. Ən mübahisəli məsələ isə Kemeronun Britaniyanın "sərbəst hərəkət hüququndan sui-istifadə hallarını aradan qaldırmaq və Avropa İttifaqından miqrasiyanı idarə edə bilmək" istədiyini deməsi olub. O, Aİ miqrantlarına vergi kreditləri verilməsinə və Britaniyaya gələn işçilərə ilk dörd il ərzində pul ödənilməsinə qadağa qoyulmasını istədiklərini deyib. İşçi qüvvəsinin azad hərəkətini ittifaqın məhək daşı hesab edən Aİ liderlərinin bununla razılaşma ehtimalı olduqca aşağıdır. Kemeron bildirib ki, 27 üzvün hamısının Britaniyanın tələbləri ilə razılaşmasını təmin etmək çətin ola bilər, ancaq bu, "Mümkünsüz Missiya" da deyil.